Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Said Xan Mohmand Strateq.az saytına müsahibəsində son vaxtlar ABŞ-Pakistan münasibətlərində yaranmış gərginliyin əsas səbəblərindən tutmuş, Pakistan-Hindistan, Pakistan-Çin və Pakistan-Azərbaycan əlaqələrinə dair bir çox məsələlərlə bağlı suallara cavab verib
– Cənab səfir, 2018-сi il ABŞ-Pakistan münasibətləri üçün xoş olmayan sürprizlə başlayıb. ABŞ rəsmi İslamabada ayrılması nəzərdə tutulan 2 milyard dollar hərbi yardımı verməkdən imtina edib. Prezident Tramp İslamabadı “yalançılıqda” ittihamlayıb. Doğurdanmı, ikitərəfli münasibətlərin bu qədər pisləşməsinə obyektiv səbəblər vardı?
– 70 ildən çoxdur ki, ABŞ və Pakistan arasındakı münasibətlər mövcuddur. İllərdir ki, bir-birini tanıyır, iki ölkə həmişə bir-birinə kömək edib. Pakistan həmişə Amerikaya dəstək olub. İlk növbədə ABŞ-ın Əfqanıstanla bağlı müharibəsində ABŞ-a dəstək nümayiş etdirib. 11 sentyabr hadisələrindən sonra Pakistan ABŞ-a öz dəstəyini terrora qarşı mübarizə apararaq bildirib. Əslində, Pakistan Amerikaya güclü ölkə kimi baxır. İl ərzində iki ölkə arasında ticarət dövriyyəsi 6-7 milyard ABŞ dolları olur. Hərbi sahədə yüksək münasibətlər, tərəfdaşlqlar var. Lakin bütüb ölkələr arasında münasibətlər necə yüksəlib-enirsə, eləcə də ABŞ-la Pakistan arasında münasibətlər yüksəlib-enə bilər.
– Deyirsiniz ki, münasibətlərin bu cür soyumasında xüsusi səbəb yoxdur?
– Bir az əvvəl dediyim kimi, 11 sentyabr hadisələrindən sonra Pakistan terrorla mübarizə aparan ölkələr arasında ilk sırada olub. Bu da onu göstərir ki, biz çox itki vermişik. Məsələn, ticarət sahəsində 200 milyard dollara yaxın itkimiz olub, terror aktları zamanı 7 min dinc sakin, hüquq-mühafizə və hərbi sahədə çalışan 6 min insan həlak olub. Terrorla mübarizə aparan ölkələr arasında ən çox Pakistan itki verib. ABŞ liderləri, siyasətçiləri də dəfələrlə ölkəmizə səfərləri zamanı etiraf ediblər ki, Pakistan xalqının terrorla mübarizdə böyük itkiləri olub. Keçmiş prezident C.Buş çıxışlarında vurğulayırdı ki, Pakistan terrora qarşı mübarizə aparan ölkələri arasında ən vacib yeri tutur.
Son 70 ildə Pakistanın həmçinin Çinlə yaxşı əlaqələri var. Pakistan özü imkan yaratdı ki, ABŞ-la Çin arasında qapılar açılsın. Lakin son 10 il ərzində Hindistanın Əfqanıstanda böyük gücü olması səbəindən, bizim də hazırda Hindistanla Kəşmir mübahisəmiz olduğundan, bölgədə sabitlik pozulur. Biz Əfqanıstanda sülh müşahidə etmək istəyirik. Hər hansı bir dəyişiklik olduğu üçün, qonşu olduğumuzdan, bu, bizə də təsir göstərir.
Son 38 il ərzində – sovet ordusu Əfqanıstana daxil olduğu zamandan, 1979-cu ildən etibarən – ölkəmiz Əfqanıstandan 3 milyon 500 min qaçqın qəbul edib. 500 milyon dollara yaxın onlara kömək etmişik. Müxtəlif ali məktəblərimizdə mühəndis, tibbi sahədə əfqan tələbələr təhsil alıb. Amma Hindistan Əfqanıstandan heç bir qaçqın qəbul etməyib.
Hazırda prezident Tramp Əfqanıstanı terrorizmdə günahlandırır, öz günahını Pakistanın üzərinə atır. Əgər Amerika elə bir gücə malikdirsə və talibanlara qarşı mübarizə apara bilmirsə, Pakistan bunu necə aparsın? Pakistanlılara ehtiyac yoxdur ki, gedib Əfqanıstanda amerikalılara qarşı teraktlar təşkil etsin. Ölkənin 40 faizinə taliban rəhbərlik edir. Pakistan tərəfi Əfqanıstanla sərhəddə səd çəkmək istəyir. Amma Amerika və Əfqanıstan buna qarşıdır. Pakistan tərəfi də heç zaman icazə verməyəcək ki, Əfqanıstanda olan müharibə Pakistana keçsin.
