Dalğa Xatınoğlu
Özünü əsl yunan bilən alman filosofu Fridrix Nitsşe haqlı olaraq xələfi Heraklit (e.ə. 535-475) kimi düşünürdü ki, fəlsəfə ağılın deyil, vəcdin məhsuludur. Onu qələmlə deyil, çəkiclə yazmaq lazım, bütləri sındıra-sındıra...
Buna görə də Nitsşe Homer, Aristofan, Heraklitlə yanaşı, barmaq sayıca sevdiyi başqa insanların içində Hötenin də adını çəkir, hansı ki, bunlar azad düşüncə, eləcə də daxili gücə yönəlik iradənin örnəyi və köləlik əxlaqından uzaq duraraq həyata “hə” deməyi bacarandırlar.
Adətən Sokratdan öncəki əski yunana valeh Nitsşe ölkəsinin sənət və fəlsəfəsini qınayaraq deyirdi ki, bunların hamısı “alman pivəsinin təsirindəndir”, ancaq
Höteni dönə-dönə öyüb. Nitsşenin üst insanı elə Höte tipindədir, Dionisin ruhunu daşıyan, həyata "hə" deməyi bacaran, ağlına özü hökm edən, vəcdə gəlmiş yaradıcı
Alman şairi Yohann Volfqanq Höte daha çox "Faust" əsəri ilə tanınır. Alim Faust, müxtəlif elmlərin yetərsizlikləri, limitlərindən bezib, xoşbəxtliyi və bütöv elmi dadmaq üçün ruhunu şeytanın qulluqçusu Mefistofelə satır. Mefistofel yunan dilində “işıqdan qaçan” deməkdir.
Mixail Bulqakovun "Usta və Marqarita" əsəri, nəinki Hötenin "Faust"undan yeni oxunuşdur, hətta "Faust" əsərində olan bu misralarla başlayır:
“Ey qulluğuna durduğum güc,
Sonunda kim olduğunu söylə,
Ey həmişə şərrə yönəlik,
Ama xeyir işlər görən güc”.
Hər iki əsər aldanış, yaltaqlıq, kirli, ideologiya bataqlığında olan toplumda cərəyan edir, ancaq fəlsəfəyə, ilkin xristianlıq və ondan öncəki yunan və Roma miflərinə də bollu eyhamlar var
Hər iki əsər estetik elementlərlə doludur.
Faust ilə bağlı XV əsrdən bəri, çeşitli əsərlər yazılıb, ancaq Höte bu əsəri Kristofer Marlo (1564 –1593) kimi sənətkarlardan fərqli olaraq sırf əxlaqi konseptdə deyil, Nitsşe demişkən, pis-yaxşının ötəsində təqdim etməyi bacarıb. Mefistofelə insanın düşməni kimi, dini şeytan donu geyindirməyib. Dəqiq əski yunanda olduğu kimi, Mefistofel yalnız nifrin edilmiş insanın qulluğundadır, yəni dində təqdim olunmuş şeytan deyil, hətta şeytana simpatiyası var. Qısası, Mefistofel insanı Tanrının qarğışı və əzabına sürükləmir, sadəcə öncədən qarğınmış insanın qulluğunda durur. Bu məfhum Bulqakovda daha dərin və maraqlıdır. Əlbəttə, “Usta və Marqarita” romanında iblisin adı Volanddır.
O, Mefistofel vasitəsilə iki aşiqi xoşbəxt edir, yerinə başqa xain, yaltaq və alçaq insanları məhv edir. Şeytana güclü, müsbət rol vermək, əski yunandan tutmuş, bəzi ilkin xristianlıq təriqətləri, izədilər, İranda maniheizm (yeri gəlmişkən, İsanın doğum günü İranın Mitrası ilə eynidir, bütün dini ayinlərin vaxtı, mitraizmin ayinləri ilə eyni zamandadır və nəhayət, Cənnət-Cəhənnəm anlayışı İsadan bir əsr sonra Zərdüşt dinindən xristianlığa keçib), sonra sufilik təriqətlərində bollu nümunələri var və hamısında qnostisizm qabarıqdır.
