25 yanvar 2018-ci il
2018-ci il Rusiyanın xarici siyasətində – Avrasiya istiqamətində – dəyişikliklər baş verəcək. ABŞ və Avropa ilə əlaqələrin pisləşməsi Moskvanı yeni il ərəfəsində prioritetlərini və strategiyayısını yenidən nəzərdən keçirməyə təkan verib.
Bu dəyişikliklər çərçivəsində Rusiya 2018-ci il diqqətini Asiya-Sakit okean regionunda cəmləyəcək. Şimali Koreya etibarlı nüvə silahına sahib olmağa yaxınlaşdıqca Rusiya bu rejimə səhnəarxası yardım göstərməyə davam edəcək, yanacaqla təmin edəcək və təcrid olunmuş bu dövlətlə ticarət əlaqələri saxlayacaq. Pxenyanla yetişən münaqişədə əngəl və ya sülhməramlı qismində çıxış etmək üçün onun imkanı olmayacaq, çünki Şimali Koreya administrasiyası Moskvanın iqtisadi və maddi-texniki yardımı olmadan da özünün nüvə silahı istehsalını irəlilədəcək. Bundan başqa, təcrid rejimlə bağlı xaricdə artan narahatlıq Rusiyanın Şimali Koreyaya dəstəyini zəiflətməyə məcbur edəcək. Bununla belə, Rusiya bu ölkədə təsirini saxlamağa və ABŞ, həmçinin Yaponiya və Cənubi Koreya ilə danışıqlarda ondan vasitə kimi istifadə etməyə çalışacaq. Moskva, həmçinin ABŞ-Yaponiya-Cənubi Koreya üçtərəfli alyansda üzvlər arasındakı fikir ayrılığından istifadə etmək fürsəti axtaracaq. Bu zaman Moskva Şimali Koreya ilə bağlı problemlərdə hər məsələdə Pekinlə razılaşacaq, qeyri-hərbi cavab addımlarını dəstəkləyəcək.
Çin Rusiyanın 2018-ci il daxili və xarici siyasətində mühüm rol oynayacaq. Ən iri ticarət tərəfdaşı qismində çıxış edən Çin Rusiyaya Qərbdən iqtisadi asılılığını zəiflətməkdə yardım edib. Moskva yaxın illərdə bu tendensiyanı qorumaq, bütün ölkə üzrə energetika, nəqliyyat və kənd təsərrüfatı sahələrini Çin investisiyaları ilə təmin etmək niyyətindədir. Bundan başqa, Pekin Moskvaya maliyyə sistemlərini və kiber imkanlarını möhkəmlətməkdə kömək edəcək. Hər iki dövlət birgə hərbi təlim keçirməklə və birgə layihələr reallaşdırmaqla müdafiə sahəsində də əlaqələrini möhkəmlədəcək. Onların münasibəti, həmçinin başqa ərazilərdə birgə təşəbbüslərə təsir göstərəcək. Məsələn, Mərkəzi Asiyada Rusiya və Çin bir növ əmək bölgüsü barədə razılığa gəlib: Çin regionun iqtisadi məsələlərinə fokuslanır, Rusiya isə təhlükəsizlik. Bu əməkdaşlığın güclənməsi hər iki ölkəyə ABŞ-ın təzyiqindən qorunmağa və bütün dünyada Vaşinqtonun müxtəlif ssenarilər üzrə strateji mövqelərinə meydan oxumağa imkan verəcək.
Asiya-Sakit okean regionundan başqa 2018-ci il Rusiyanın xarici siyasətində əsas yerlərdən birini Yaxın Şərq tutacaq. Koalisiya qüvvələri İraq və Suriyada İŞİD üzərində qələbə qazandıqdan sonra regionda qüvvələr nisbəti dəyişib. Moskva regionda öz maraqları olan başqa xarici ölkələrə təsir göstərmək və qüvvələr nisbətini öz xeyrinə dəyişmək üçün Suriya vətəndaş müharibəsində iştirakı sayəsində əldə etdiyi təsirdən istifadə etmək niyyətindədir. Rusiya bu yolda qarşısına dörd məqsəd qoyub: Qərblə danışıqlarda təsir vasitəsi əldə etmək, islam ekstremizmi təhlükəsinin qarşısını almaq və ona müqavimət göstərmək, regional dövlətlərlə münasibətlərdən öz xeyrinə istifadə etmək, habelə regionun enerji, silah və kənd təsərrüfatı bazarlarına çıxışı genişlətmək. Bütün region oyuna qoşulanda Moskva ABŞ-ın mövqeyini sarsıtmaq üçün Yaxın Şərq və Şimali Afrikanın bir neçə ölkəsi ilə tərəfdaşlıq qurmağa çalışacaq. Məsələn, Misirdə aviabazalar icarəyə götürməklə və Liviyada silah satışını artırmaqla regionda hərbi iştirakının bərpası üzərində işləyəcək.
