Bu gün çağdaş Azərbaycan siyasi palitrasında özünəməxsus yeri olan milli məfkurənin daşıyıcılarından biri, millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsinin lideri Qüdrət Həsənquliyevin doğum günüdür
Axar.az xatırladır ki, Qüdrət Həsənquliyev 29 yanvar 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb.
1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət heyətinin üzvü olub. 2003-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasından iştirak edib.
2004-cü ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını (BAXCP) yaradıb.
2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə növbəti dəfə millət vəkili seçilib.
Parlament Jurnalistləri Birliyi tərəfindən 2004-cü ildə təqdim olunan «İlin ən fəal millət vəkili» nominasiyası üzrə «Mütərəqqi ideyalar müəllifi» mükafatıyla təltif olunub. 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013 və... 2017-ci illərdə Parlament Jurnalistləri Birliyi tərəfindən müxtəlif mətbuat orqanlarının nümayəndələri arasında keçirilən sorğuda ilin ən fəal beş millət vəkilindən biri seçilib. Azərbaycan Respublikası Milli Məclisinin NATO Parlament Assambleyasındakı və AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətlərinin üzvü, Azərbaycan-Malta parlamentlərarası dostluq qrupunun sədridir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2008 və 2013-cü ildə keçirilən qurultaylarında növbəti dəfə BAXCP-nin sədri seçilib. Evlidir, 2 övladı var.
Bura qədər Qüdrət Həsənquliyevin keçdiyi həyat yolunun boz, rəngsiz, yalnız tarixlər açıqlanan rəqəmləridir. Ancaq şəxsiyyət əlbəttə ki, quru, vikipedik rəqəmlərə sığmaz.
Qüdrət Həsənquliyev gəncliyindən hərəkata qoşulan, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan insandır. Karyerası ərzində adı heç zaman “5-ci kolon”, xarici xüsusi xidmət orqanı və bu kimi neqativlərdə hallanmayan və bütün canı-qanı ilə dövlətçiliyə bağlı olduğunu hər zaman sübuta yetirən azsaylı müxalif liderlərdən sayılır.
Siyasi proseslərə praqmatik yanaşması, daim milli və dövlətçilik maraqlarından çıxış etməsi, ölkənin, dövlətin maraqlarını heç bir halda korporativ və şəxsi maraqlara qurban verməməsi bir çox məqamlarda sağdan da, soldan da vurulmasını şərtləndirib, amma zaman öz sözünü deyib: bütün sınaqlardan, enişli-yoxuşlu siyasi təlatümlərdən üzüağ çıxıb.
Qüdrət Həsənquliyev bəlkə də yeganə müxalif liderlərdəndir ki, onun iqtidara yönəli tənqidləri də heç bir düşərgədə narahatlıqla qarşılanmır. Çünki onun tənqidlərində belə milləti, dövləti, Azərbaycanı düşündüyü, kimsənin deyil, yalnız öz sözünü dediyi və mistəqil ölkəmizin inkişafını hansı istiqamətdə gördüyünü ifadə etdiyi heç kəsə sir deyil. Onun hətta “Qarabağ naminə Rusiyaya güzəştə gedək” kimi illərdir müdafiə etdiyi mövqe də çoxsaylı reaksiyalara səbəb olsa da, burda hansısa yad təsir axtarmaq iddiasına düşən tapılmadı. Çünki Q.Həsənquliyev Ermənistanın arxasındakı gücün, daha doğrusu, Qarabağı işğal edən dövlətin Rusiya olduğunu açıq etiraf etməyə və Rusiya ilə bu mövzuda ciddi danışıqlara başlamaq təklifini səsləndirəndə də öz arqumentləri, siyasi müşahidələri ilə seçildi.
Aradan aylar, bəlkə də illər keçəndən, ABŞ və Qərbin “Qarabağın açarı Rusiyadadır” etirafından sonra Q.Həsənquliyevin mövqeyi bir daha təsdiqləndi.
O ayrı məsələ ki, hazırkı şərtlər və siyasi düzəm fərqlidir.
Qüdrət Həsənquliyev heç vaxt oyunlarda iştirak etməyib: nə 2003-ün Qərb oyununda, nə də 2013-cü ilin Rusiyanın seçki müdaxiləsi cəhdində. Əksinə, 2012-ci ildən bu cəhdi hiss etdiyi andan, Rusiyanın “Milyarderlər İttifaqı” layihəsinin deşifrə olunması, “Rüstəm İbrahimbəyov proyekti”nin məğzi və hədəfinin ifşasında fəal rol alıb. Milli Şuranın Putinə ünvanladığı və Azərbaycan seçki prosesinə müdaxiləsinə çağırış olan məlum bəyanatı isə Qüdrət Həsənquliyevin iddiasını, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı 11-ci Qırmızı ordunu “yardıma çağıran” milli xəyanətkarlarla müqayisədə haqlı olduğunu ortaya qoydu.
Qüdrət Həsənquliyevin şəxsiyyətini tamamlayan cəhətlərdən biri və bəlkə də ən vacibi sədaqətdir. O, heç vaxt gənclik illərindən qoşulduğu ideala – Bütöv Azərbaycana xəyanət etməyib. Hazırda çoxlarının gündəmdən çıxardığı idealı – Bütöv Azərbaycanı öz proqramında və düşüncəsində yaşadan ən aktiv siyasətçidir.
AXC-nin şinelindən çıxan onlarla partiyadan fərqli, yalnız BAXCP ilk liderinə – Əbülfəz Elçibəyə sədaqətini nümayiş etdirir: doğum günlərinin qeyd olunmasından tutmuş, təlqin etməyə çalışdığı ideyalarına qədər.
