Bu gün ABŞ administrasiyası Konqresə çoxdan gözlənilən və rusiyalı oliqarxları təşvişə salan “Kreml hesabatı”nı təqdim edəcək
Virtualaz.org xəbər verir ki, siyahıda Rusiya prezidentinə və Kremlə yaxın olan biznesmenlərin və siyasətçilərin adları yer alacaq. Habelə Rusiya xüsusi xidmət orqanlarına, fiziki şəxslərə, energetika, müdafiə sənayesi və maliyyə sahəsində fəaliyyət göstərən şirkətlərə qarşı yeni sanksiya tədbirləri təklif olunacaq.
KİV-lərin məlumatına görə hesabat açıq və məxfi hissədən ibarət olacaq. Sənədin ictimaiyyətə təqdim olunması nəzərdə tutulmur, buna görə də jurnalistlər informasiyalı mənbələrdən məlumat almağa çalışırlar. Qeyd edək ki, bu sənəd Rusiya mətbuatında da az qala bir nömrəli müzakirə mövzusudur.
“Kreml hesabatı”ına adları daxil edilən oliqarxlara və məmurlara dərhal sanksiyalar tətbiq etmək nəzərdə tutulmur. Lakin hansısa oliqarxın adının bu siyahıda yer almasının özü bəs edəcək ki, həmin oliqarxın biznesində çətinliklər yaransın və xarici tərəfdaşlar ondan mümkün qədər uzaq dursun.
Amerika administrasiyasındakı mənbələr bildirirlər ki, yeni sanksiyalar Rusiyadan silah ixracını da əhatə edə bilər. Dövlət Departamenti tərəfindən hazırlanmış siyahıda 39 Rusiya hərbi sənaye şirkətinin və kəşfiyyat strukturlarının adları yer alır. Siyahının yarısını “Rostex” və onun törəmə şirkətləri tutur. Habelə Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat İdarəsi, Baş Kəşfiyyat İdarəsi də siyahıda yer alır.
“Qara siyahı”dakı bəzi adlar artıq məlumdur və onların arasında “Lukoil” prezidenti, azərbaycanlı oliqarx Vahid Ələkbərov da var. Amerika mənbələrinin bildirdiyinə görə son aylar bir çox rusiyalı biznesmenlər lobbiçilərin xidmətlərindən istifadə edərək adlarının siyahıda yer almamasına çalışıblar.
Bu “qara siyahı” və sanksiyalara dair təkliflər prezident Donald Trampın ötən ilin avqustunda könülsüz imzaladığı qanuna-“Amerikanın rəqiblərinə sanksiyalarla təsir edilməsi barədə” (CAATSA) sənədə əsaslanır. Sənədə əsasən administrasiya 6 aydan gec olmayaraq Konqresə Rusiya elitasına daxil olan şəxslərin çevrəsini müəyyən edib onlara qarşı sanksiyaların tətbiqinə dair təkliflərini verməlidir.
MilliYol.Az
Digər xəbərlər
loading...