Kim Qattas
“Foreign Policy”
18 fevral 1979-cu ildə, İran şahının devrilməsi və Ayətullah Ruhullah Xomeyninin ölkəsinə qayıtmasından bir neçə gün sonra Yasir Ərəfatı daşıyan xüsusi təyyarə gecə Tehrana endi. Fələstin lideri inqilabdan sonra Tehrana səfər edən ilk xarici qonaq idi və o, tarixi hadisənin öz azadlıq mübarizəsinə impuls qazandıracağına ümid bəsləyirdi. İran jurnalistlərinə açıqlamasında o dedi: "Mənə elə gəldi ki, Qüdsə enirəm”.
Növbəti gün İsrail ticarət missiyasının binası Ərəfatın Fələstin Azadlıq Təşkilatına (FAT) verildi. "Bu gün İranda İslam inqilabının zəfərinə şahid oluruq və sabah Fələstində qalib gələcəyik, – Ərəfat bəyan etdi. – Biz Fələstin torpaqlarını İmam Xomeyninin rəhbərliyi ilə azad edəcəyik".
Hətta İrana dönməmişdən əvvəl Xomeyni İsrail-Fələstin münaqişəsini İslam dünyasını səfərbər etməyə və inqilabın şiə məzhəbindən kənara çıxmasına imkan verəcək bir məsələ kimi müəyyən etmişdi.
Elə 1979-cu ildən bəri fələstinlilərin məsələsi Səudiyyə Ərəbistanı və İran arasında regional rəqabətin mərkəzində durur.
Başqa bir zamanda da ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi iki regional gücün keçməsi üçün fürsət olacaqdı. Ancaq hazırda Səudiyyə Ərəbistanı və İran məhz Trampın qərarı ilə bağlı bir-biri ilə dirəşirlər.
Qüds məsələsində İran fələstinliləri dəstəkləsə də, bu səbəb İranın regional ambisiyalarına da yardımçı olub. 1979-cu ildən İran illik Qüds Günü keçirir, hətta İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) elit ekspedisiya hissəsinə müqəddəs şəhərin adını verib. O, həmçinin fələstinli HƏMAS hərbi qrupu və Livanın “Hizbullah” təşkilatını silahlandıraraq və maliyyələşdirərək Ərəb dünyasına təsirini artırıb.
İslam inqilabından sonra hətta Səudiyyə Ərəbistanı Fələstin məsələsində İranla ümumi bir cəbhəni paylaşmağa hazır görünürdü. Ərəfatın Tehrana səfərindən sonra Küveytin “Əl-Rai əl-Əam” qəzetində (19 fevral) bu başlıq vardı: "Səudiyyə Ərəbistanı İran inqilabını tərifləyir".
Bəli, doğru oxudunuz. Səudiyyə Ərəbistanı və İran bölgəni parçalamağa başlamazdan əvvəl rəsmi Riyad İranın yeni rəhbərləri ilə işləməyə hazır görünürdü. “Əl-Rai əl-Aam” Səudiyyə Ərəbistanının “Əl-Nadva” qəzetinə istinadən xəbər verirdi ki, Səudiyyə Ərəbistanı "İranın ərəb xalqını dəstəklənməsi və sionist düşmənə qarşı mübarizəsi üçün cəsarətli mövqeyini" pozacaq hər hansı hərəkətə qarşı çıxacaq.
Səudilər Xomeyninin yaratdığı təhlükəni başa düşdükdən sona çatan bu qısamüddətli an 1967-ci ilin Altıgünlük müharibəsindən sonra regiondakı əhval-ruhiyyənin real göstəricisi idi. Səudiyyə Ərəbistanı 1978-ci ildə Misir prezidenti Ənvər Sadatın İsraillə sülh razılaşmasına təəccüblü dəstək vermiş, amma 1979-cu ilin əvvəlindən bu mövqedən geri çəkilmişdi.
Xomeyninin dəstəklədiyi Ərəfat Misirlə bağlı ittihamlar irəli sürdü. Suriya kimi – Xomeyninin digər müttəfiqi kimi. 1979-cu ilin aprel ayında Səudiyyə Ərəbistanı Misirlə əlaqələri kəsdi və onun informasiya naziri Sadatın "minimum tələbləri nəzərə almadan sionist düşmənlə diplomatik nümayəndəlik mübadiləsi" qərarını tənqid etdi.
Lakin Birləşmiş Ştatlarla ittifaq qurduqdan sonra Səudiyyə Ərəbistanı İsrailə qarşı silahlı mübarizəni heç zaman dəstəkləməyib. 1982-ci ildə kral Fəhd tərəfindən irəli sürülmüş sülh planından tutmuş, kral Abdullahın 2002-ci ildəki sülh təşəbbüsünə qədər diplomatik səylər həmişə üstünlük təşkil edib. Bu, Səudiyyə Ərəbistanının konsensus və İsraillə geniş sülh üçün Ərəb dünyasının qalan hissəsini təslim edə biləcək regional lider kimi imicini qurma cəhdinin bir hissəsidir.