Ümumiyyətlə, şərin nə olduğu həmişə fəlsəfə, ədəbiyyat ilə dini təriqətlərin əsas mövzularından olub. Elə buna görə, sufilikdə bəzən şeytanı “Müvəhhidlər seyyidi”, yəni Tanrının birliyinə inananların böyüyü adlandırıblar, ona görə ki, Tanrı əmr etsə belə, insana səcdə etməyib. Səbəb isə budur ki, Tanrıdan başqa heç kimə səcdə etmək olmaz. Hər halda xristian qnostiklər miladdan sonra üçüncü yüzillikdə tamamilə kilsə vasitəsilə darmadağın olunub, məhv edildilər, amma şeytana lənət olunmuş, insanın düşməni kimi baxmaq şübhəsi sonralar yenidən baş qaldırdı.
Dostoyevskinin “Karamazov qardaşları” romanı başdan-ayağa şərin mahiyyəti ilə bağlıdır. Şər, ümumiyyətlə nədir? Qnostisizm başqa yazarlarda da aydın görünür, Con Milton, Höte, Herman Hesse və b.
Bulqakovun Mefistofeli insanda tamamilə simpatiya hissləri yaradır. "Usta və Marqarita" romanında İsanın necə xaça çəkilməsi, çevrəsindəki insanlar və edamında Roma hökumətinin rolu tamamilə fərqlidir. Ancaq Bulqakovun dedikləri fantastik, uydurma hekayə deyil.
Romanda deyilir ki, oğru kimi tanınan Mətta həmişə İsanın ardınca düşür və onun sözlərini keçi dərisi üstündə yazır. Bir dəfə İsanın gözü təsadüfən Məttanın əlindəki dəriyə düşür və dəhşətə gəlir ki, bu təhrif olunmuş yazılar nədir? Xüsusilə, 18-ci əsrdən sonra bir çox araşdırmaçılar Məttanın yazdığı İncilə şübhə ilə yanaşıblar. Bu İncil İsanın doğumu haqda daha geniş yazıb, hansı ki, tarixdə, bu haqda heç bir sənəd yoxdur. O zaman Roma və yəhudi tarixçiləri ən adi hadisələr, hətta küçə savaşları haqda yazıblar, amma İsa adlı şəxs haqda heç nə yazmayıblar. Hər halda Məsih anlayışı İsadan öncə də var imiş və bir çox Məsih titulu daşıyan insanlar İsadan öncə xaça çəkilmişdilər. Hər halda Nazaretli İsa haqda tarixdə təxminən heç nə yoxdur.
Romanın başlanğıcında bir jurnalın baş redaktoru ilə gənc yazar küçədə oturub, İsa haqda danışırlar və söhbət bundan gedir ki, o, heç zaman olmayıb. Sonra xaricilərə bənzər, amma rus dilini yerli əhalidən seçilməz səviyyədə danışan kişi onların yanında oturub, deyir ki, İsa doğrudan da olub və onun xaça çəkildiyini gözü ilə görüb. Artıq bu hissədə romanın mistik qat daşıdığı sezilir. Maraqlısı budur ki, şeytan nəinki İsanın varlığını təsdiq edir, hətta bir hadisə törədib, İsanı danan baş redaktorun başını bədənindən ayırır. Belə yanaşma ironik görünsə də, romanın sonuna qədər davam edən hadisələr göstərir ki, şeytanın ziyanı ancaq pis adamlara dəyir.
Roman üç hissədən ibarətdir. Birinci Moskvanın ümumi atmosferini və əhalini bütün pislikləri ilə təsvir edir. İkinci hissə İsanın xaça çəkilməsi, üçüncü hissə bir adsız yazıçının (Usta, yaxud usta titulu ilə tanınan gənc) və onun ərdə olan sevgilisi Marqaritanın hekayəsidir. Bu üç hekayə bir-birinin içində gəlir, bir az ondan, bir az bundan və sonunda Moskvanı qasırğa bürüyür, necə ki, İsanın xaça çəkildiyindən sonra Yerusəlimi bürümüşdü.
Beləliklə, roman ictimai tənqid ilə yanaşı, həm də fəlsəfi, tarixi yük daşıyır. Fəlsəfi qatı, əslində, Hötenin "Faust"u kimi əski yunan miflərindəki şəxsiyyətlərlə doludur, xüsusilə, şeytanın ayinə bənzəyən qonaqlıq məclisində cərəyan edən hadisələr. Dini baxımdan, İsa və şeytanla bağlı rəsmi kilsənin təqdim etdiyi rəvayəti dağıtmağa çalışır və hekayədə açıq görünür ki, İsa nə latın, nə də yunan dilini bilirmiş. Yəni İncilin yazıldığı dili bilmirmiş. Belə yanaşmanı daha çox yunan yazarı Nikos Kazancakisin romanlarında görürük, ancaq Bulqakovda estetika müqayisə olunmaz dərəcədə güclüdür.
