Kulis.az Nuranə Abbasovanın tərcüməsində 2017-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronun Nobel nitqinin tam mətnini təqdim edir
Əgər təsadüfən mənimlə 1979-cu ilin payızında rastlaşsaydınız, ictimai, hətta irqi vəziyyətimi xarakterizə etməkdə çətinlik çəkərdiniz. 24 yaşım vardı. Üzümdə yapon cizgiləri daşıyırdım. Ancaq həmin dövrdə Britaniyada rastlaşdığınız yaponlardan fərqli olaraq çiynimə düşən saçlarım və quldur stilində çənəmədək uzanan bığım vardı. Nitqimdəki şivə isə İngiltərənun cənub qraflıqlarında tərbiyə olunanların tələffüzünə oxşayırdı. Əgər mənimlə ünsiyyətə girsəydiniz, yalnız “total futbol”un holland taktikası, yaxud Bob Dilanın sonuncu albomu və ya Londonda evsiz keçirdiyim bir ilim haqda danışa bilərdik. Əgər Yaponiya və mədəniyyəti haqqında soruşsaydınız, səsimdəki titrəmələri hiss edərdiniz. Çünki həmin vaxt hətta bayram münasibətilə getdiyim və 5 yaşımdan tərk etdiyim bu ölkə haqda xəbərsizliyimi elan edə bilərdim.
Həmin payız ətrafında kiçik su dəyirmanları və fermer sahələri olan balaca ingilis kəndi Bakstona (Norfolk) rükzakım, gitaram və daşınabilən yazı makinamla gəlmişdim. Bura Şərqi İngiltərə Universitetində “Ədəbi yaradıcılıq” kursuna qəbul olunduğum üçün gəlmişdim. Universitet Noric şəhər kilsəsindən 10 mil məsafədə yerləşirdi və avtomobilim olmadığından ora getmək üçün yeganə şansım yalnızca səhər, günorta və axşam bir dəfə yola çıxan avtobus idi. Ancaq sonra müəyyən etdim ki, bu, elə də böyük problem deyilmiş. Universitetdə həftədə iki dəfədən çox olmamaq şərtilə dərs buraxmağıma icazə verirlərmiş. Qaldığım otağı arvadı tərəfindən tərk edilmiş 30 yaşlı kişiyə məxsus balaca evə dəyişdim. Şübhəsiz, ev onun dağılmış xəyallarının kabusuyla doluydu. Nədənsə məndən uzaq qaçırdı, hər halda bütün gün bircə dəfə olsun, onu görmürdüm. Coşqun həyatdan sonra Londonda qeyri-adi sakitlik və təkliklə baş-başa qaldım. Bu isə məni yazıçıya çevirdi.
Faktiki olaraq balaca otağım hər yazıçının arzuladığı klassik çardaqdan fərqlənmirdi. Tavanlar əyri-üyrü idi, əgər barmaqlarımın ucuna qalxsaydım, yeganə pəncərəmdən uzandıqca uzanan şumlanmış sahələrə doğru açılmış mənzərəni görəcəkdim. Balaca stol var idi, onun da üstü yazı makinam və stolüstü lampamla tutulmuşdu. Döşəmədə çarpayının yerində böyük düzbucaqlı, sənaye istehsalı süngər var idi. Bu da məni Norfolkun soyuq qış gecələrində belə, tərləməyə məcbur edirdi.
Məhz bu otaqda yayda yazdığım iki qısa hekayəmi diqqətlə təhlil etməyə başladım. Onları yeni sinif dostlarıma (Sinifdə həftədə iki dəfə yığışan 6 nəfərdən ibarət idik) göstərmək üçün yaxşı olub-olmadıqlarını aydınlaşdırırdım. Həyatımın həmin dövründə BBC tərəfindən rədd edilmiş radiotamaşada öz yerimi tutaraq bədii nəsr sahəsində bir qədər cızmaqara etdim. Əslində 20 yaşım olanda çətinliklə də olsa, rok-ulduz olmağa qərar vermiş, ədəbiyyat ambisiyalarımı isə yeni-yeni elan etməyə başlamışdım.
