Kayrat Boranbayev “Erməni inkişaf təşəbbüsləri” (İDeA)” fondunun tərəfdaşıdır; bundan əvvəl 2015-ci ildə Ermənistana və Dağlıq Qarabağa səfər də edib; qondarma rejiminin layihələrinə maliyyə ayırmaqla Boranbayev ermənilərin işğalı faktını leqallaşdırma siyasətini dəstəkləyir
2018-ci il yanvarın 31-də “Forbes Qazaxıstan” jurnalının “Erməni inkişaf təşəbbüsləri” (İDeA) fonduna istinadən verdiyi məlumata görə, Qazaxıstanın ən varlı adamlarından biri, biznesmen Kayrat Boranbayev işğal altında olan Şuşanın “Gövhər Ağa” məscidinin bərpasını maliyyələşdirəcək. Fondun Facebook səhifəsində verilən məlumata görə o, abidənin bərpasına maliyyə ayırmaq arzusunu bildirib. İddia edilir ki, bu proqram həm də region və Şuşanın tarixi, o cümlədən, turistik irsini təqdim etməyə, “Artsax turizmi xəritəsində” yeni mərkəzin yaradılmasına imkan verəcək.
Musavat.com bildirir ki, bu barədə ilk məlumat fondun saytında hələ 2017-ci ilin iyunun 28-də gedib. Jurnalın yazdığına görə, məscidin bərpasına 2007-ci ildə başlanıb, 2017-ci ildə “Dağlıq Qarabağın iqtisadiyyat nazirliyi”nin sifarişi ilə iranlı mütəxəssislər məscidin bərpası ilə əlaqədar layihə işlərini yekunlaşdırıblar.
Aşağı Gövhər ağa məscidi
Məlumatın ağrılı tərəfi odur ki, K.Boranbavev Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qudasıdır, onun qızı Dariqa Nazarbavevanın ortancıl oğlu Aysultanın qaynatasıdır. “Forbes Qazaxıstan” jurnalının reytinqində ölkənin ən varlı 50 adamından 13- cüsüdür. Sərvəti 430 milyon ABŞ dollar həcmində dəyərləndirilir. “ELI, Esentai Tower”, “TPIJ, Esentai Mail”, “TP1J “AjiManbi” kimi müəssisələrin sahibidir. Qazaxıstan, Belarus və Rusiyada McDonalds restoranlar şəbəkəsinin françayzing hüququna sahibdir. Qazax mediası ancaq 2013-cü ildə, qızı Alima Boranbayeva Аysultan Nazarbayevə ərə gedəndən sonra onun barəsində danışmağa başlayıb.
Ermənilərlə əlaqəsi
Kayrat Boranbayev - “Erməni inkişaf təşəbbüsləri” (İDeA)” fondunun tərəfdaşıdır. Erməni soyqırımının tanınması ilə bağlı keçirilən illik “Avrora mükafatı” təşəbbüsünün donorlarından biridir. Digər məlumatlara görə K. Boranbayev bundan əvvəl 2015-ci ildə Ermənistana və Dağlıq Qarabağa səfər də edib.
“Ermənistanın İnkişafı üçün Təşəbbüslər Fondu” (İnitiatives for Development of Armenia İdeA) - Rusiyada yaşayan Ruben Vardanvan və onun yoldaşı Veronika Zonabend tərəfindən təsis edilib. Bundan başqa, R. Vardanvan 2015-ci ildən “Avrora mükafatı”nın həm təsisçisidir. “Forbes” jurnalına əsasən, R. Vardanyan Rusiyanın ən zəngin 200 sahibkarı arasında 99-cu yerdədir və onun kapitalı 950 milyon ABŞ dolları məbləğində qiymətləndirilir. O, K. Boranbayevə məxsus “AjiMajibi” şirkətinin tədbirlərində iştirak edib.
Yenidən Rahat Əliyev sindromu?
Musavat.com bildirir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi həmişə prinsipiallığı ilə seçilib. Ermənistan Avrasiya İttifaqına qoşulmazdan əvvəl Nazarbayev siyasi iradə göstərərək Ermənistanın təşkilata yalnız rəsmən tanınmış beynəlxalq sərhədləri çərçivəsində, yəni Dağlıq Qarabağsız daxil ola biləcəyini bəyan etmişdi. O zaman erməni mediasında Nazarbayev əleyhinə başlamış kampaniya bu günədək davam edir. Bu kampaniya səbəbindən Qazaxıstan prezidenti KTMT-in 2016-cı ilin oktyabrında keçirilmiş İrəvan sammitinə qatılmamışdı. Hələ 1991-ci ilin 21-23 sentyabrında Rusiya prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsi regionuna səfər etmiş, səfərin yekununa əsasən, 1991-ci il sentyabrın 23-də Jeleznovodskda iki prezidentin birgə Kommunikesi imzalanmışdı. Həmin sənəd Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan ilk belə beynəlxalq sənəd idi. Nazarbayevin sonralar da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli və prinsipial mövqeyinin dəfələrlə şahidi olmuşuq. Ən yüksək beynəlxalq kürsülərdə Nazarbayevin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çıxışları, bu istiqamətdə səsləndirdiyi bəyanatlar birbaşa hədəfinə çatıb. 2017-ci il aprelin 2-4-də Nazarbayevin Azərbaycana rəsmi səfəri dövlətlərimiz arasında etimadı, inamı daha da gücləndirdi və iki qardaş ölkənin münasibətlərində yeni mərhələ yaratdı. Səfər zamanı Qazaxıstan prezidentinin Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi bir daha ölkələrimizin qarşılıqlı münasibətlərinin yüksək səviyyədə olmasını göstərdi.
Ola bilər ki, Boranbayevin “özfəaliyyətinə” təkcə ermənilərlə işgüzar münasibətləri yox, Rusiyada geniş biznes şəbəkəsinə malik olması, İranın isə “Qarabağdakı fars abidələri”ni bərpa etmə təşəbbüslərini geniş reklam etməsi kimi amillər də təsir göstərib. Amma kim qarantiya verir ki, bu kimi amillərə görə Boranbayev və ya başqa bir iş adamı Krımda, digər işğal edilmiş ərazilərdə fəaliyyət göstərməyəcək. O halda ölkəsinə qarşı mənfi münasibətə səbəb olacağını proqnozlaşdırmaq elə də çətin deyil. Bütün hallarda biznes maraqlarını öz ölkəsinin siyasi maraqlarından üstün tutan bir şəxsin Nazarbayev kimi müdrik siyasətçinin ailəsinin üzvü kimi çıxış etməsi təəssüf doğurur. Güman etmək olar ki, Boranbayevin yanlışlarının qarşısı alınacaq, dost və qardaş qazax xalqı ikinci Rahat Əliyev sindromu yaşamayacaq.
Xatırladaq ki, Şuşanın yuxarı məscidinin tikintisi 1883-cü ildə memar Kərbəlayi Səfi Qarabaği tərəfindən tamamlanıb (Yeri gəlmişkən memar “Forbes Qazaxıstan” nəşrində “fars memarı” kimi təqdim olunur ki, bu da erməni təxribatının davamıdır). 1992-ci ildə Şuşanın işğalından sonra yarıuçuq vəziyyətdə qalan məscid hazırda erməni işğalçıları tərəfindən fars memarlıq abidəsi kimi təqdim edilir. Məscid bərpa olunduqdan sonra iranlı turistlərin cəlb edilməsi üçün istifadə olunacağı barədə məlumatlar verilir.
MilliYol.Az
Digər xəbərlər
loading...