2018-ci il ərzində Rusiyanın Yaxın Şərq fəaliyyətində İran mühüm rol oynayacaq. ABŞ-ın prezident administrasiyası Hərtərəfli Birgə Fəaliyyət Planından (İranın nüvə proqramı ilə bağlı saziş) imtina etdikdən sonra sənədin gələcəyi sual altındadır, Tehranın üzərini isə yenidən iqtisadi sanksiya təhlükəsi alıb. Moskva Tehranla münasibətlərini möhkəmlətmək üçün ABŞ və İran arasında artan gərginlikdən istifadə edəcək. Bu münasibətləri Suriyada İranla əməkdaşlıq sayəsində yaratdığı möhkəm zəmin üzərində quracaq. Çinlə tərəfdaşlığında olduğu kimi İranla münasibələrində də Rusiya ABŞ-ın strateji mövqelərinə qarşı durmaq imkanı görür. Rusiya və İranın Qafqaz və Mərkəzi Asiyada fərqli maraqlarını nəzərə alsaq, onların bu ittifaqı Moskva və Pekin arasındakı ittifaq kimi müəyyən sərhədlərə malikdir.
Rusiya 2018-ci il Türkiyə və Səudiyyə Ərəbistanı ilə münasibətlərini möhkəmlətmək yolunda analoji maneələrlə üzləşəcək. Moskva Ankara ilə ortaq maraqları həyata keçirməyə çalışdığı və dərinləşən əlaqələrindən Türkiyə ilə NATO və AB arasındakı fikir ayrılığını daha da böyütmək üçün istifadə etdiyi müddətcə hər iki tərəf daim üzləşməli olacaq. Məsələn, Türkiyə Rusiyanın kürdlərlə əlaqəsinə və Moskvanın regionda Ankaranın düşmənləri ilə əməkdaşlıq etməyə hazır olmasına qarşı çıxacaq. Səudiyyə Ərəbistanı və İran arasında artan düşmənçilik də Rusiyanın krallıqla əlaqə qurmasına mane olacaq.
Soyuq müharibənin əks-sədası
Rusiyanın 2018-ci ildə Asiya-Sakit okean və Yaxın Şərq regionuna daha çox diqqət ayırmasına baxmayaraq, Moskva və Qərb münasibətləri də öz əhəmiyyətini itirməyəcək. Rusiya və ABŞ arasındakı gərginlik arta bilər. Vaşinqton xəbərdarlıq edib ki, sanksiyalar rejiminin sərtləşdirilməsi və Ukraynaya letal silahların satışı də daxil olmaqla, bir sıra müxtəlif vasitələrlə Rusiyaya təzyiqini artıra bilər. Eyni zamanda ABŞ Avropa və Asiyada raket əleyhinə müdafiə sistemini genişlədir. Bu kampaniya silahlanma sahəsində Rusiya ilə ikitərəfli danışıqlara problem yaradacaq, onların yenidən nəzərdən keçirilməsi daha da çətinləşəcək. Çünki Vaşinqton Moskvanı qısa və orta məsafəli raketlərin ləğvi haqqında sazişin pozulmasına görə nəzərdə tutulan cəza tədbirləri ilə hədələyib.
Hazırkı sanksiyalar şəraitində sağ qalmaq təcrübəsi qazanan Moskva 2018-ci il Vaşinqton tərəfindən tətbiq olunan əlavə tədbirlərdən qaçmağa çalışacaq. Buna ümid edən Rusiya ya Birləşmiş Ştatlarla əməkdaşlıq etmək istədiyi, ya da onunla müəyyən razılıq əldə etmək istədiyi sahələrə diqqət ayıracaq. Məsələn, Suriyada barışıq prosesi, Şimali Koreya ilə danışıqlar və Ukrayna münaqişəsini nümunə kimi göstərmək olar. Bununla yanaşı Moskva Vaşinqtonla münasibətlərinin bundan sonra pisləşəcəyinə hazırlaşır. Çünki Rusiya Asiya və Yaxın Şərqdə əlaqələrini möhkəmlədir, həmçinin sərhədlərində hərbi qüvvələrini artırır, məsələn, “İskəndər” raket komplekslərini Kalininqradda yerləşdirib.
