Kulis.az Dalğa Xatınoğlunun “Kunderanın variantları” essesini təqdim edir
Qısa desəm, durumun dəyişkənliyinin insan xarakterinə buraxdığı ətkini, uzmancasına göstərən yazardır
Başqa sözlə, bir az bəsit desəm, Milan Kunderanın yaratdığı xarakterlərin vücudu, situasiyadan yaranan və ondan asılı olan variantlardırlar, sırf bir variant.
O, gerçək haqda, insanların vücudu haqda deyil, sırf varlıq haqda danışır.
Xarakterləri haqqında da çox cüzi məlumat verir, onun üçün xarakterlərin özü yox, varlıqları önəmlidir.
Bir neçə məqaləsini, müsahibəsini oxudum, özünə də romanlarındakı xarakterlər kimi davranır, yəni nə özü haqda, nə keçmişi ilə bağlı danışmaqdan boyun qaçırır.
Yəqin Kundera da, Qüstav Floberin ideyasını qulağına əbədi sırğa edib: "Yazar yaratdığı xarakterin arxasında özünü gizlətməlidir.”
Bioqrafiyası ilə əsərlərindəki xarakterləri qarşılaşdırsaq, xarakterlərin hamısı Kunderanın vücudunun bir variantıdır, təkcə durumlar fərqli olduğu üçün, çeşidli xarakterlər ortaya çıxıb, onların hər biri Kundera ola bilərmiş.
Buna görə, Kundera heç vaxt həqiqəti göstərmək, yoxsa incələməyə çalışmır, çünki durum dəyişdikcə, insanlar dəyişir və insan dəyişdikcə, həqiqət də dəyişilir.
“Zarafat” (The Joke) romanında açıq görürük ki, bir insanın faciəsi, nəinki başqasının zarafatından yarana bilər, hətta başqalarına zarafat kimi də görünə bilər.
Alman filosofu Fredrix Nitsşe demişkən, hər kəsin öz həqiqəti varsa, demək sonsuz həqiqətlər var, yəni mütləq həqiqət yoxdur.
Bu növ baxış, bu gün, sadə və çoxlarına bəlli bir konu kimi görünür, ancaq dərin baxanda, Kunderanın bu baxışdan yazıya yanaşması, bütünlüklə modern ədəbiyyatın söykəndiyi təməlləri sarsıdır.
Modern ədəbiyyatda, insan mərkəzdədir, onun keçmişi, hissləri, nə düşündüyü, çatdığı həqiqətlər, onun əzabı və sevinci olduqca incələnib, çözülür, ancaq Kunderanın əsərlərində hər xarakter sırf hansısa bir durumdan yaranan və asılı variantdır.
Postmodernizm
Dəqiq demək olmaz, yəni təzadlı faktlar çoxdur, ancaq məncə postmodernizm modernizmin içində yaranmış və tərkib hissəsində olan bir axındır.
Rene Dekartın "düşünürəmsə, varam" sözündən tutan İmmanuel Kantın idraka (subyekt) olan güvənci, 19-cu əsrdən başlayaraq, sarsıldı.
Ziqmund Freyd və Karl Qustav Yunq alt-bilinc faktını ortalığa qoydular. Bizim düşüncəmiz, xarakterimiz və idrakımız, təxminən tamamilə özümüzün nəzarətimizdə olmayan alt-bilincin təsiri altındadır.
Fəlsəfə sahəsində, Nitsçe tamamilə həqiqətin üstünə qırmızı xətt çəkdi: Həqiqət yoxdur, hər kəs gəlib öz əfsanəsini yaradıb, gedir.
Digər tərəfdən, ikinci dünya müharibəsində idrakın yaratdığı modern mif və mövhumata çevrilmiş sistemin, müharibələrdə necə insanın özünə qarşı yönəldiyini açıq-aşkar görənlər, yəqin ki, həyatı sırf ağıl üstündə qurmağın sonunu gördülər.
Modernizm insanları bir insana çevirməyə, fərqləri aradan qaldırmağa çalışdı. Çünki onların fikrincə, ağıl eynidir. Yaponların ağlı amerikalılarla eynidir. Modern musiqini götürək, pop dünyanın hər yerində eyni cür ifa olunur. Şəhərləri götürək, modern memarlıq dünyanın hər yerində eynidir, Honq-Konqdakı binalar, ABŞ-dan seçilmir.
Axırda iki dünya müharibəsi və bir soyuq müharibəsindən sonra, başa düşdük ki, ağlı minlərlə element kimi, sadəcə bir arac, bir vasitədir. Məqsəd deyil.
Keçən əsrdə yazarların modern sistemə qarşı üsyanını açıq görürük, Kunderanın yazıb-yaratmağa motivi olan Frans Kafkanın “Qəsr” romanının xarakterinin adı K-dır, yalnız bir variantı, bir seçimi var: sistemə özünü uyğunlaşdırsın və tabe olsun.