Nəzərdə tutduğum iki mühüm hekayə universitet kursuna qəbul olunmağıma cavab olaraq təlaşla yazılmışdı. Onlardan biri kütləvi intiharlar, digəri sosial xidmət işçisi kimi vaxtımı keçirdiyim Şotlandiyada küçə döyüşləri haqda idi. Daha sonra Böyük Britaniyada əksər gənclərin etdiyi kimi pişiklərini zəhərləyənlər haqda yeni hekayəmə də başlamışdım. Daha sonra bir gün - otağımda keçirdiyim üçüncü, ya dördüncü gecə idi – Yaponiya, İkinci Dünya müharibəsinin son illərində anadan olduğum Naqasaki şəhəri haqda inadkar güclə yazmağa başladım.
Bunun mənim üçün gözlənilməz olduğunu qeyd etməliyəm. Bu gün hakim olan inanca əsasən, bu, qarışıq mədəni mirasa sahib təkfikirli yazıçının əsərindəki “köklərini” kəşf etməsinin instinktidir. Ancaq bu vəziyyət bir qədər məndən uzaq idi. Böyük Britaniyada “multikultural” ədəbiyyat partlayışından bir neçə il uzaqda idik. Həmin vaxt Salman Rüşdi yalnız bir kitab buraxmışdı və o qədər tanınmırdı. Qeyd edilən dövrün aparıcı britaniyalı gənc yazarlarının kim olduğu soruşulsa, insanlar Marqret Dreblin, köhnələrdən isə Ayris Merdokun, Kinqsli Emisin, Uilyam Qoldinqin, Entoni Berdcessin, Con Faulzun adlarını çəkə bilərdilər. Qabriel Qarsiya Markes, Milan Kundera və Xorxe Luis Borxes kimi xaricilər çox az oxunurdular. Hətta adları kitabsevərlərə belə yad idi.
İlk yapon tarixini bitirəndə ədəbi iqlim belə idi. Yeni istiqamətin açılışı hissilə qarşımda sual qoymağa başladım: bütün bu baş verənlərə öz arzularının geriləməsi kimi baxmaq olmazmı və dərhal “normal” mövzulara qayıtmaq lazım deyil ki?.. Bir qədər tərəddüddən sonra bu tarixi təqdiq etməyə başladım və indiyədək bu işdə mənə dəstək olan kurs yoldaşlarıma, müəllimlərimə, Malkol Bredberi və Anjela Karterə, roman yazarı Pol Beyliyə dərin təşəkkürümü bildirirəm. Əgər daha az pozitiv olsaydılar, yəqin daha Yaponiya haqda yazmayacaqdım.
Otağıma qayıtdım və hər gün yazdım, yazdım. 1979-cu ilin qışından 1980-ci ilin yazınadək, demək olar, heç kimlə danışmırdım. Yalnız 5 sinif yoldaşımla, quru səhər yeməkləri və quzu böyrəkləri aldığım dükan satıcısı ilə ünsiyyət qururdum. Və ən əsası, hər ikinci həftə sonu məni ziyarətə gələn sevgilim Lornla (İndi həyat yoldaşımdır) ünsiyyətdə idim. Bu, tarazlaşdırılmış həyat deyildi, amma bu 4-5 ay ərzində ilk romanım – atom bombasından sonra bərpa olunan Naqasaki haqda danışdığım “A Pale View of Hills”in (“Təpələrin solğun mənzərəsi”) yarısını yaza bildim.
Hərdən xatırlayıram ki, bu dövr ərzində Yaponiyada baş verə biləcək bir neçə hadisə haqda qısa hekayələr üçün ideyalar düşünməyə başlamışdım və bunu onlara marağımın necə azaldığını göstərmək üçün xatırlayıram. Bu aylar mənimçün çox önəmli idi. Bu aylar olmasaydı, heç vaxt yazıçı olmayacaqdım. Həmin vaxtdan tez-tez geriyə boylanır və soruşuram: mənimlə nə baş verirdi? Bu xüsusi enerjinin arxasında nə dayanırdı? Cavabım “məhz həyatımın həmin dövründə inadla “qoruyub saxlama” işi ilə məşğul olmağa başlamışam” olur. Bunu izah etmək üçün isə bir qədər geriyə qayıtmalıyam.