Rusiyanın sanksiyalarla əlaqəli həyəcanını dərinləşdirən AB 2018-ci ildə Moskvaya qarşı cəza tədbirlərinin uzadılmasını səsverməyə qoyacaq. Lakin siyasi müdaxiləyə görə ABŞ Moskvaya yeni sanksiya paketi tətbiq etsə, Avropa bloku bundan imtina edəcək. Bununla yanaşı 2018-ci il Rusiyaya Avropanın işlərinə müdaxilə etmək üçün çoxlu fürsət verəcək. İtaliya parlament seçkilərinə hazırlaşır, Kreml isə Romada Rusiyaya qarşı daha xoşməramlı hökumətin formalaşmasına ümid edərək, sınaqdan çıxardığı hibrid müharibənin bütün silahlarından – dezinformasiya, təbliğat və kiberhücumlardan istifadə edəcək. “Beş ulduz” hərəkatının başçılıq etdiyi administrasiya, ola bilsin, gələcəkdə AB-nin Rusiya ilə bağlı sanksiyaların müddətinin uzadılması məqsədilə keçirilən anonim səsvermənin gedişatını poza bilsin. Seçkilərin nəticələrinə təsir etmək asan olmayacaq. Moskva buna Fransa və Almaniya seçkilərində şahid olub. Bunu bilsə də, İtaliya seçkilərinin gedişatında öz məqsədlərinə nail ola bilməsə də, Rusiya Avropa blokunun üzvləri və elektorat arasında nifaq toxumu səpməyə davam edəcək.
Rusiyada daxili mübarizə
2018-ci ildə Rusiya bir sıra daxili problemlə üzləşəcək. Rusiyanın ən böyük çətinliklərindən biri iqtisadi və maliyyə vəziyyətinin pisləşməsi olacaq. Ötən il ölkə ressesiyadan rəsmi şəkildə çıxdıqdan sonra uzunmüddətli durğunluq dövrünə keçib. Banklar rekord müddətdə fəaliyyətini dayandırıb, regional hökumət borclarının öhdəsindən gəlmir, getdikcə daha çox müəssisə iflasa uğrayır, dövlət şirkətlərinə isə dəstək lazımdır. Bu problemlər Kreml üçün xərc mənbəyinə çevriləcək, onun suveren fondlarını boşaldacaq və hökuməti 18 milyard dollardan az olmamaq şərtilə xaricdən kredit götürməyə məcbur edəcək. Qərb bazarlarının Rusiyaya kredit ayırmasının qarşısını almaq üçün Birləşmiş Ştatlar Rusiyaya sanksiya tətbiq etsə, maliyyə axtarışı daha da çətinləşəcək. Asiya və Yaxın Şərqdə Moskvanın iqtisadi əlaqələrinin möhkəmlənməsi onun üçün bir neçə alternativ variant yaradacaq. İstənilən halda Rusiyanın maliyyə çətinlikləri çox böyükdür. Nəticələrin öhdəsindən gəlmək, həmçinin 2018-ci il prezident və regional seçkilər ərəfəsində siyasi sistemin sabitliyinin pozulmasına yol verməmək üçün Kreml bəzi bizneslərin, bankların, ola bilsin hətta regional hökumətlərin iflasına yol verməli olacaq.
Rusiyanın iqtisadi çətinlikləri
Rusiya iqtisadiyyatının ressesiyadan çıxmasına baxmayaraq, ölkə uzunmüddətli durğunluq dövrünə keçib. Üstəlik, bütün Rusiya boyu əksər vətəndaşlar və təşkilatlar hələ də dərin böhran vəziyyətindədir. Bu da seçkilər yaxınlaşdıqca etirazların və Kremldən narazılığın artmasına səbəb olacaq.
— Rusiya vətəndaşlarının 13,8%-i yoxsulluq səviyyəsində yaşayır.
— Rusiyada orta əmək haqqı 450 ABŞ dolları təşkil edir.
— Əhalinin 25%-də əmək haqqında azalma müşahidə edilib.
— Ruslar əmək haqlarının 50%-ni ərzağa xərcləyir.
— 2014-cü il Rusiyada hər üçüncü bank bağlanıb.
— 85 regiondan 10-u iqtisadi sabit hesab edilir.
— 2017-ci ilin müflisləşmə səviyyəsi 1998-ci ilin müflisləşmə səviyyəsi ilə müqayisə edilir.
