Rusiyada “Stranı mira” adlı ensiklopediya çap edilib. Bu ensiklopediyada “Dağlıq Qarabağ Respublikası” adlı “dövlətin” mövcud olması haqqında informasiya gedib
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, “Starnı mira” ensiklopediyasının doqquzuncu səhifəsində Azərbaycan Respublikası haqda məlumatdan sonra Dağlıq Qarabağ dövlətinin olması haqda məlumat yer alıb:
“Əgər biz indi buna reaksiya verməsək, gələcəkdə bu, sənəd kimi ortaya çıxacaq. Dünya birliyi, BMT belə bir dövləti tanımır. Fikrimcə, biz parlamentlərarası dostluq qrupu, səfirlik və ya Xarici İşlər Nazirliyi vasitəslə buna cavab verməliyik. Belə bir dövləti nə Rusiya, nə də Ermənistan Respublikası tanıyır. Lakin kitablarda bu haqda yazırlar. Bunun qarşısı alınmalıdır. Ümumiyyətlə, bu ensiklopediya satışdan yığışdırılmalıdır. Biz bu məsələni qaldırsaq, o kitab satışdan yığışdırılacaq”.
***
Bu məsələ Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin diqqətindədir. Səfirlik məsələni araşdırır və zəruri addımlar atılır.
Bunu Teleqraf.com-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Qeyd edək ki, Rusiyada nəşr olunan “Stranı mira” adlı ensiklopediyada qondarma Dağlıq Qarabağ rejimi müstəqil dövlət kimi təqdim olunub. Məsələni Milli Məclisin iclasında deputat Nəsib Məhəməliyev qaldırıb.
H.Hacıyev qeyd edib ki, bu kimi halların arxasında bilavasitə erməni lobbisi dayanır:
“Onlar təkcə Rusiyada deyil, dünyanın başqa yerlərində də hər bir vəchlə – bütün fürsətlərdən istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, ümumiyyətlə regionda mövcud olan vəziyyəti təhrif etməyə səy göstərirlər. Bu, təkcə çap mediasında, çap materiallarında deyil, elə vikipediyanın özündə, yəni onlayn mediada da davamlı şəkildə özünü göstərməkdədir. Ona görə də bu məsələ daim diplomatik nümayəndəliklərimizin gündəmindədir. Bununla yanaşı biz geniş anlamda Azərbaycan ictimai dairələrinin, vətəndaş cəmiyyəti qurumlarının, diaspor təşkilatlarının, xaricdə təhsil alan azərbaycanlı tələbələrin də bu məsələdə maksimum dərəcədə fəal olmalarını və belə hallar baş verdiyi təqdirdə onun yerindəcə qarşısnın alınması üçün səylərin səfərbər edilməsini vacib hesab edirik”.
H.Hacıyevin sözlərinə görə, müsbət haldır ki, bu istiqamətdə müəyyən əlaqələndirmə var:
“Mediamızın da fəaliyyətini yüksək qiymətləndiririk ki, mediamız bu xəbərə çox həssas yanaşır və belə faktlar aşkara çıxdıqda ona ictimai yük verilir. Yəni, bu bir qədər geniş spektrli işdir. Ona görə də hamımız həmrəy bir şəkildə erməni lobbisinin təxribatları, yalanları ilə mübarizə aparmalıyıq”.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...