5 yaşım olanda valideynlərim və bacımla İngiltərəyə gəldim. 1960-cı ilin aprelində Londonun cənubundan 30 mil məsafədə yerləşən, “birja dəllalları” ilə zəngin Surrey qraflığının Qildford şəhərinə köçdük. Atam Britaniya hökumət orqanında çalışmağa başlayan tədqiqatçı-alim, okeanoqraf idi. Yeri gəlmişkən, atamın bu sahə ilə bağlı ixtira etdiyi mexanizm bu gün də Londonda Elm Muzeyinin daimi kolleksiyasının bir hissəsini təşkil edir.
Gəlişimizdən bir qədər sonra çəkilmiş fotolar İngiltərəni keçmiş zamanda göstərir. Kişilər V yaxalıqlı yun sviterlər geyinir, avtomobillərinin ayaqlığı və arxada ehtiyat təkəri var. “The Beatles”, seksual inqilab, tələbə etirazları, “multikulturalizm” öz yerində idi. Ancaq bir ingilisin ailəmizə gəlişi azacıq şübhəli görünürdü. Fransa və ya İtaliyadan hər hansı əcnəbini qarşılamaq çox xoş hadisə hesab edilsə də, yaponlardan söhbət belə, gedə bilməzdi.
Ailəmiz12 evdən ibarət, asfalt yolun bitdiyi və kənd yolunun başladığı ölü bölgədə yaşayırdı. Yerli fermadan 5 dəqiqəlik məsafədə yerləşən kənddə inəklər sıra ilə düzülür, süd at arabalarında paylanırdı. İngiltərəyə gəldiyim ilk gündən təsəvvürümdə qalan mənzərə - saysız kirpi, şirin gecə varlıqları, avtomobil təkərləri ilə əzilmiş, səhər zibilyığanların gəlişini gözləyən yola tökülmüş zibillər...
Qonşularımızın hamısı kilsəyə gedirdi və onların uşaqları ilə oynayanda yeməkdən əvvəl kiçik dua etdiklərinin şahidi olurdum.
Bazar məktəbində təhsil alırdım və 10 yaşım olanda kilsə xorunda oxumağa başladım. Qildfordda xor oxuyan ilk yapon idim. Yerli ibtidai məktəbə getməyə başladım. Orada bütün məktəb tarixi boyunca yeganə ingilis olmayan şagird idim. 11 yaşım olanda Londondakı ofislərinə gedən zolaqlı kostyumlu və papaqlı kişilərlə birlikdə hər səhər qonşu şəhərdə yerləşən gimnaziyaya yollanmaq üçün qatardan istifadə edirdim.
Bu mərhələdə ingilis orta məktəb şagirdindən gözlənilən davranışları öyrənməyə başladım. Dostumun evinə gedəndə böyüklər otağa daxil olarkən nə etməli olduğumu; yemək vaxtı stoldan qalxmaq üçün icazə istəməli olduğumu öyrəndim. Məhəllədəki yeganə əcnəbi uşaq olduğum üçün məşhur idim. Digər uşaqlar onlarla tanış olmazdan əvvəl kim olduğumu bilirdilər. Tanımadığım yeniyetmələr isə bəzən küçədə, mağazada adımla müraciət edirdilər.
Geriyə boylananda yaponların qatı düşmənləri olduğu İkinci Dünya müharibəsinin bitməsindən 20 ildən az vaxt keçməsinə baxmayaraq ingilis cəmiyyətinin ailəmi qəbul etməsinə, o cümlədən, valideynlərimin Britaniyaya köçməklə bağlı qəbul etdikləri qərarın cəsarətliliyinə heyrətlənirəm. İkinci Dünya müharibəsini görmüş və yeni rifah dövləti qurmuş həmin nəsil ingilislərə qarşı bu günədək qoruduğum sevgi, hörmət və xoş niyyət o illərdəki şəxsi təcrübəmdən əhəmiyyətli dərəcədə fərqlənir.
