Əhməd Məcidyar
“Middle Eat İnstitute”
Yanvarın 20-də İranın Ali Lideri Əli Xamnei əmr edib ki, ölkənin güclü İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) böyüyən biznes imperiyasını məhdudlaşdırılsın və ticarət sahələrinə uyğun kommersiya aktivləri məhv edilsin. Bu açıqlama rejimin İİKK-nin iqtisadiyyata təsirini azaltmaq üçün nəhayət, qərar verildiyinə ümid doğurub. Ancaq əgər keçmişə boylansaq, Xamneinin fərmanı (həqiqi olsa da) ölkədə qəzəbi və xarici dövlətlərin təzyiqini azaltmaq naminə “Sepah”ın iqtisadiyyatda rolunu azaltmaq, korrupsiyanı məhdudlaşdırmaq və iqtisadi inkişafın əsas mühərriki kimi özəl sektoru gücləndirmək üçün göstərilən səyə dair daha çox rəmzi işarədir.
Prezident Həsən Ruhaninin və digər yüksək səviyyəli İran rəsmilərinin bənzər bəyanlarına baxmayaraq, İİKK ötən ildəki kimi, qonşu ölkələrdə, eləcə də İranda iqtisadi fəaliyyətini genişləndirib.
Xamneinin fərmanı
Ötən şənbə günü hökumətyönlü gündəlik “İran” qəzetinə açıqlama verən briqada generalı Əmir Hatəmi bildirib ki, Ali Rəhbər Silahlı Qüvvələrin Baş Qərargahına və İİKK-yə “öz missiyaları ilə bağlı olmayan” iqtisadi subyektləri və ticari aktivləri təhvil verməyi əmr edib. Müdafiə naziri daha sonra qeyd edib ki, həmçinin, Ruhani ölkənin silahlı qüvvələrinin növbəti iki ay ərzində işgüzar ehtiyatlarının bölüşdürməsini istəyir. General xəbərdarlıq edib: "Uğurlarımızın göstəriciləri bazar şəraitindən asılıdır, onlar [aktivlər] təhvil veriləcək".
İran liderləri bu məsələni ilk dəfə qaldırmırlar. Ruhani dəfələrlə İİKK-nin iqtisadiyyatda artan rolunu tənqid edib, lakin o, Xamneinin İİKK-nin iqtisadiyyatda rolunu məhdudlaşdırmaq tələbi ilə "tamamilə razılaşdığını" iddia etmiş olsa da, bu məsələ ilə bağlı qvardiyaçıların maneəsinə rast gəlməyib.
Ötən il İran Silahlı Qüvvələri Baş Qərargahı komandanının müavini Əhmədrza Purdastan da "silahlı qüvvələrin iqtisadiyyata cəlb olunmasına nəzarətin gücləndirilməsi" məqsədi ilə "paralel qurumların bir qismini ləğv etmək" niyyətində olduğunu bildirmişdi. Ancaq İİKK o vaxtdan bəri xeyli hökumət layihəsinə sahib olub.
İİKK-nin arxayınlığı
Ali Rəhbərin və İİKK-nin ofisləri Hatəminin sözlərinə münasibət bildirməyiblər, yüksək səviyyəli İİKK komandirləri məlum açıqlamanın mahiyyətini kiçildib və bildiriblər ki, bütün iqtisadi fəaliyyət hüquqi çərçivədədir və “Sepah”ın missiyasına "müvafiq"dir. Tehranın təhlükəsizliyinə cavabdeh olan İİKK-nin “Sarəllah” vahidinin komandiri, general-polkovnik İsmayıl Kövsəri deyib: “"Sepah” heç zaman iqtisadi fəaliyyətə başlamayıb və onun [iqtisadi] fəaliyyəti növlərinin bir çoxu konstitusiyaya uyğun olaraq tikinti işləri vasitəsilə həyata keçirilir. Qanuna görə, sülh zamanı silahlı qüvvələr hökumətə kömək etməlidir. Buna əsaslanaraq, 1980-ci illərin İran-İraq müharibəsi başa çatdıqdan sonra “Sepah” digər şirkətlərin görə bilmədiyi tikinti işlərini icra edib. "Sepah”ın tikinti fəaliyyəti Ayətullah Xamneinin icazəsinə əsaslanır".
“Sepah”ın böyüyən iqtisadi imperiyası
1979-cu il inqilabından sonra rejimi daxili və xarici təhdidlərdən qorumaq üçün İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyni tərəfindən qurulan İİKK İranın ən güclü hərbi gücünə çevrilməklə yanaşı, ölkənin enerji, tikinti, telekommunikasiya, media, mədənçilik, elektronika, avtomobil, bankçılıq və s. sahələrində də üstün mövqeyə sahibdir. Ötən il “Sepah”ın baş komandanı general-mayor Məhəmməd Əli Cəfəri İİKK-nin İranın kənd təsərrüfatı sənayesində də iştirak etdiyini bildirib. Korpus liderləri iqtisadi fəaliyyətinin ölkənin "müqavimət iqtisadiyyatı" siyasətinə yardım etməsinə və yoxsullara yardım işinə yönəlmiş olduğunu söyləsə də, elit güc, əslində, gəlirlərinin böyük hissəsini “ev”də və xaricdə hərbi əməliyyatlara sərf edir.