2018-ci il mart və sentyabrda keçiriləcək seçkilər müvafiq olaraq həm Vladimir Putinə, həm də onun rəqiblərinə sınaq olacaq. Qərb KİV-dəki səs-küyə baxmayaraq, Putinin ciddi rəqibi yoxdur. Onun opponentləri müxtəlif ideologiyaya malik şəxslərdən ibarətdir və hakimiyyət müxalifət daxilində parçalanmanı qoruyub saxlamaq üçün onların fikir ayrılığından istifadə edəcək. Amma hakim “Vahid Rusiya” partiyası başa düşür ki, xüsusilə gənclər arasında artan etiraz dalğası yeni strategiyanın işlənib hazırlanmasını tələb edir. Bunun üçün Kreml gəncləri səs verməyə çağıran və elektoratı ürəkləndirən yeni təşviqat kampaniyası həyata keçirir. Putinin qələbə qazanacağı və daha bir müddətə postunda qalacağı təqdirdə administrasiya bu qələbədən onun legitimliyinə inamı bərpa etmək üçün istfiadə edəcək. Müxtəlif müxalif qruplar seçki ərəfəsində bütün Rusiya boyu etiraz aksiyaları və hətta ola bilsin, Putinin yenidən seçilməsinə hazırlıq zamanı kütləvi nümayiş təşkil etsinlər.
Növbəti prezidentlik dövründə Putinin üzləşəcəyi yeganə problem narahat vəziyyət olmayacaq. 2018-ci ildə Kremldə daxili çəkişmələr də artacaq. Məsələn, Çeçenistan lideri Ramzan Kadırov və neft maqnatı İqor Seçin öz maraqları naminə fəaliyyət göstərmək üçün Putindən uzaqlaşdıqca, prezident onu müdafiə edəcək və siyasətini həyata keçirməkdə kömək edəcək sadiq müşavirlərindən ibarət koalisiyanı möhkəmlədir. Putin xainlərə qarşı sərt tədbirlər həyata keçirməyəcək, ancaq administrasiyasında onların hakimiyyətinin məhdudlaşdırılmasına yönəlmiş yerdəyişmələrə başlaya bilər. Nəticədə daha mərkəzləşdirilmiş və avtoritar prezident hökumətinin və getdikcə daha çox sarsılan siyasi sistemin şahid olacağıq.
Prezident seçkiləri ilə müqayisədə regional seçkilər “Vahid Rusiya” partiyası üçün daha ağır sınaq olmağı vəd edir. Liberal müxalifət qrupları bu il regional seçkilərdə irəliləyiblər. 2018-ci il seçkilərində onların qarşısını almaq üçün Kreml bu dairələrdə parçalanmadan istifadə etməyə davam edəcək. Moskva, həmçinin bütün ölkə boyu baş qaldıra biləcək etirazlar dalğasını yatırmaq üçün sərt tədbirlərə əl ata, eyni zamanda Rusiyada qızışan siyasi təzyiqin dərəcəsini aşağı salmaq üçün bəzi aksiyaların keçirilməsinə icazə verə bilər.
Rusiya ilə qonşu ərazilər uğrunda mübarizə
Düz Rusiya sərhədlərində yeni il özü ilə aktivlik və qeyri-sabitlik gətirəcək. Məsələn, Ukrayna 2018-ci ili 2019-cu ilə təyin olunan prezident və parlament seçkilərinə hazırlıqla keçirəcək. Bu, 2014-cü il Meydan etirazlarının ardınca keçirilən növbədənkənar seçkilərdən sonra ilk seçki olacaq. 2019-cu il seçkiləri ərəfəsində etirazlar və hökumətdə radikal yerdəyişmələr ehtimal olunur. Həmçinin parlament seçkilərinin növbədən kənar keçirilməsi də mümkündür. Ancaq Ukrayna ölkənin şərqində hərbi əməliyyatlarla zəngin daha bir il keçirməklə qərbyönlü xarici siyasət kursuna davam edəcək. ABŞ və Rusiyanın Donbas münaqişəsi ilə bağlı danışıqları davam etdirməsinə və hətta regionda BMT sülhməramlıların iştirakı baxımından müəyyən irəliləyiş əldə edə biləcəklərinə baxmayaraq, 2018-ci ildə daha genişmiqyaslı qətnamədən danışmaq qeyri-mümkün olacaq. Nəticədə Ukrayna Birləşmiş Ştatlar və qərb müttəfiqlərindən siyasi, iqtisadi dəstək və müdafiə sahəsində yardım almağa davam edəcək, paralel olaraq Polşa və Baltikyanı ölkələrlə iqtisadi, enerji və hərbi inteqrasiya istiqamətinə riayət edəcək. Bu zaman Rusiya Ukrayna və müttəfiqlərinə qarşı kiberhücumlar və qətllər də daxil olmaqla, hibrid müharibə kampaniyası aparacaq.