Sonra individuallığa, fərdiyyətə diqqətlər yönəldi. 19-cu əsrin romanlarına baxsaq, xarakterlər haqda uzun məlumatlar verilir. Ancaq bu proses də işə yaramadı. 20-ci əsrin bir çox romanları xarakter romanının içində birdən peyda olur, bəzən hətta xarakterlərin adı yoxdur, bəzən də Kundera kimi xarakter tamamilə kölgədə qalır və əsas mövzu onların kimliyi deyil, varlığıdır.
Image result for Milan Kundera
Bundan əvvəl də, məsələn Alber Kamyunun “Yad” romanında əsas xarakter heç cür modern sistemin prinsiplərinə uyğun deyil, bir anti-qəhrəmandır, anasının ölüm günü eşqbazlığa gedir, anasının tabutuna baxanda, anasını deyil, tabuta vurulmuş mismarı düşünür, başına gün vurduğu üçün qətl törədir və s.
Sammuel Beketin "Qodonu gözlərkən" romanında iki insan bir Qodonu hər gün gözləyir, o qədər gözləyir ki, zaman anlayışı, ölçüsü əllərindən çıxır.
Alman filosofu Martin Haydeger deyirdi: "Artıq tam qaranlıq bir dalana gəlib çıxmışıq, haraya gedəcəyimizi bilmirik".
Kafka da eyni fikirdədir, roman yazmaqla bağlı deyir: "Roman yazmaq qaranlıq bir dalan kimidir, birdən bir xarakter peyda olur, necə yarandığını özün də bilmirsən".
İkinci dünya müharibəsinə qədər, bir çox modern yazarlar, modernizmin özünə qarşı radikal və inqilabi mövqe tutaraq, əsərlər yaratdılar, ancaq 60-cı illərdən sonra vəziyyət dəyişildi, artıq inqilabi deyil, yumoristik əsərlər yarandı - acı yumor. Amerikan şairi T.S.Eliot bir şeirində deyir: "Dünya partlayışla deyil, sızıltıyla bitəcək".
Yalnız ədəbiyyatda deyil, həm də digər sahələrdə, əsasən postmodernizm "Soyuq muharibə"dən sonra daha qabarıq özünü göstərdi. O zaman ki, nüvə silahları ilə dünyanın məhv olunacağı, həyatın partlayışla bitəcəyi qorxusu aradan qaldırıldı. İndi tarixin ən rahat və təhlükəsiz erasıdır, dinclik erasıdır, dəyərlər demokratiya, azad bazar və insan haqları üzərində qurulub.
Postmodernizmdə artıq, Ceyms Coysun insanın daxili dünyasını çözmək cəhdi, Tomas Manın əsərlərini miflərlə yükləməsi və həyatı izah etmək çabası, Çexov, Heminquey, Flober, Balzak kimi gerçəkliyi göstərməyə çalışmağa can atmaq yoxdur.
Postmodern yazar həqiqəti göstərməyə deyil, düşündürməyə daha meyllidir.
Kunderanın ən çox təsirləndirən avstraliyalı Herman Brox deyir ki, romanda varlığın bir gizli aspektini göstərə bilməmək, ən azından əxlaqdan kənar mövqedir.
Romanın işi, həqiqətin diktəsi deyil, oxucunun fikir üfüqlərini genişləndirməkdir.
Postmodern romanların yaranmasında, oxucunun da yazar qədər rolu var, bir çox əsərlərin hətta sonu yoxdur, əsərin necə bitməsi oxucunun özünə buraxılıb.
Yeri gəlmişkən, sənətin dəyəri onun təmsil etdiyi məktəbə görə deyil, indi də çox güclü müasir sürrealist, realist və hətta romantik yazarlar var. Markesin "Vəba illərinin eşqi" tamamilə romantik əsərdir, baxmayaraq ki, "Yüz ilin tənhalığı" bir postmodern əsərdir. Xulio Kortasar fransız sürrealistlərdən böyük təsir alıb, Oktavio Pas sürrealistdir, C.D.Selincer əsərlərini şəxsiyyət və xarakter üzərində qurub və hələ də, Salman Rüşdinin romanları sanki qədim bir əfsanənin rəvayətidir.
Demək istəyirəm ki, hansı üslubda yazılmasından asılı olmayaraq, əsas məsələ güclü bir əsərin yaranmasıdır və postmodern olub-olmamaq göstərici deyil.
Kunderanın əsərlərinə ümumi baxış
Kunderanın keçmişinin detalları haqda danışmaq səmərəsizdir, qısa desəm Çexiyada doğulub, Kommunist Partiyasından qovulub və canını götürüb Fransaya qaçıb, onun həyatı haqda bu qədər bilmək kifayət edər. Bütün əsərləri təxminən SSRİ-nin Çexiyanı işğal etməsi ilə bağlıdır, ən azı bu günlərdən bəhs edir.
Onun özü ilə bağlı, məncə ən əsas məqam budur ki, atası musiqiçi olub, özü də yeniyetmə yaşlarınadək musiqi ilə məşğul olub, sonra şeir yazıb və nəhayət roman yazmağa başlayıb.