Bu gün Səudiyyə Ərəbistanı Vaşinqtonla ittifaqı İranı məğlub etmək üçün ABŞ-ın dəstəyinə ehtiyacı olan, demək olar ki, təkrarlanan fikirlərlə məhdudlaşır. Həm də Qüdsü müdafiə simvolundan daha böyük strateji prioritet olan İran əleyhinə Səudiyyə-İsrail təhlükəsizlik əməkdaşlığına dair çoxsaylı xəbər var. Amma Trampın Qüds elanında cəmi bir saat sonra Ağ Ev ilk dəfə Riyadı Yəməndə humanitar fəlakətlə bağlı məzəmmət etdi. Səltənət Qüds qərarından sonra belə bir "məsuliyyətsiz və əsassız addım"dan "böyük məyusluq" keçirdi və bunun "ciddi nəticələr doğuracağ"ını bildirdi. Vəssalam, başqa heç nə olmadı.
Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutundan olan Robert Satloffun başçılıq etdiyi heyət Riyadı səfər edib, amma Trampın Qüds qərarına bir çox səudi rəsmisindən şikayət eşidilməyib, yalnız şahzadə Məhəmməd bin Salman azca gileylənib. Bəlkə də, Səudiyyə Ərəbistanı ziyarətçilərə qarşı nəzakətlə olublar, amma bu nəzakətlərinə baxmayaraq, bir zamanlar kral Abdullah iranlıları nişan verməklə, Amerika rəsmilərini "ilanın başını kəsməyə" çağırmışdı.
Bu, Səudiyyə Ərəbistanının və onun müttəfiqlərinin Trampın son hərəkətinin bölgədə yarada biləcəyi təsirdən narahat olmadığı demək deyil. Səudiyyə mənbələrinə görə, elandan öncə kral Salman ABŞ prezidentinə Qüdslə bağlı qərarın Ayətullah Xamneiyə hədiyyə olacağını deyib. Səudiyyə Ərəbistanın sabiq kəşfiyyat rəhbəri Türki əl-Faysal Trampun qərarı ilə “tvit” yazaraq, bu mövqeyi təkrarlayıb: "Bu, [Trampın qərarı] İran və onun terrorçu piyadalarının, İsrailin və Amerikanın imperialist məqsədlərinə qarşı Fələstin haqlarının qanuni müdafiəçiləri olduğunu iddia etməsi zəminini möhkəmləndirdi".
Bu arada İran artıq Trampın Qüds qərarını öz rəqibləri üzərində diplomatik və siyasi təsir naminə istifadə etməyə başlayıb. Dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının (İKT) İstanbul Zirvəsində 57 müsəlman dövləti Trampın qərarını rədd edib və Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanımağa çağırıb. Ancaq İran prezidenti Həsən Ruhani və digər dövlət başçıları ilə müqayisədə Səudiyyə Ərəbistanı zirvəyə daha aşağı səviyyəli bir heyət göndərib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu həqiqəti nəzərdən qaçırmayaraq “tvit” atıb: "İKT-nin fövqəladə zirvəsində çox yüksək səviyyədə iştirakdan bəzi istisna şəxslər ilham almadı".
Lakin İran həqiqətən də bütün müsəlmanlar üçün Qüds müdafiəçisi bayrağını daşıya bilərmi? Həm də İraqda aciz şiə milliyyətçiliyini, Suriya prezidenti Bəşər Əsəd rejimini dəstəklədikdən, İİKK və “Hizbullah”ın sünni ölkələrə dağıdıcı zərbələrindən sonra…
Trampın açıqlamasından sonra, Cümə günü “Hizbullah” Beyrutun cənub ətrafında böyük etiraz aksiyaları keçirib və "Amerikaya ölüm!", "İsrailə ölüm!" şüarları səsləndirilib. Partiyanın lideri Həsən Nəsrullah yeni intifadaya və bütün müqavimət tərəflərini İsrailə qarşı birləşməyə çağırıb.
Trampın qərarından bir gün sonra İsrail-Livan sərhədində İraq könüllülərinin lideri Qeys əl-Xəzalinin iştirakı ilə yayımlanan bir videoda, “Hizbullah” İsrailin Metulla və Kiryat Şimona şəhərlərində təhdid edib. "Biz … Livan xalqı və fələstinlilərlə birlikdə İsrail işğalına qarşı duruş gətirməyə hazır olduğumuzu bəyan edirik".
Bölgənin, Ərəb dünyasının durumu İrana sərf edir. Lakin “Hizbullah”ın Suriya münaqişəsinə İranla birlikdə müdaxilə etməsi qərarı əhalisinin əksəriyyəti sünni olan ölkəndə avtoritar rejimə kömək etsə də, İsrailə qarşı müqavimətində liderlik iddiasını ortadan qaldırıb.
2008-ci ildə “Hizbullah”la İsrail arasındakı 34 günlük müharibədən iki il sonra keçirilən bir sorğuda Nəsrullahın Ərəb dünyasının ən məşhur lideri olduğu, ondan sonra Əsəd və sonra İran prezidenti Mahmud Əhmədinejadın gəldiyi əks olunmuşdu. Şiə liderlərin bu cür kross-sektant populyarlıqdan istifadə etdiyi günlər artıq başa çatıb. Doğrudur, Qüds gündəmdə qalır. Bu, ərəb-müsəlman dünyasında insanların birləşə biləcəyi bir məsələdir. Amma bu gün söhbət müqəddəs şəhərdən getdikdə, İran-Səudiyyə Ərəbistanı geosiyasi rəqabəti daha öndədir. Fələstinlilər bir daha yalqızdır.
MilliYol.Az
Digər xəbərlər
loading...