Ancaq bütün bu vaxt ərzində yapon valideynlərimlə birlikdə evimizdə başqa həyatı yaşayırdım. Evdə fərqli qaydalar, fərqli gözləntilər, fərqli dil hakim idi. Ailəmin əsl məqsədi bir və ya iki il sonra Yaponiyaya qayıtmaq idi. Əslində İngiltərədəki 11 il ərzində hər il “gələn il” qayıtmağa hazırlaşırdıq. Ailəm yerli xalqın adət-ənənələrinə onları qəbul etməyə lüzum görmədən əməl edirdilər. Valideynlərim uzun müddət Yaponiyaya qayıdıb təhsilimi orada almağım və gəncliyimi orada keçirməyim üçün təkliflər edirdilər. Hər ay Yaponiyadan səbirsizliklə gözlədiyim əyləncəli dərgilər, jurnallar və dərs vəsaitlərindən ibarət bağlama gəlirdi. Bu bağlamaların ardı-arası babamın ölümündən sonra bir müddət kəsildi. Ancaq valideynlərimin köhnə dostları, qohumları və Yaponiyadakı həyatları haqdakı söhbətləri hər zaman məndə dərin təəssürat buraxıb. Daim şahanə və aydın xatirələrimi yada salırdım: babalarım, Yaponiyada qalan oyuncaqlarım, yaşadığım ev, getdiyim bağçam, tramvay dayanacağı, körpünün yaxınlığında yaşayan it, bərbərxanadakı stol, aynanın önünə bərkidilmiş oğlan uşaqları üçün hazırlanmış xüsusi avtomobil sükanı.
Bu qədər məlumatlarla böyüdüyümdən, xəyali dünyalar qurmazdan çox əvvəl təsəvvürümdə “Yaponiya”adlı zəngin detallarla bəzədilmiş yer inşa edirdim. Bu yerdə kim olduğumu xatırlayır və özümə inamı hiss edirdim. Yaponiyaya fiziki olaraq heç vaxt qayıtmamağım faktı ölkəylə bağlı fikirlərimin daha canlı və şəxsi olmasını təmin edirdi.
“Müdafiə”yə duyulan ehtiyac da buradan yaranırdı. Həmin vaxt açıq şəkildə etiraf etməsəm də, 20 yaşımın ortalarına çatanda bəzi mühüm şeylərin fərqinə varmağa başladım. “Öz” Yaponiyamın təyyarə ilə gedə biləcəyim hər hansı yerə uyğun gəlmədiyini qəbul etməyə başlamışdım: uşaqlığımdan xatırladığım, ailəmin danışdığı həyat tərzinin 1960-70-ci illərdə yoxa çıxdığını və beynimdəki Yaponiyanın uşaq hafizəsindən, xəyal gücündən və spekulyasiyadan yaranmış duyğusal konstruksiya olduğunu dərk etdim. Ən mühümü, böyüdüyüm hər illə bərabər mənim üçün dəyərli Yaponiyanın daha da solğunlaşdığını və daha sönük olduğunun fərqinə vardım.
İndi əminəm ki, bu “mənim” Yaponiyamın bənzərsiz və inanılmaz dərəcədə incik olması – bunu kənardən təsdiqləmək mümkün deyil – məni Norfolkdalı o balaca otaqda işləməyə sövq etdi. Gördüyüm iş dünyanın xüsusi rəngləri, vərdişləri, hisslərin, çatışmazlıqları, ağlımda sonsuzadək solmayan yer haqqında düşündüyüm hər şeyi kağızdan “endirmək” idi. Yeganə diləyim bədi ədəbiyyatda “öz” Yaponiyamı yenidən yaratmaq, təhlüksəiz hala gətirmək və bir kitabı göstərərək “Bəli, bunun içərisində mənim Yaponiyam var” demək idi.
