Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova Qazaxıstan Respublikasının “Şərəf” ordeni təqdim edilib
Oqtay Əsədov dövlət siyasətində və ictimai fəaliyyətdə xidmətlərinə, ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlararası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə bu ordenlə təltif olunub.
AzərTAc xəbər verir ki, orden fevralın 2-də Milli Məclisin sədri Oqtay Əsədova Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə təqdim edilib.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olduğunu və strateji xarakter daşıdığını qeyd edib. O, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.
Oqtay Əsədov əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib.
Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin ölkəmizə növbəti səfərindən məmnunluğunu bildirib. Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın, xüsusilə də parlamentlərarası əlaqələrin inkişaf etdiyini vurğulayan Nurlan Niqmatulin bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...