– Ara-sıra Əfqanıstan rəsmiləri taliban liderlərini öz ərazisində gizlədiyi, onlara dəstək verdiyi üçün Pakistanı ittiham edir…
– Pakistanın onlara ehtiyacı yoxdur. Az əvvəl dediyim kimi, ölkənin 40 faizinə rəhbərlik talibanın əlindədir. Buna görə də, öz günahlarını Pakistanın üzərinə atmağa çalışır. 40 ildir bu mübarizə davam edir. Buna görə də, Pakistan sərhəddə səd çəkməkdə israrlıdır.
– Pakistan ABŞ-ın Əfqanıstan siyasətini necə qiymətləndirir? Prezident Tramp, faktiki olaraq, strategiya dəyişikliyinə getdi və ABŞ hərbi kontingentini Əfqanıstanda saxlamaq qərarı verdi…
– Amerika talibanlara qarşı çıxmaq istəyir, amma bu, mümkün olmadıqda, onlara ağır gəlir. Son 11 ildə baş verənlər göstərir ki, əfqanlar mübariz xalqdır. Onlar heç zaman Amerikanın əsarəti, rəhbərliyi altına yaşamağı qəbul etməyəcək.
– ABŞ-ın son addımından sonra nüfuzlu beynəlxlaq nəşrlər və bir çox ekspert qeyd edir ki, Pakistan bundan sonra daha çox Rusiya və Çinlə əməkdaşlığa üstünlük verəcək…
– Əslində 70 ildən çoxdur Çin bizim stateji tərəfdaşımızdır. Son illər ABŞ özünə strateji tərəfdaş kimi Hindistanı görür. Bu da bizim üçün qəbulolunmazdır. Çünki Hindistan bizim düşmənimizdir. Amerika Rusiyaya sanksiyalar tətbiq etdiyi üçün Rusiya ilə Çin daha da yaxınlaşıb. Biz də Çinlə əlaqələrimizin daha da yaxınlaşmasına çalışacağıq.
– Qeyd olunur ki, Çin Pakistana infrastruktur layihələri üçün 55 milyard ayırmaq niyyətindədir. İslamabad iqtisadi baxımdan Pekindən asılı vəziyyətə düşə bilərmi?
– Əslində o məbləğ sırf İslamabada ayrılmayıb. Bu, Çin-Pakistan dəhlizinin inkişafı üçündür. Bu məbləğ Çindən Qvadar dəniz limanının (Gwadar Sea Port), dəmir yolunun, energetika sahəsinin inkişafı, sənayenin gücləndirilməsi üçün nəzərdə tutulub. Bu layihə reallaşarsa, insanlar üçün çoxlu iş yerləri yarana, ticarət dövriyyəsi arta bilər. Çinin Pakistana bu imkanları yatarması da HindisTan və Amerikanı qıcıqlandırır. Çinin 3 trilyon dollar ayırdığı “Bir kəmər-bir yol” adlı layihəsi də var və bu layihədə Asiya, Afrika qitəsindən 66 ölkə əməkdaşlıq edəcək.
– Dediniz ki, Çinin Pakistana imkanlar yaratması ABŞ və Hindistanı qıcıqlandırıb. Belə olan təqdirdə, Amerika layihənin yubadılması, təxirə salınması, həyata keçməməsi üçün Çinə təzyiq edə bilərmi?
– Yox, düşünmürəm. Çünki bu dəhlizin yaradılması sırf Çinin xeyrinədir. Əgər bu yol olmasa Çin hansısa neftin daşınması üçün 14 min km qət etməlidir. Amma bu limanın yaradılması ilə neft 3-4 günə Şanxaya gedib çata bilər. ABŞ da Çinin inkişafına qarşı olaraq Hindistandan istifadə etmək istəyir. Onlarla hərbi əməkdaşlığa başlayıb. Əslində, Hindistanın regionda hər zaman hegemon planları olub.
– Pakistan və Hindistan əzəli düşməndirlər. Qarşılıqlı səfərlər zamanı viza problemi necə həll olunur? Məsələn, Hindistana getmək istəyən Azərbaycan vətəndaşlarına bu ölkənin Azərbaycandakı səfirliyindən viza alarkən, doldurulmalı olan anketdə belə suallar verilir: Pakistanda olmusanmı, bu səfər nə məqsədlə həyata keçirilib və ya orada qohumların varmı və s…
– Pakistan və Hindistan illərlə qonşu olub. Son 70 ildə Kəşmirlə bağlı mübahisəsi yaranıb. Hazırda gərginlik davam edir. Kəşmir də, Dağlıq Qarabağ kimi, həll olunmamış bir məsələdir. BMT-nin 4 qətnaməsi var ki, Hindistan bunu yerinə yetirməkdən, həmçinin danışıqlar aparmaqdan imtina edib. Hərtərəfli bu mübahisənin həllindən qaçır. Lakin iki ölkə arasında viza verilməsi ilə bağlı müqavilə mövcuddur. Hər iki tərəfin bu ölkələrdə qohumları var. Turistlik deyil, amma ailə və dini ziyarətə icazə verilir. Biz Hindistanı dünyada düşmən deyil, dost kimi tanıtmaq istəyirik. Biz hərbi sahəyə qoyduğumuz vəsaiti başqa sahələrə qoyub o sahələri daha da inkişaf etdirə bilərik. Biz onları dəfələrlə BMT-nin qətnamələrinə riayət etməyə çağırmışıq, bu problem sülh yolu ilə həll olunsa, iki xalq da firavan yaşaya bilər. Son bir il ərzində Hindistan 900 dəfə atəşkəsi pozub. Qarşı tərəfdən 54 dinc sakin yaralanıb. Hətta keçən il Hindistanın Hərbi Hava Qüvvələri komandanı Pakistanda agent kimi yaxalanıb. Hindistan tərəf əvvəl bunu inkar etsə də, sonradan qəbul edib. Pakistan onun ailəsi ilə görüş üçün hətta şərait də yaradıb.
