Səudiyyə Ərəbistanında geniş antikorrupsiya kampaniyası nəticəsində 106.7 milyard dollar əldə edilib, krallığın baş prokuroru bildirib
Şeyx Səud əl-Mocib deyib ki, noyabrın 4-dən bəri dindirilməyə çağırılmış 381 nəfərdən 56-sı hələ də həbsdə qalmaqdadır.
Qalanları isə ya onlara qarşı iddia qaldırılmadan buraxılıb, ya da onlara qarşı irəli sürülmüş iddialarla razılaşaraq məsələni, aktivləri hesabına ödəməklə həll edəndən sonra azadlığa buraxılıblar.
Şeyx Mocib heç bir ad çəkməsə də, xəbərlərə görə, kampaniya zamanı saxlanılmış şəxslər arasında şahzadələr, nazirlər və biznesmenlər var.
Son günlərdə həbsdən azadlığa çıxanlar arasında miyarder investor şahzadə Əl-Valid bin Talal və MBC Ərəb peyk televiziya şəbəkəsinin sahibi Əl-Valid əl-İbrahim də olublar.
Onlar Ər-Riyadın diplomatik məhəlləsində yerləşən Ritz-Carlton Hotel mehmanxanasında saxlanılıblar.
Hər ikisi günahsız olduqlarında təkid edib, lakin Sədiyyənin rəsmi dairələrindəki mənbələrə görə, həmin şəxslər açıqlanmayan "pozuntulara" yol verildiyini etiraf etdikdən sonra, məsələnin ödəniş etmək yolu ilə həllinə razılıq veriblər.
Azad edilmiş digər şəxslər arasında mərhum kral Abdullahın oğlu şahzadə Mitəb bin Abdullah da var, deyilənə görə, o öz məsələsini 1 milyard dəyərində sərvət hesabına həll edib.
Dövlət naziri İbrahim əl-Assəfə qarşı irəli sürülmüş iddialar isə pozuntu müəyyən edilmədiyinə görə ləğv olunub.
Şeyx Mocib bildirib ki, iddiaları ödəniş yolu ilə həll etməkdən imtina edən 56 şəxs "digər cinayət işləri və ya istintaqın davam etdirilməsi məqsədi ilə" hələ həbs altında qalmaqdadırlar.
Onların gələn ay Ritz-Carlton mehmanxanasından həbsxanaya köçürülməsi gözlənilir.
Ötən həftə maliyyə naziri Məhəmməd əl-Jadaan deyib ki, antikorrupsiya kampaniyasının gedişində əldə edilmiş vəsait dəyəri 13,3 milyard olan və Səudiyyə vətəndaşlarının qiymətlərin bahalaşmasına duruş gətirməsinə yardım göstərmək məqsədi daşıyan proqram üçün istifadə olunacaq.
Səudiyyə Ərəbistanında antikorrupsiya kampaniyası kral Salmanın 32 yaşlı, oğlu vəliəhd Məhəmməd bin Salmanın təşəbbüsü ilə keçirilir.
O, bu kampaniyanın onun, hakimiyyətini möhkəmləndirmək məqsədi daşıması barədə təhlilçilərin iddialarını "gülməli" adlandırıb.
Vəliəhd bildirib ki, kampaniya gedişində həbs altına alınanların çoxu, 2017-ci ilin iyun ayında o, hakimiyyətə gəldikdən sonra ona sədaqətlik andı içiblər (BBC).
MilliYol.Az
Digər xəbərlər
loading...