3.3 milyardlıq problem neçə çözüləcək? Vahid Əhmədovdan SOS: “London məhkəməsinin qərarı ləğv edə bilməsək, büdcə üzərinə böyük ağırlıq gələcək”
London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.
Xəbər verildiyi kimi, bankın öhdəliklərinin restrukturizasiya prosesi Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi. ABB restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, “Sberbank” və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb. Bu iki kreditor restrukturizasiya planı ilə razılaşmayıb
Qeyd edək ki, “Sberbank” 2016-cı ildə ABB-yə ticarət maliyyələşdirilməsi ilə bağlı 20 mln. dollar həcmində kredit ayırıb. FTİML isə ABB-nin 2019-cu ilədək tədavüldə olacaq 500 mln. dollar məbləğində istiqrazlarını alıb.
ABB hesab edir ki, London Ali Məhkəməsinin qərarı “Sberbank” və FTİML-yə ödəniş tələb etmək hüququ vermir. “Məhkəmə öz qərarında Azərbaycan Beynəlxalq Bankına bu problemin həlli üçün apelyasiya məhkəməsinə müraciət etməyi tövsiyə edib. İngiltərənin məhkəmə prosesi Azərbaycanda restrukturizasiya prosesinin uğurla başa çatmasına təsir göstərməyək”, - deyə ABB-nin məlumatında vurğulanıb.
Xatırladaq ki, ABB 3,3 mlrd. dollar həcmində xarici öhdəliyin restrukturizasiyasını öhdəsinə götürüb. Restrukturizasiya prosesi bu il yanvarın 30-da başa çatdırılması nəzərdə tutulurdu. ABB 2015-ci ilin iyulundan sağlamlaşdırma mərhələsindədir.
Bəs görəsən, bu iki kreditorun yükləri də dövlət büdcəsinin üzərinə qoyulsa, bu hökumət üçün hansı çətinliklər yaradacaq? Büdcədə nəzərdə tutulan digər xərclərin, sosialyönümlü və investisiya yönümlü ayırmaların azalmasına səbəb ola bilərmi?
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, ABB-nin ödhəliklərinin restrukturzasiyası prosesi hələ başa çatmayıb: “Bu iki bank iddia qaldırıb, həmin iddialar da London Ali Məhkəməsi tərəfindən təmin olunub. Yəqin ki, bizimkilər onu Beynəlxalq Apelyasiya Məhkəməsinə verəcəklər, orada baxılacaq və qərar qəbul ediləcək. Restrukturzasiya ilə əlaqədar vaxt artıq bitib, Azərbaycan hökuməti bu vaxtı uzatmaq istəyir. Çünki müəyyən problemlər səbəbindən Beynəlxalq Bankın öhdəliklərinin tam restrukturzasiyası mümkün olmayıb. Ona görə də, vaxtı uzatmaq istəyirlər. Bu normal bir haldır. Ancaq çalışmaq lazımdır ki, Beynəlxalq Apelyasiya Məhkəməsində London Ali Məhkəməsinin verdiyi qərarı ləğv etmək mümkün olsun. Əks halda həmin vəsait Azərbaycan dövləti üzərində qalacaq. Biz məcbur olacağıq ki, həmin vəsaiti ödəyək. Ona görə də, bu çox ciddi məsələdir. Bu qərarı apelyasiyaya verib məsələni dövlət səviyyəsində həll etmək lazımdır. Çünki ABB artıq özəlləşdirilməyə çıxarılmalıdır. Özəlləşdirməyə çıxarılan bank da təmiz olmalıdır, orada ciddi problem olmamalıdır. İnvestorlar vəsait qoyarkən mütləq bu şərtləri nəzərə alırlar. Bu baxımdan dövlətin üzərində mühüm vəzifə Apelyasiya Məhkəməsinə verib, məhkəməni udmaqdır”.
V.Əhmədov onu da vurğuladı ki, əgər bu qərarın ləğvi baş tutmasa , həmin vəsaitin ödənilməsi büdcə üzərinə böyük ağırlıq formalaşdıracaq: “Əlbəttə, qərar ləğv olunmasa çətinlik olacaq. Bu çox ciddi prosesdir. Hökumət bu proseslə birbaşa məşğul olmalıdır. London Ali Məhkəməsinin qərarı qüvvədə qalsa, həmin vəsait dövlət büdcəsindən ayrılacaq və borc bağlanacaq. Bu da büdcə üçün əlavə yük deməkdir. Mən belə olmasını istəməzdim. Büdcədə Beynəlxalq Bankın öhdəliklərinin restrukturzasiyası üçün müəyyən vəsait ayrılıb. ABB-nin müəyyən öhdəliklərinin müəyyən hissəsi “Aqrarkreditbank”a tapşırıldı, müəyyən hissəsi üçün dövlət büdcəsindən vəsait ayrıldı. Ancaq bütünlüklə öhdəlikləri götürsək, orada milyardlardan söhbət gedir. Bu öhdəlikləri dövlətin öz üzərinə götürməsi Azərbaycanın beynəlxalq reytinqini saxlamaq üçün atıldı ki, beynəlxalq aləmdə dövlətimizlə bağlı problem yaranmasın. Mən hesab edirəm ki, düzgün addım idi. Ancaq London Ali Məhkəməsinin qərarı da bizim üçün əlavə bir yük oldu. Çalışmaq lazımdır ki, məhkəməni udaq və dövlət büdcəsindən əlavə vəsait ayrılmasın”.
Deputatın sözlərinə görə, ABB-nin sağlamlaşdırılması prosesi bu ilin birinci yarısında yekunlaşa bilər: “Beynəlxalq Bankın sağlamlaşdırılması əslində bu ilin yanvar ayının 1-ə qədər bitməli idi. Ancaq indi məhkəmə qərarı ilə bağlı belə bir məsələ də ortaya çıxdı. Yəqin vaxt müəyyən qədər uzanacaq. Bu bank dövlətin bankıdır və proses Maliyyə Nazirliyinin nəzarətindədir. Bu bankı nə qədər tez özəlləşdirsələr, nə qədər tez investisiya yatırımı başlasa, bir o qədər tez olar. Hesab edirəm ki, 2018-ci ilin birinci yarımilində bu məsələni yekunlaşdırmaq mümkün olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...