Bir müddət əvvəl Azərbaycandan mühacirət edən tanınmış insan haqları müdafiəçiləri, Naxçıvanda fəaliyyət göstərmiş Məlahət Nəsibova və əri İlqar Nəsibov Norveçdə işsiz qalıblar
Virtualaz.org Norveç KİV-lərinə istinadən xəbər verir ki, o vaxt Azərbaycandan qaçmağa məcbur olanda bir sıra xarici səfirliklər və beynəlxalq təşkilatlar mühacirət etmək üçün onlara bir neçə ölkə təklif etdilər. Ər-arvad Norveçin Dremmen şəhərini seçiblər və hazırda üç uşaqları ilə birlikdə orada yaşayırlar. Keçmiş naxçıvanlı hüquq müdafiəçisi Norveç universitetlərindən birinin kollecində akademik təcrübə keçib, amma üç ildir ki, iş tapa bilmir.
“Mən müxtəlif mərkəzlərdə çoxsaylı qaçqınlarla rastlaşmışam və onların problemlərinin şahidi olmuşam. Bu sahədə böyük təcrübəm var və mən insanlara kömək edə bilərəm, ancaq iş tapa bilmirəm”, - Məlahət Nəsibova “Dagsavisen” nəşrinə deyib.
İş tapmasa da M.Nəsibova insan haqları müdafiəçisi kimi fəaliyyətini davam etdirir, internet üzərindən Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan QHT-lərlə təmasda olur.
“Mənim söhbətləşdiyim qaçqınların əsas istəyi iş tapmaqdır. Qaçqınların iki illik hazırlıq proqramı çox baha başa gəlir. Onların inteqrasiyasına kömək etməyin ən yaxşı yolu işlə təmin etməkdir”-M.Nəsibova bildirir.
Xatırladaq ki, M.Nəsibova və əri Naxçıvanda fəaliyyətinə xitam verilmiş MTN-nin o vaxtkı rəhbəri Vəli Ələsgərov tərəfindən təqib olunurdular. Buna səbəb isə hüquq müdafiəçilərinin Naxçıvan MTN-də insanlara işgəncələrin verilməsi barədə faktları ictimailəşdirməsi idi.
Digər xəbərlər
loading...