“Sepah”ın şirkətləri, xüsusilə “Xatəmül-Ənbiya” – əsas mühəndis-tikinti şirkəti – sabiq prezident Mahmud Əhmədinejadı özəlləşdirmə proqramından böyük dərəcədə faydalanıb. 2006-cı ildə “Xatəmül-Ənbiya” neft, qaz, nəqliyyat və digər sektorlarda ən azı 7 milyard dollarlıq sazişlər bağlayıb.
2007-ci ilin oktyabrında ABŞ Xəzinədarlıq İdarəsi (Maliyyə Nazirliyi – tərc.) EO 13382 saylı İranın nüvə potensialı və terrorizmə dəstək verməsinə müqavimət planı çərçivəsində “Xatəmül-Ənbiya” və bir sıra digər İİKK şirkətlərini sanksiya siyahısına daxil edib. 2010-cu ilin fevral ayında Xəzinədarlıq məlum şirkətin komandanı general Rüstəm Qasimi və “Xatəmül-Ənbiya”nın törəmə şirkətlərinə qarşı eyni addımı atıb. Ötən il Ruhani deyib ki, "iqtisadiyyatın bir hissəsi silahsız hökumətin nəzarəti altındadır və biz onun yerdə qalanını silahla hökumətə təhvil vermişik – bu nə iqtisadiyyat, nə də özəlləşdirmədir".
“Xatəmül-Ənbiya” sadəcə tikinti şirkəti deyil. İİKK-nin konqlomerasiyasında İranın əhəmiyyətli siyasi və iqtisadi qüdrəti var və “Sepah”ın xaricdəki əməliyyatlarını maliyyələşdirir. Qurum və onun ön şirkətləri region ölkələrində, xüsusilə də Suriya və İraq kimi münaqişə zonalarında layihələr həyata keçirir.
Ötən ilin noyabr ayının sonlarında general Cəfəri İranın özəl sektorundan və ya digər dövlət şirkətlərindən daha çox qvardiyaçıların Suriyanın yenidənqurma səylərinə rəhbərlik edəcəyini açıqlayıb. Tehrandakı toplantıda İİKK-nın baş komandanı bildirib: "Hökumətlə birgə keçirilən yığıncaqlara əsaslanaraq, Suriyada təhlükəsizlik vəziyyətini nəzərə alaraq, bu missiyada “Sepah” iştirak edəcək. Əlbəttə, Suriya hökumətinin ölkənin yenidən qurulmasında İranın nə dərəcədə iştirak etməsi barədə qərar qəbul etməlidir. Ancaq bu missiyaya hazırlıq işləri davam etdirilir".
Ruhaninin ritorikasına baxmayaraq, İİKK-nin İrandakı iqtisadi rolu da artıb. “Xatəmül-Ənbiya”nın komandanı ötən ilin aprelində on əsas layihəni başa çatdıracağını bildirib. General İbadullah Abdullahinin sözlərinə görə, bu layihələrə İranın “Cənubi Pars” qaz layihəsinin dörd mərhələsi, Fars körfəzində qaz kondensat zavodlarının təchizi, maye qaz zavodlarının inşası, səth sularının idarə olunması layihəsi, Tehrandan cənubda avtomagistralın, paytaxtı İsfahana birləşdirən yüksək sürətli dəmir yolunun, Miyanə və Baft şəhərlərində iki poladəritmə zavodunun tikintisi və Şəhid Behiştinin cənub-şərqi limanının inkişafı etdirilməsi daxildir.
2016-cı ildə Abdullahi investisiya fondundan 10 meqalayihə üçün ayrılmış 25 milyard dollar vəsaitə layihələri başa çatdırmaq üçün əlavə 6 milyard dollar xərclənməsini xahiş edib.
Hatəmi yanvarın 20-də verilən bəyanatında Xamneinin əmrinin “Xatəmül-Ənbiya”nın iqtisadi fəaliyyətinə təsir göstərməcəyini bəyan edib. Bundan əlavə, İİKK-nin nəzarəti altında olan paramilitar qüvvə – “Bəsic” təşkilatı da son dövrdə iqtisadiyyata, əsasən tikinti, mədənçilik, enerji və əczaçılıq şirkətləri səhmlərinin alınması yolu ilə daxil olub.
Buna görə də, Tehrandan gələn son mesaj həm daxili, həm də beynəlxalq narahatlıqların qarşısını almaq məqsədi daşıyır. Bir tərəfdən, İİKK-nin iqtisadi rolunu məhdudlaşdırmaq vəd etməklə, Tehranda rejimin korrupsiya və idarəçiliyinə etiraz etmiş çoxsaylı sıravi iranlıların qəzəbini yüngülləşdirmək istəyir. İİKK-nin ölkədəki siyasəti və regional münaqişələrə bahalı cəlbolunma etirazçılar tərəfindən qaldırılan əsas məsələlər arasında idi. Bundan başqa, Tehran ABŞ-ın əlavə sanksiyalarını, ya da Tramp administrasiyasının nüvə razılaşmasını ləğv etməsi halında, nüvə sanksiyalarının bərpasını gözləyir.
Beləliklə, ABŞ-ın İİKK-nin və onun filiallarını daha çox hədəf alan ABŞ sanksiyalarının təsirini minimuma endirmək üçün önləyici tədbirlər görür. Lakin “Sepah”ın investisiya fondunun özəl sektora verilməsi real mənada, ən azı yaxın zamanlarda, baş verməyəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...