Azərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov Gürcüstanın U-21 komandası ilə 1:1 bitən yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb
- Qarşılaşmanı şərh edərdiniz...
- Maraqlı oyun alındı. Hər iki komanda həm toplu, həm topsuz düzgün futbol oynamağa çalışırdı. Keyfiyyətli oyun oldu.
- Öncəki matçlardakı rəqiblərlə bugünkünü müqayisə etsəz...
- Fərqli komandalardır. Əgər Albaniya daha çox müdafiə olunur və əks-hücumlara diqqət yetirirdisə, Gürcüstan çalışırdı ki, topla da çox oynasın. Meydanda feyr-pley qaydalarına riayət edən iki komanda var idi. Bu da sevindirici məqamdır. Çalışdılar mehriban şəkildə oyun göstərsinlər. Hər iki komandanı təbrik edirəm.
- Gürcüstanın bəzi əsas heyət üzvləri sayılan futbolçuları bu gün meydanda yox idi. Oyun vaxtı düşündünüzmü ki, onlar olsaydı, görüş necə cərəyan edərdi?
- Bunu fikirləşmədim. Bu dəqiqə elə şeylər mənə maraqlı deyil. Kim hansı heyəti buraxır, kim neçə yaşlılarla oynayır – bunların mənim üçün əhəmiyyəti yoxdur. Bəzi qeyri-peşəkar söhbətlərlə qarşılaşdım ki, guya bizə qarşı Albaniyanın 20 yaşlıları oynayıb. Əslində, 7 nəfər oynayıb 1998-99-cu illər, bizdə də “Alanyaspor”a qarşı 6 nəfər 1997/98-ci il təvəllüdlü futbolçu meydanda idi. Onda biz də U-20 ilə oynamışıq. Belə bir məntiq yoxdur. Məlumat üçün deyim ki, əgər bir nəfər 1997-ci il oynayırsa, bu artıq U-20 deyil. Hamısı 98/99 olsaydı, başqa məsələ. Onların heyətində 4 nəfər daha yaşlı oynayırdısa, bu artıq U-20 sayılmamalıdır. Digər tərəfdən, məşqçinin öz seçimidir və istənilən yaşda olanı oynada bilər. Mənim heç ağlıma gəlmir ki, U-20-ni, ya U-21-i buraxıram meydana. Yoldaşlıq oyunudur, daha cavanlara şans vermək, heyətdə rotasiyalar etmək normaldır. Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdır. Səhv eləmirəmsə, Albaniya mətbuatında yazılmışdı. Bu məsələ mənim üçün önəmli deyil, sadəcə görürəm, yanlış informasiyalar yayılır. Ona görə də bu açıqlamanı verməyi lazım bildim. Bugünkü matça gəldikdə də, tam heyətin oynayıb-oynamamağı mənim üçün önəmli deyil. Vacib olan odur ki, hər bir futbolçumuz inkişaf etsin. Bizim heyətimizdə də daha gənc futbolçular meydana çıxıb. Hər 3 matçda rotasiyalar etmişəm. Gürcüstan başqa heyətlə meydana çıxsa, yenə də oynayacaqdıq. Uduzsaydıq da, futboldur. Bu gün mütləq qələbə qazanmalıyıq deyə qarşımda bir məqsəd yoxdur. Mənim əsas hədəfim odur ki, uşaqlar yığmanın bundan sonrakı fəlsəfəsinə uyğun futbol oynasınlar və əsas milliyə hazırlaşsınlar. Seçmə mərhələdə 5 oyunumuz qalıb. Qalib gəlsək, nə olacaq, gəlməsək nə olacaq... Qalan matçlarda qlobal bir dəyişiklik etmək mümkün deyil. Biz sistemi oturtmağa çalışırıq ki, bu uşaqlar sabah əsas milliyə gedəndə özlərini itirməsinlər. Belədə onlara daha asan olacaq. İndi mənim üçün qələbə də, məğlubiyyət də, heç-heçə də eynidir. Çalışacağıq ki, rəsmi matçlarda nəticə olsun. Amma daha vacibi oyun göstərməkdir.
- Son iki oyunda rəqib komandaların fiziki göstəriciləri daha yaxşı görünürdü...
- Bu, məşqlə bağlı deyil. Onların təbiətindən gələn bir şeydir. Mən özüm 1.80 boyla millinin mərkəz müdafiəçisi olmuşam, amma dünyada belə şey yoxdur. İndi baxıram ki, məndən də balaca stoperlər var. Buna görə də alternativ şeyləri düşünməliyik: top saxlamalı, kombinasiyalı, sürətli oyuna üstünlük verməliyik. Nələrləsə həmin çatışmazlığı kompensasiya etməliyik. Alternativ şeylər düşünmək lazımdır. Məşqlə boyu düzəltmək olmaz.
- Fasiləyə qədər komanda daha baxımlı oyun göstərirdi. İkinci hissədə nə baş verdi?
- Birinci hissədə də təxminən 10 dəqiqə oyunun ritmini itirmişdik. Fasilədən sonra da ilk 10-15 dəqiqə çətin oldu. Amma ondan sonra başabaş oyun getdi. Sadəcə oyunun əvvəllərində elədiyimiz pressinqi sonadək davam etdirə bilmədik. Çünki rəqib də artıq ayılmışdı. Bu, normal şeydir. Uşaqları sürətli futbol oynamağa öyrəşdirməliyik. Bu nə qədər alınacaq, ya yox, görəcəyik. Nə qədər alınırsa, oyuna diktə etməliyik. Təbii ki, bir baş üstün rəqib olarsa, artıq müdafiədən oynayacağıq. Ancaq bizdən çox az güclü olan rəqiblərə qarşı meydanda dominant olmalıyıq. Ən azından buna cəhd etməliyik.
- Bu komandanın əsas çatışmazlığı nədir? Bir də artıq futbolçular başa düşüblərmi ki, Rəşad Sadıqov onlardan nə istəyir?
- Problemlər haqda danışmaq istəmirəm. Mənə qədər burda nə olub-olmadığını müzakirə etmək mənasızdır. Bəlkə mənim vaxtımda da problemlər olacaq və sonrakı məşqçi onlardan gileylənəcək. Sadəcə öz fəlsəfəmi yeritməyə çalışıram. Məndən əvvəl də müəyyən vaxtlarda yaxşı nəticələr olub. Mənim fəlsəfəm bir qədər fərqlidir. Bunu uşaqlara yeritməyə çalışıram. Komandadan razıyam. Bütün oyunlarda uşaqlar xoşuma gəliblər. Sadəcə istəyirəm, daha da peşəkarlaşsınlar.
- İdman tonusu sevir. Ancaq bu futbolçular klublarında çox meydana çıxmırlar...
- Məni əsas narahat edən məqam odur ki, bu futbolçular klublarında oynayacaqlar, ya yox. Meydana çıxsalar, bəsdir. Bu, əsas şərtdir. Klublarımızın məşqçiləri kifayət qədər peşəkardır. Uşaqlara deyirəm ki, "dirəşib", heyətə düşməlisiniz. Əgər siz çalışsaz, məşqçilər buna diqqət edəcəklər. Kim istəməz ki, heyətində cavan oyunçu olsun. Bu futbolçuların klubda oynaması şərtdir.
MilliYol.Az
Digər xəbərlər
loading...