Artıq şurada kimlərə yer verildiyi də ictimaiyyətə bəllidi. Beləcə, AFFA-nın yeni "övladı" qeysəriyyə əməliyyatı ilə dünyaya gəldi. Görəsən, "uşaq" kimə oxşayacaq - dədəsinə, yoxsa dayılarına? Bunu bizə zaman göstərəcək. Bəs, "uşağ"ın "atası" kimdi? Heç bir DNT analizinə ehtiyac belə yoxdu. O, budur - AFFA-nın baş katibi Elxan Məmmədov!
Yaxın keçmişə nəzər salanda görürük ki, əgər bir klubda Müşahidə Şurası varsa, deməli, orada AFFA-nın baş katibinin də əli var. Klubun şurasında oturacaq şəxsləri görüşə çağırır, "Sənə vəzifə verirəm, get işlə. Amma mənim dediyim olacaq" söyləyir. Tədricən də əmr qullarının əli ilə öz planlarını həyata keçirir. Bu qədər sadə. Görünən köyə nə bələdçi?
Xalqın "Xəzər Lənkəran" kimi balasının göz görə-görə ölməyinə göz yuman, biganə qalan Məmmədovun yeni "bala" "zakaz" eləməsini isə anlamaq heç də çətin deyil. Bu, ilk "balalama" deyil ki... Maşallah, sanki inqibatora sahibdi. "Sumqayıt", "Neftçi", "Kəpəz"... İndi də "Səbail"...
Hələ yaxşı ki, biz Xoşqədəm xanımı qabaqlayıb, Almaniyada, gözdən uzaqdakı kağız üzərində yaşayan Berlin məktəbi "balası"nı aşkarladıq. Ay başına dönüm, bir "bala"ya da il ərzində milyonlar xərcləyəsən, axırda da "uşaq" gedib dayılarına oxşasın... Ağır dərddi, Məmmədov, ağır dərddi. Bilirəm, bilirəm...
Bayaq diqqətimi baş katibin dünyaya gələn yeni körpəsi "Səbail"in loqosu çəkdi. Komandanın emblemində "qala və onun qoruyucusu olan 3 şir” konsepsiyasından istifadə edilib. Rəhbərlik deyir ki, bu, Səbailin tarixi ilə bağladı. Qala tarix mirasıdı. Şir isə qorxmazlıq simvolu sayılır.
Ancaq mənə elə gəlir ki, bu qala AFFA-nın inzibati binasıdı. Qabaqdakı şir də Elxan Məmmədov. Emblemi tərtib edənlər şirin ayaqlarının önündəki topu qozla əvəzləsəydilər, fikrimcə, daha kreativ alınardı. Çünki indi futbolumuzda Qaqaş Olanların Zamanıdı...
Emin Səfərov
Sport7.az