Son vaxtlar Azərbaycanda yeni doğulan körpələrə qeyri-adi adların qoyulması ictimaiyyət arasında ciddi müzakirə mövzusuna çevrilib. Kimisi əcnəbi adların qoyulmasını düzgün saymır, kimisi bunu ailənin şəxsi işi hesab edir.
Reallıq odur ki, Ədliyyə Nazirliyi son beş ildə Azərbaycanda körpələrə məşhur futbolçuların adlarının verilməsinin dəb halını aldığını bildirib. Həmin adların arasında türk futbolçularının adları üstünlük təşkil edib. Statistikaya görə, son beş ildə doğulan 228 körpəyə Ayhan, 131-nə Arda, 16-na Hasan adı verilib. Həmin müddətdə 1 körpəyə Messi, 1-nə Ronaldo, bir uşağa Dario, 6-na Aleks adı qoyulub.
Bu məqamı nəzərə alan publika.az saytı Azərbaycanın tanınmış futbol fanatlarından biri, "UltrAslan-Azərbaycan" dərnəyinin rəhbəri, oğullarına Arda və Turan adı qoymuş Ceyhun Əzizlidən sübahibə götürüb. Həmin müsahibəni təqdim edirik.
- Necə oldu ki, övladlarınıza Türkiyə millisinin və “Barselona”nın məşhur futbolçusu Arda Turanın adını qoymaq qərarına gəldiniz?
- Mən ümumiyyətlə, futbol azarkeşiyəm, fanatam. Bəyəndiyim futbolçulara simpatiyam var. Uşaqlıqdan “Qalatasaray”a azarkeşlik edirəm. Subay vaxtı arzulamışdım ki, “Qalatasaray” çempion olsa, ailə quracam. Sözümü tutdum. Allah hamını arzusuna çatdırsın. Elə oldu ki, ilk övladım oğlan oldu. Əvvəlcədən də ürəyimdə tutmuşdum ki, ilk övladım oğlan olsa, ona Arda adı qoyacam. Niyəsini də deyim. Arda Turan “Qalatasaray”da çox oynamasa da, bu klubun yetirməsidir, burada əfsanələrdən biri sayılır. Belə təsvir edim. Sanki “Qalatasaray” anadır, Arda onun övladıdır. Ona çox böyük simpatiyam var. O, təkcə yaşıl meydanda yox, ondan kənarda da nümunəvi insandır.
- İkinci oğlunuza da Turan adını qoydunuz...
- Düzü, əvvəlcədən fikirləşməmişdim. Ancaq ikinci övladım dünyaya gələndən sonra öz-özümə dedim ki, Ardanı tamamlamaq üçün onun da adını Turan qoyum. Çox keçmədi ki, bu məsələdən Türkiyə mətbuatı da xəbər tutdu. Bir neçə kanaldan və saytdan maraqlanan da olmuşdu. Bir dəfə isə “Cihan” agentliyindən gəlib reportaj hazırlamışdılar. Onların sözünə görə, dünyada ilk dəfədir ki, futbolçunun ad və soyadı bir ailədə iki uşağa qoyulsun. Bir dəfə İspaniya mətbuatında bu haqda yazı gedib. Arda “Atletiko”da oynayan zaman kluba yaxın saytlardan biri bizim haqda məqalə hazırlamışdı. Azərbaycan kanallarında da bu barədə süjet verilib.
- Ümumiyyətlə, xarici futbolçuların adlarının uşaqlara qoyulması doğrudurmu? Bir vətəndaş kimi mövqeyiniz maraqlıdır.