– Pakistan bu gün İslam dünyasında baş verənləri necə qiymətləndirir? Məsələn, Suriyada, Yəməndə, Liviyada baş verənləri… Bu ölkələrdəki qarşıdurmaları hansı səbəblərlə izah edərdiniz? Yəni İslam aləmində dincliyin, əmin-amanlığın bərqərar olmasına, Sizcə, mane olan əsas amillər hansılardır?
– Əslində baş verənlər İslam dünyası üçün yaxşı dəyişikliklər deyil. Pakistan, müsəlmanların sayına görə, İndoneziyadan sonra dünyada ikinci dövlətdir. İslam dünyasında baş verənlərlə İslam dünyasını iki yerə bölməyə çalışırlar. Əvvəl sünni-şiə məsələsiylə çalışdırlar, indi də bir koalisiya yaradıblar – bir yanda Qətər, digər tərəfdə Səudiyyə Ərəbistanı. Bütün bunlar İslam dünyasının gücünü zəiflətmək üçündür. Hazırda İslama təkcə din kimi baxmırlar. Əgər sən müsəlmansansa, sənə həm də terorçu kimi baxırlar. İslam sülh dinidir. Amma onlar göstərmək istəyir ki, İslam terror dinidir. Baş verənlər böyük bir planın bir hissəsidir. Azərbaycan 2017-ci ili İslam Həmrəylik İli elan etdi və biz bunu yüksək qiymətləndiririk. Bu, müsəlman ölkələrini bir-birinə daha da yaxınlaşdırmaq, birliyi gücləndirmək üçün çox gözəl addım idi.
– Azərbaycandan söz düşmüşkən, ölkəmizlə ikitərəfli əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Xüsusən iqtisadi və hərbi-texniki sahədə əməkdaşlığın inkişafı üçün hansı perspektivlər var?
– Pakistanla Azərbaycan arasında münasibətlər günbəgün güclənir. Son 25 il ərzində – diplomatik münasibətlərin qurulduğu andan indiyədək, Pakistanın 4 prezidenti, 2 baş naziri Azərbaycanda səfərdə olub. Parlamentlərarası Dostluq Qrupu mövcuddur, Hökumətlərarası Birgə Komissiyanın iclasları keçirilir. Sonuncu görüş Pakistanda olub, növbəti görüşün Azərbaycanda keçirilməsi gözlənilir. 4-6 aprel tarixində Pakistan Xarici İşlər nazirinin Azərbacana səfəri gözlənilir. Bizim iki ölkə lideri, rəsmilər, xalq arasında çox gözəl münasibətlərimiz var. Amma iqtisadi, ticari sahələrdə münasibətlər elə də yüksək səviyyədə deyil. Bu sahəni daha da gücləndirə bilərik.
– Bu sahələri gücləndirməyə nə mane olur ki?
– Ticari sahədə inkişafın zəif olmasının səbəblərindən biri odur ki, Pakistan uzun illər Əfqanıstan probleminə cəlb edildi, başı buna qarışdı. Azərbaycanın bu sahədə əməkdaşlığı Türkiyə, Rusiya, İran, Avropa ilə olub. Biz indi çalışırıq ki, diqqəti ölkələrimiz arasında ticarət sahəsinə yönəldək. Keçən il 700-dən çox pakistanlı iş adamı Azərbaycanın İslamabaddakı səfirliyindən viza əldə edib. İyul ayında kənd təsərrüfatı sərgisi keçirəcəyik. Pakistandan əczaçılıq məmulatları, tibbi avadanlıqlar, geyim, idman malları, düyü ixrac etmək niyyətindəyik. Bu il ərzində birbaşa uçuşumuz gözlənilir. Bununla bağlı Pakistanın "Şahin" Hava Yollarının ("Shaheen Air") nümayəndələri iki gün əvvəl Azərbaycana gəlib. Bu hava yolları ilə "Silk Way" Hava Yolları aprel və ya may ayında Bakı-İslamabad, Bakı-Karaçi birbaşa reys həyata keçirəcək.
– Pakistan hər zaman Azərbaycana Qarabağ nizamlanmasında tam dəstək ifadə edib. Pakistanın Azərbaycan cəmiyyətində çox böyük nüfuzu var. İslamabad Qarabağ münaqişəsində nə kimi hərbi-texniki dəstək verməyə hazırdır?
– Hərbi sahədə gözəl əlaqələrimiz var, amma bunun detallarını açıqlamaq istəmirəm.
MilliYol.Az
Digər xəbərlər
loading...