2017-cı il ərzində Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən 3 559 sayda fərdi yaşayış evinin və 3 065 sayda idarə və müəssisənin layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb və 714 sayda idarə və müəssisəyə, həmçinin əhali istehlakçılarına aid qazlaşma layihələrinə əsasən görülmüş işlərin istismara qəbulu həyata keçirilib
“APA-Economics”in məlumatına görə, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.
Məlumata görə, hesabat ili ərzində Dövlət Qaz Nəzarəti İdarəsinə respublika vətəndaşlarından bilavasitə və nazirlikdən ümumilikdə 117 sayda müraciət daxil olub ki, həmin müraciətlər də əsasən təbii qazın borcla əlaqədar kəsilməsi, qaz təchizatının qeyri-qanuni dayandırılması, təbii qazdan istifadə üzrə paylayıcı tərəfindən qeyri-qanuni borcların hesablanması, qaz xətlərinin çəkilişi kimi məsələlərlə bağlı olub. Daxil olan müraciətlərə mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada baxılıb və aidiyyəti üzrə cavablandırılıb.
Qanunvericilik aktlarının tələblərinə uyğun olaraq Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən öz səlahiyyətləri çərçivəsində 2017-ci il ərzində büdcədən maliyyələşən 1554 müəssisədə qazın nəqli, paylanması, istifadəsi və satışında, həmçinin, sənaye və istehsalçı qaz qurğularının, avadanlıqlarının, kəmərlərinin və digər obyektlərinin layihələndirilməsində və yenidən qurulmasında qaz resurslarından səmərəli istifadənin və etibarlı istismarın təmin edilməsində normativ hüquqi aktların, mövcud istismar və qazdan istifadə qaydalarının və təlimatların tələblərinə əməl edilməsinin vəziyyəti araşdırılıb.
Aparılmış yoxlamalar nəticəsində müəyyən edilib ki, əksər subyektlər tərəfindən “Qaz təchizatı haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Ölçmələrin vəhdətinin təmin olunması haqqında” qanunlarının və Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın bir sıra tələbləri pozulub. Aparılmış yoxlama zamanı aşkar olunmuş nöqsan və çatışmamazlıqlar barədə yerlərdə müvafiq aktlar tərtib olunub və onların aradan qaldırılması üçün uyğun olaraq 1059 ədəd “Göstəriş” verilib.
Hesabat ili ərzində idarə tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 101 sayda inzibati xəta üzrə işə baxılıb və ayrı-ayrı hüquqi, fiziki və vəzifəli şəxslərə ümumilikdə 9250 manat məbləğində inzibati cərimə tətbiq edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...