Üç il yarım sonra - 1983-cü ildə Lorna ilə mən Londondaydıq. Şəhərin ən yüksək hissəsində, təpənin üstündə yerləşən evdə iki otaq tutduq. Evin yaxınlığında televiziya qülləsi vardı, radioverilişləri dinləməyə çalışdıqda qəribə yayım səsləri qulaq asdığımız danışıqları kabusa çevirirdi. Otağımızda divan və kreslo yoxdu. Amma üzərinə yastıqlar düzülmüş iki matrasımız var idi. Otağa bütün gün yazı yazdığım, axşamlar isə şam etdiyim böyük masa da qoyulmuşdu. Lüks yer deyildi, ancaq orada yaşamaq xoşumuza gəlirdi. Bir il əvvəl ilk romanımı çapdan çıxarmış və ingilis televiziyasında yayımlanan qısametrajlı film üçün ssenari yazmışdım.
Uzun müddət ilk romanımla qürur duyurdum. Ancaq elə həmin yaz ürəyimə narahatlıq hakim kəsildi. Problem də buradaydı. İlk romanım və ilk ssenarim bir-birinə çox bənzəyirdi. Mövzusu yox, yazılma metodu və tərzi... Diqqətlə baxdım, romanım daha çox ssenariyə oxşayırdı - dialoqlar üstünlük təşkil edirdi. Müəyyən nöqtəyə qədər problem yox idi, ancaq bundan sonrakı arzum səhifədə düzgün istiqamət götürəcək ssenari yazmaq idi. Televiziyanı açaraq öyrənə biləcəyimiz təcrübəni az və ya çox dərəcədə özündə birləşdirən romanı yazmağa nə ehtiyac vardı? Yazılmış fantastika qeyri-adi nəsə təqdim etmirsə, fərqli formalar ortaya qoya bilmirsə, televiziya və kinonun gücünə qarşı necə müqavimət göstərə bilər?
Bu dəfə virusa yoluxdum və bir neçə gün yatmalı oldum. Bir az yaxşılaşandan sonra daha yatmaq istəmədim və yataq örtüyümün arasındakı bərk şey məni narahat etməyə başladı. Yoxlayanda oradan Marsel Prustun surəti çıxarılmış xatirələrini (onda başlığı dəyişdirilmişdi) tapdım. Günorta idi və oxumağa başladım. Hələ də qızdırmanın təsirində idim bəlkə də, amma “Üvertura” və “Kombreq” bölmələrinə kilidlənib qaldım. Onları təkrar-təkrar oxudum. Hissələrin gözəlliyi səbəbindən Prustun xatirələrinin növbəti hissələrinə adlamaq üçün səbirsizlənirdim. Hadisələrin və səhnələrin düzülüşü süjet xəttinin xronoloji ardıcıllıq tələbinə uyğun gəlmirdi. Əvəzində tangensial təfəkkür assosiasiyaları və ya yaddaş şıltaqlıqları bir epizoddan digərinə asanlıqla keçidi təmin edirdi. Hərdən mənə maraqlı gəlirdi: bir-biri ilə əlaqəsi olmayan bu iki hissə, niyə müəllifin zehnində yanaşı yerləşdirilib? Birdən-birə həyəcanla ikinci romanımın sərbəst şəkildə hazırlandığını gördüm: səhifədə zəngin görünə bilən və heç bir ekranda tuta bilməyəcəyiniz daxili hərəkətlərlə dolu. Əgər hekayəçinin təfəkkür assosiasiyalarına və dreyf edən xatirələrinə uyğun bir keçiddən digərinə adlaya bilsəm, qalın kətan parçada rəngləri və fiqurları seçən abstrakt rəssam kimi nəsə ortaya qoya bilərdim. İki gün əvvəl baş vermiş hadisəni 20 il əvvəl baş vemiş hadisənin yanına yerləşdirə, oxucudan ikisi arasındakı əlaqəni tapmağı istəyə bilərəm. Belə olan halda fikirləşməyə başladım: çoxlarına özünə və keçmişinə aid baxışlarını əhatə edən özünüaldatma, inkar səviyyəsini təklif edə bilərəm.