Romanın bir hissəsində şeytan xalqa teatr zalında tamaşa qurur. Orda açıq görünür ki, insanlar nə qədər kapitalizmin simvolu olan modaya can atırlar. Əslində, bu fəlsəfi yanaşmadır. Çünki marksistlər düşünürlər ki, hakimiyyət növü dəyişsə, xalqın zövqü, istəyi və təbiəti də dəyişər. Ancaq görünür, kommunizmin ən güclü çağında əhali dollar, moda və kapitalizmin dəbdə olan simvolları üçün əldən-ayaqdan gedir. Tamaşada qadınlar qərb markalı paltarları alıb, acgözlüklə geyinirlər. Tamaşadan sonra qadınlar çölə çıxır və birdən əynindəki paltarlar yox olub, hamısı çılpaq şəkildə təşvişə düşüb xiyabanda qaçırlar.
Görürük ki, şeytan Moskvada pislik yaratmaq yerinə, sadəcə mövcud pislikləri ifşa edir. Ordakı İsa da rəsmi rəvayətlərdən fərqli olaraq tərəddüdlü, yalvarışlı, yazıq adamdır. Yəni təntənəli, möhtəşəm insan deyil. İsa onun ən yaxın həvarisi kimi tanınan Mətta haqda yəhudi torpaqlarına nəzarət edən Roma sərkərdəsi Ponti Pilata gileylənir ki: “Bu kişi keçi dərisi əlində, haraya gedirdim, ardımca düşüb, sözlərimi qeyd edirdi. Bir dəfə əlindəki dəriyə baxıb, dəhşətə gəldim, o yazının bir sözü belə, mənim deyildi”. Romanda, İsanın mühakiməsi və xaça çəkilməsi ilə rəvayət də tamamilə fərqlidir.
"Usta və Marqarita" əsərini oxumaq üçün Stalin zamanındakı qorxunc sistem, yaltaq və alçaq yazarlar, müstəbid hökumətlə yanaşı, mütləq İncil və "Faust"la tanış olmaq lazımdır. Yerli-yerində bu iki kitaba eyhamlar var. Məsələn, Hötenin əsərində Faust şeytanla danışığa gedir ki, Marqaritanı qurtarsın, Bulqakovda əksinə, Marqarita şeytanla danışır ki, Ustanı qurtarsın. Hötedəki sevgi, cinayət və faciə ilə bitir, Faust vicdan əzabı ilə baş-başa qalır, amma Bulqakovun əsərində hər iki sevgili şeytanın vasitəsilə əbədi qovuşub, xoşbəxt olurlar. Hər iki əsər mistika və cadu ilə doludur. Bilirik ki, Höte reallıq və məntiqə köklənmiş klassisizmə üsyan edən romantizmin, Bulqakov isə quru, bezdirici limitlərlə dolu toplumun, hakimiyyətin, həmçinin sosial-realist ədəbiyyatın hökm sürdüyü mühitin nümayəndəsidir. Hansı ki, bunlardan qaçmaq üçün mistik atmosferə daldalanır. Şeytan tamamilə polis və təhlükəsizlik qüvvələri nəzarətində olan Moskvanı xaosa sürükləyir.
İşin maraqlı tərəfi budur ki, real Moskvada baş verən hadisələrin təxminən hamısı mistik, cadular, qeyri-adi işlərlə doludur, ancaq varlığı şübhə altında olan İsanın xaça çəkildiyi Yerusəlimdə və ümumiyyətlə, İsa haqda danışanda, nə möcüzə baş verir, nə mistik nəsə var. Sanki tarix kitabı oxuyursan.
Əsər, həm də yumorlarla doludur. Yumor qorxunu üsyana çevirmək üçün ən ciddi və güclü vasitədir. Bulqakov bunun öhdəsindən çox yaxşı gələ bilib.
MilliYol.Az
Digər xəbərlər
loading...