Ukraynadan cənub-qərbdə yerləşən Moldovada seçkilər bu ölkəni 2018-ci ildə siyasi burulğana sürükləyə bilər. Noyabr seçkiləri prezident İqor Dodonun xeyrinə və artıq çoxdandır hakimiyyətdə olan koalisiyanın əleyhinə başa çatsa, Moldova yenidən AB inteqrasiyası yolunda səylərini bərpa edə bilər. Eyni zamanda Rusiya ilə iqtisadi məsələlər və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığa başlaya bilər. Seçkilər ərəfəsində və seçkilərdən sonra geniş miqyaslı etirazlar mümkündür.
2018-ci il Qafqazda seçkilərlə zəngin dövr olacaq. Ermənistan, Azərbaycan və Gürcüstanda prezident seçkiləri keçiriləcək. Qafqaz dövlətlərində seçkilərin nəticələri ilk növbədə regionun xarici siyasətini təyin edəcək. Məsələn, Azərbaycan və Gürcüstan Türkiyə ilə energetika və müdafiə sahəsində yaxınlaşmağa davam edəcək, Ermənistan isə Rusiya ilə hərbi tərəfdaşlığını, İranla iqtisadi əlaqələrini möhkəmlədəcək. Eyni zamanda Tehran və Ankara Moskvanın Qafqazdakı strateji mövqeyini tutmamağa çalışacaq. Rusiya Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin əsas hakimi olaraq qalacaq, gərginliyi aradan qaldırmağa, həmçinin hər iki tərəfə silah tədarük etməyə çalışacaq.
Mərkəzi Asiyada qeyri-sabit vəziyyət
Əksər qardaş sovet respublikalarında olduğu kimi 2018-ci il Mərkəzi Asiya ölkələri üçün siyasətdə keçid ili olacaq. 2018-ci ildə Qazaxıstan, çox güman, Özbəkistan və Qırğızıstanı özünə nümunə götürəcək. Qeyd edək ki, 2017-ci ildə bu ölkələrdə hakimiyyət dinc yolla ötürülüb. Sovet İttifaqı dağıldığı vaxtdan bəri Qazaxıstana rəhbərlik edən prezident Nursultan Nazarbayev xələf axtarışını davam etdirəcək. Qəfil istefa ilə Qazaxıstanda hökm sürən sabit vəziyyəti pozmaq yerinə, Nazarbayev hakimiyyəti tədricən parlamentə və siyasi elitanın əsas fiqurlarına ötürəcək, səhnə arxasından ölkədəki hadisələri müşahidə edəcək.
Keçid dövrü əlavə problemlər olmadan başlasa da, 2018-ci ildə Qazaxıstan və digər Mərkəzi Asiya dövlətlərinin sabitliyi çoxsaylı təhlükələrlə üzləşəcək. Neft qiymətlərinin aşağı olması regionda sosial-iqtisadi təzyiq yaradacaq ki, bu da etirazlara səbəb olacaq. Özbəkistan xarici investisiyaların cəlb olunmasını nəzərdə tutan iqtisadi islahatlar keçirməklə bu təzyiqi yüngülləşdirməyə çalışacaq. Ölkə, həmçinin resursların paylanması ilə bağlı sərhəd mübahisələrini həll etmək məqsədilə qonşu Qırğızıstan və Tacikistanla münasibətlərini yaxşılaşdırmağa səy göstərəcək.
Regiondakı təhlükəsizliklə bağlı narahatlığı, habelə Əfqanıstan və Suriyanın yaxınlığında yerləşməsini nəzərə alsaq, hərbi əməliyyatlar təhlükəsi ilə mübarizə aparmaq daha çətin olacaq. Region dövlətləri sərt tədbirlər görməyə və təhlükəsizlik riskini azaltmaq üçün daha mərkəzləşdirilmiş hakimiyyət strukturu yaratmağa çalışacaq. Üstəlik iki ən təsirli xarici dövlət – Rusiya və Çin – Mərkəzi Asiyada təhlükəsizliyin təmin edilməsi üzrə qüvvələrini aktivləşdirəcək. Moskva regionda hərbi iştirakını genişləndirməyə fokuslanacaq, Pekin isə terrorizmlə mübarizədə daha aktiv rol oynayacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...