Dövlətə, milli ideyalara, dövlətçiliyə, vətənə, xalqa heç bir vəd qarşılığında xəyanət etməməyi yaşam tərzinə çevirən Q.Həsənquliyev 53 yaşına qədər heç də az vurulmayıb. Zaman isə yağı yağ, ayranı ayranlıq edib – Həsənquliyevin rəqibləri, onu müxalifətdən silməyə çalışanlar hazırda özləri siliniblər.
Builki seçkilərdə Həsənquliyev prezidentliyə namizədliyini irəli sürəcək, yoxsa yox, bilmirəm: əsas məsələ odur ki, o, həqiqətin gözünə dik baxmağı, milli maraqlar naminə özünü vaxtaşırı zərbə altında qoymağı bacarır.
Siyasətdə səmimiyyət anlayışına bir çoxları istehza ilə yanaşır: "siyasətdə səmimiyyət yox, maraqlar var" deyirlər.
Ancaq Q.Həsənquliyev bu siyasətə səmimiyyət qatan və bu səmimiliyinə görə də ayaqda qalmağı bacaran siyasətçidir.
İndi aşağıda verəcəyim sitatı bəlkə də heç bir siyasətçi etiraf etməzdi:
“Ağlı başında olan adam başa düşməlidir ki, hazırda İlham Əliyevdən başqa – mən bunu tam səmimiyyətlə söyləyirəm – ölkəni qansız-qadasız, sabitlik pozulmadan yeni bir mərhələyə keçirməyə qadir başqa birisi yoxdur. İqtidar daxilində İlham Əliyev yeganə birləşdirici fiqurdur. Nəzərə alsaq ki, iqtidar partiyası ilə dövlət aparatı birləşib, iqtidar partiyası eyni zamanda dövlət aparatı deməkdir, deməli, dövlət aparatında da, YAP-da da birləşdirici fiqur məhz İlham Əliyevdir. Yalnız o, inqilabsız islahatlar həyata keçirməyə qadirdir.
Deməli, sən demokratik cəmiyyət istəyirsənsə, İlham Əliyevə müxalifətdə olsan da, islahatların aparılmasına dəstək verməlisən. Konstitusiyadan kənar hər hansı üzdəniraq şizofrenik inqilabi yolla Azərbaycanda hakimiyyət dəyişikliyini arzulaya bilər, buna cəhd, inanın, Azərbaycanı dəhşətli fəlakətlə üz-üzə qoya bilər. Özü də indiki Azərbaycan 1992-93-cü illərdəki Azərbaycan deyil. O zaman insanlar sovet dövründə formalaşmış fərqli ali dəyərlərə bağlı idilər. İndi isə bizdə nə sovet dəyərləri qalıb, nə də inkişaf etmiş kapitalizmə xas olan dünyagörüş də tam mənada formalaşıb. Ona görə bu gün hər hansı bir yolla antikonstitusion yolla hakimiyyət dəyişikliyinə cəhd ona gətirib çıxara bilər ki, Azərbaycan bölgə-bölgə, rayon-rayon bölünər, insanlar bir-birini qırar. Ona görə də bu gün İlham Əliyev birləşdirici fiqurdur. Yalnız yuxarıdan islahatlar yolu ilə biz cəmiyyəti dəyişdirə bilərik. Hər hansı başqa yol, yəni antikonstitusion yol bu ölkə üçün nəticəsini proqnozlaşdıranda belə, adamı dəhşətə salan faciələrə yol aça bilər”.
Bəzi əxlaqsız və murdar ünsürlər cəmiyyəti parçalamaq və vətəndaş qarşıdurması yaratmaq üçün gecə-gündüz kəskin kampaniya aparırlar. Qüdrət bəy, belə insanları küçüklərlə müqayisə edir: “Bəzən balaca küçüklər Aya baxıb hürürlər, görəndə ki, heç nə dəyişmir, Ay yerində durur, susurlar. Amma küçükdən də ağılsız belələri susmur. Ona görə ki, vətəndaş qarşıdurması olarsa, öz övladlarını itirmə təhlükəsi yoxdur. Azərbaycan insanını bu gün keçmişdə hansı səhvlərin, qanun pozuntularının olması düşündürmür. Cəmiyyəti iki məsələ düşündürür: 1. Ölkədə sabitliyi kim qoruyub-saxlaya bilər? 2. Ölkədə kim islahatları dərinləşdirə bilər ki, əhalinin sosial vəziyyəti yaxşılaşsın, ölkə iqtisadiyyatı güclənsin və bunun nəticəsi olaraq da Qarabağı azad edə bilək. Cəmiyyəti bunlar düşündürdüyü üçün radikal çağırışlara heç əhəmiyyət verən də olmur. Çünki cəmiyyət gələcək barədə düşünür. Bax, o dediyim məsələləri də İlham Əliyevin etməyə çox böyük imkanları var…”
Bu, Qüdrət Həsənquliyevdir – ölkəni müxtəlif rəngli inqilablara sürükləyənlərə qarşı çıxan, Azərbaycanı dağıdıcı daxili çəkişmələrdən qorumaq üçün səmimi ertiraflar edən, barəsində nə deyilməsindən və nə yazılmasından asılı olmayaraq, hər şeyi zamanın ixtiyarına buraxan və zamanla sözü göyərən siyasətçi.
Doğrusu, onun cəmiyyət üçün dəyərinin cəmiyyət tərəfindən tam verildiyi qənaətində deyiləm. Ancaq bundan o özü də narahat deyil: bu faktın da zamana ehtiyacı var.
Təbrik edirəm, siyasətin səmimi adamı!
Ömər Xəyyam, Axar.az
MilliYol.Az
Digər xəbərlər
loading...