Kunderanın əsərlərinin çoxu 7 hissəyə bölünür, hər hissə bir musiqi notu kimidir, musiqi dili ilə desək hər roman bir polifonik (çoxsəsli) əsərdir. Romanlarının dili, tamamilə şairanə, hətta musiqi dilidir.
Örnək üçün onun birinci yazdığı roman - “Zarafat” yeddi hissədən ibarətdir, hər hissədə bir xarakter danışır (bütövlüklə 4 xarakter var), ikinci hissədə ikinci xarakter danışanda, görürük ki, həqiqət başqa şey imiş, digəri danışanda görürük, əslində həqiqətin hamısı öncə danışan xarakterlərin sözlərində deyilmiş və axıra kimi roman belə gedir. Nəhayət oxucu başa düşür ki, həqiqət bunların heç birinin dediyində deyil, özünün gəldiyi qənaətdədir.
Dedim ki, postmodern romanlarda, oxucu da yazar qədər romanın yazılışında iştirak edir, bu bir nümunədir.
32 yaşında Çexyada yazdığı bu romanın qısa mesajını Kunderanın öz dilindən desək: "Bizi həyata bağlayan ən güclü ip zamanla əpriyib, məhv olur və adama qalan, axırda yalnız bir bəlirsiz nostologiyadır".
Onun son romanı "Varlığın dözülməz yüngüllüyü" də (The unbearable lightness of being) yeddi hissədən ibarətdir. Həmçinin “Ölməzlik”, "Gülüş və unutmaq" romanları 7 hissədən ibarətdir. Onun ədəbi tənqid əsərləri də "Roman yazmaq sənəti" və "Sənət və unutmaq" yeddi hissədən, həmçinin qısa hekayələr toplusu "Gülməli sevgilər" də yeddi hekayədən ibarətdir.
The Unbearable Lightness of Being.jpg
Dediyim kimi, Kundera romana bir musiqi bəstəsi kimi baxır, heç vaxt musiqi həqiqəti izah etmir, yəni bir musiqiyə qulaq asıb, onu arqumentlər və fəlsəfi düşüncəyə çevirmək olmaz, ancaq musiqi adamı düşündürür, adam hiss edir ki, hansısa həqiqətə çatıb və öz həqiqətini yaratmağa başlayır.
Təxminən bütün əsərləri üzdə siyasi və ictimai temaya malikdir, ancaq dərindən baxanda, onun əsərləri sırf bir zarafatdır, acı bir yumor.
“Şuxluq” əsərində qız dostu ilə ideoloji bir zarafat üstündə oğlanın həyatı məhv olur, həbsə düşür, yaxud rəsmi iclasda ciddilik nümayiş etdirən bir insan, tualetə getmək üçün iclası tərk etməyən, axıra kimi qalmağa qərar verən birisinin sidik kisəsi partlayır və o, ölür. Ciddiliyin bu qədər rüsvayçı, gülünc vəziyyətlə qurtaracağını, yaxud adi bir zarafatın faciə ilə bitəcəyini Kundera qədər yaxşı göstərən yazıçı çətin tapmaq olar.
Onun ən əsas əsəri "Varlığın dözülməz yüngüllüyü"dür. Roman yüngüllük və ağırlıqla başlayır, həyat laqeydliklə keçirsə, insan yerdən və özündən uzaqlaşır, yüngülləşir, ancaq nəyəsə bağlı bir insan yük kimidir, ağırlaşır, yerə daha yaxın olur və öz ilə daha kipləşir.
Hekayənin gedişi ardıcıl hadisələr deyil, bəzən Kundera şəxsən ortaya çıxıb, oxucu ilə birbaşa monoloqa başlayır. Əsər fəlsəfi qavramlarla doludur. Kitabın yarısında əsas xarakterlərin öləcəyini əvvəlcədən deyir, it öldüyü an yiyəsinə (Tumanın qadını Treza) elə baxır, qadın hiss edir ki, ömründə heç kim bir daha ona belə baxmayacaq. O, bir baxış növünün sonuncu dəfə olaraq şahidi olur.
İtin ölüm səhnəsi, insanların acı taleyindən daha acı təsvir olunub. Həmişə, bu fraqment yadıma düşəndə, bir tərəfdən Nitsşenin şallaqlanan atın boynunu qucaqlayıb, ağlamasını xatırlayıram, digər tərəfdən də Dekartın heyvanları "təbiətin canlı maşınları" adlandırması beynimə gəlir. Kundera Dekartın qənaətinə daha qalın qələmlə qırmızı xətt çəkə bilib.
Kundera romandakı itə ad da verib: Karenin. Xarakteri heç vaxt dəyişilməyən bir it... Ümumiyyətlə, dəyişməyi istəməyən bir it... Karenin sözü Tolostoyun “Anna Karenina” əsərindəki Karenini yadınıza salmırmı?
Bu romanın sonu musiqi ilə bitir. Həqiqətən musiqi ilə. Sonuncu cümlə belədir: "Aşağıdan piano və skripka səsi uzaqdan gəlirmiş kimi eşidilirdi".
MilliYol.Az
Digər xəbərlər
loading...