- Bilirsiz, ad qoymaq elə bir şeydir ki, bəzən valideynlər dövrlə əlaqədar olaraq dəblə ayaqlaşmağa çalışırlar. Məsələn, Azərbaycanda serial qəhrəmanlarının adlarından çox istifadə olunur. Şəxsən bizim qonşuluqda adam tanıyıram ki, iki oğlu var, onlara Polat Ələmdarın adını verib. Halbuki Polat Ələmdar sadəcə kino qəhrəmanıdır, real həyatda belə adam yoxdur. Ancaq bu, o ailənin şəxsi işidir. Kimin ürəyində nə arzusu varsa, onu da reallaşdırır. Mən seçdiyim adlara görə fəxr edirəm. Arda Turan türk adıdır, mən də türkəm. Bu, mənim şəxsi fikrimdir. Ancaq bəzən elə adlara rast gəlmək olur ki, adamı qeyri-ixtiyari gülmək tutur. Söhbət adlardan düşmüşkən sizə maraqlı faktlar deyim. Sovet hökumətinin vaxtında Xozeyin, Kolxoz, Şayba, Gilas, Kombayn, Riyaziyyat, Ədəbiyyat, Qafqaz, Traktor kimi adlar qoyulurdu. Şəxsən iki nəfər tanıyıram ki, birinin adı Sovxoz, digərininki isə Traktordur. Sovet vaxtı belə adlar dəbdə idi. İndi isə daha çox ulduzların, tarixi şəxsiyyətlərin və ya idmançıların adlarından istifadə olunur. Biz müstəqil ölkəyik. Bunun üçün də kim hansı adı istəyir qoyur. Başqa tanıdığım insanlar var ki, övladına Heydər Əliyevin şərəfinə Heydər, Atatürk və Ərdoğan adları qoyub. Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimov şəhid olan dövrdə yeni doğulan uşaqlara onun adı verilirdi. Hamımız bilirik ki, Azərbaycanda belə bir ənənə var. Adətən çoxu uşaqlarına ata-anasının adını qoyur. Mənim də belə bir arzum olub. Ancaq məndən əvvəl qardaşlarım öz uşaqlarına valideynlərimizin adlarını qoyduğu üçün təkrarçılığa ehtiyac duymadım.
- Ürəyinizdə adla bağlı başqa arzu qalıb?
- Arzular tükənməzdir. Allah qismət eləsə, yenə oğlum olsa, ona “Neftçi” fanatı olaraq, əfsanəvi futbolçumuz Zaur Tağızadənin adını qoyaram. Hətta 4-cüyə də Qurban Qurbanovun adını fikirləşmişəm (gülür). Bu sadəcə bir arzudur. Bunu ailəm də bilir.
- Azərbaycanda Messi, Zidan, Ronaldo adları da var...
- Bəli. Hətta adam tanıyıram ki, Səlcuk İnanın adını övladlarına verib.
- Madam ki, oğlanlarınıza Arda Turanın adını qoymusuz, istəyərsiz onlar da futbolçu olsun?
- Əlbəttə. İnşallah böyük oğlumu 1 aya futbol məktəbinə yazdıracam.
- Futbola həvəsi var?
- Əlbəttə, topla yatıb-durur. Özü də “solaxay”dır. Ümumiyyətlə, bizim ailəmiz futbolla nəfəs alır. Məni də ölkədə az-çox futbol fanatı kimi tanıyırlar. Özüm də futbolun içində böyümüşəm. Futbolsuz mənim 1 saniyəm olmur.
- Gələcəkdə oğlunuz futbolçu kimi yetişsə və ona “Fənərbağça”dan təklif gəlsə, orda oynamasına razılıq verərsizmi?
- Kaş oğlum futbolçu olsun. “Neftçi”də oynasın. O ki qaldı “Fənərbağça”ya, əvvəla bu klubdan təklifin gəlməsi çətin məsələdir. Ancaq təklif olsa belə, razı olmaram. Heç inanmıram ki, Arda Turan özü də nə vaxtsa “Fənər”in formasını geyinsin...
- Futboldan danışmışkən, elə söhbətimizi də bu mövzuyla yekunlaşdıraq. Bu gün və sabah klublarımız avrokuboklarda yoluna davam etmək meydana çıxacaq. Bir azarkeş kimi hansı klubumuzdan uğurlu nəticə gözləyirsiz?
- Əlbəttə, hər 4 klubumuzun növbəti mərhələyə yüksəlməsini istərdim. Ancaq sadəcə arzulamaqla olmur. Mən açıq danışmağı xoşlayıram. Real yanaşsaq, əsasən “Qarabağ”a və müəyyən qədər də “Qəbələ”yə inanıram. Əminəm ki, Qurban Qurbanovun yetirmələri bizi yenə qrup mərhələsində sevindirəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...