“Radiolarla bağlı bir sıra narahatlıqlar var. Həm monitorinq qrupunun müşahidələri, həm də ictimaiyyətdən gələn reaksiyalar göstərir ki, radioların fəaliyyətində heç də hər şey qaydasında deyil”
Bunu APA-nın sorğusuna cavab olaraq Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Şöbə müdiri radiolardakı əsas problemləri də açıqlayıb: “Əsas problemlər sırasında bəzi radio aparıcılarının nitqi, efir mədəniyyətinə, bir sıra hallarda mənəvi dəyərlərə zidd mövzularda müzakirələrin aparılması, dinləyicilərlə ünsiyyətdə etik qaydalara riayət edilməməsini göstərə bilərik. Bundan başqa, radioların proqram siyasətində də müəyyən problemlər özünü göstərir. Teleradio yayımı haqqında qanunvericilikdə radioların üzərinə düşən bir sıra vəzifələr öz əksini tapıb. Onlardan biri də efirin eynitipli yayımlarla yüklənməsinə yol verilməməsinin zəruriliyidir. Amma təəssüf ki, bir sıra radiolar yalnız musiqi və saatın tamamında xəbərlər verməklə işini bitmiş sayır. Radioların efirində proqram rəngarəngliyi təmin edilməlidir, maarifləndirmə işinə diqqət artırılmalıdır, radioların potensialından səmərəli istifadə edilməlidir”.
T. Dadaşov qeyd edib ki, musiqi seçimində də peşəkarlığa diqqət yetirilməlidir: “Burada radiolarda yaradıcılıq redaksiyalarının üzərinə böyük məsuliyyət düşür. Tematik radioların da proqram səbətinin zənginləşdirilməsinə ciddi ehtiyac duyulur. Fəaliyyət göstərdikləri sahələr üzrə rəngarəng yayım proqramı hazırlanmalıdır. Məsələn, bu mənada Avto FM-dən gözləntilər çoxdur”.
T. Dadaşov vurğulayıb ki, MTRŞ rəhbərliyi tərəfindən monitorinq qrupuna radioların efirinin total şəkildə izlənməsi və bunun nəticəsi əsasında geniş təhlillərin aparılması ilə bağlı xüsusi tapşırıq verilib: “Təqribən mart ayının ikinci yarısında monitorinqin nəticələri bəlli olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...