1988-ci il mart, 33 yaşındayam. İndi bir divanımız var və uzanıb Tom Uaytsın albomunu dinləyirəm. Keçən il Lorna ilə Cənubi Londondada dəbdənkənar, ancaq əyləncəli hissədə özümüzə ev almışdıq. Bu evdə ilk tədqiqatımı aparmışam. Kiçik tədqiqat olsa da, otaqların qapıları yox idi. Hər gün cırdığım kağızları toplamaq məcburiyyətində olmadığımdan məmnun idim. Beləliklə, bu yolla üçüncü romanımı bitirdim. İlk dəfə idi, burada yapon əlamətlərinə rast gəlinməyəcəkdi – “mənim” Yaponiyam daha əvvəlki romanlarımın yazılması ilə daha kövrək hala gətirilmişdi. Əslində “Gündən qalanlar” adlandırılacaq yeni kitabım “ingilis” kimi görünürdü və bir çox keçmiş nəsil ingilis yazarının tərzində idi. Məndə yaranan hisslərin əleyhinə olaraq oxucularımın hamısının ingilisdilli, yaxud ingilis nüansları və davranışları ilə tanış olduqlarını güman etməmək üçün diqqətli davrandım. Bu zamanadək Salman Rüşdi, Vidiadhar Suracprasad Neypol kimi yazıçılar hər hansı mərkəzi, ya da avtomatik əhəmiyyəti olmadığını iddia edən, zahirən britaniyasayağı, batindəsə beynəlxalq, xaricəmeyilli ingilis ədəbiyyatının önünü açmışdılar. Yazdıqları, sözün geniş mənasında, postmüstəmləkəçilik idi. Onlar kimi qəribə ingilis dünyasına bənzər əsər yazarkən belə, mədəni və dil sərhədlərini asanlıqla aşa bilən “beynəlxalq” fantastika yaratmaq istədim. “Mənim” İngiltərəm əfsanəvi hekayəyə əsaslanırdı. Bu İngiltərənin açarlarının isə ölkəni heç vaxt görməsələr belə, dünyanın dörd tərəfinə səpələnmiş insanların xəyallarında olduğuna inanıram.
Bitirdiyim roman həyatını yanlış dəyərlərdən istifadə edərək yaşadığının çox gec fərqinə varan ingilis eşikağası haqda idi: Ən gözəl illərini nasizmə xidmət etmək üçün xərcləyərək; həyatı üçün əxlaqi-siyasi məsuliyyəti üzərinə götürmədən həyatını boşa sərf edib. Üstəlik, mükəmməl xidmətçi olmaq üçün özünə qulluğunda durduğu, ümumiyyətlə hər hansı qadını sevməyi qadağan etmişdi.
Əlyazmamı bir neçə dəfə oxudum və kifayət dərəcədə razı qaldım. Ancaq yenə də hiss edirdim, nələrsə çatışmır.
Dediyim kimi, bir gün divanda uzanıb Tom Ueytsə qulaq asırdım. Tom “Ruby`s Arms” adlı mahnısını oxumağa başladı. Bəlkə bəziləriniz bunu eşitmisiniz (Sanki mahnı söyləmək istədim, ancaq fikrimdən daşındım). Bu, sevgilisi yuxudaykən onu yataqda qoyub gedən, böyük ehtimal, bir əsgər haqqında balladadır. Səhər tezdən yola düşür, qatara əyləşir. Burada qeyri-adi heç nə yoxdur. Ancaq mahnı dərin emosiyaları ifadə etməyə qadir olmayan kobud Amerika hobo səsində verilirdi. Mahnının ortasında ifaçı qəlbinin qırıldığını söyləyir. Vaxt duyğuların keçilməli olan maneələri arasındakı gərginlikdən, az qala, dayanılmaz şəkildə irəliləməkdəydi. Tom Ueyts ehtişamla mahnını oxumağa davam edir. Hiss edirsiniz ki, stoisizmin sərt oğlanının həyatı əzici kədər qarşısında dağılır.
Artıq nə edəcəyimə qərar vermişdim. Düşünmədən geriyə doğru addım ataraq ingilis eşikağam emosional mübarizəsini davam etdirəcək, özündən, oxucudan sonadək gizlənməyə davam edəcəkdi. İndisə bu qərarın əksini etməli olduğumu gördüm. Romanımın sonuna doğru bir anlıq bütün zəncirləri qırmaq qərarı verdim. Oxucunun nəhəng, faciəvi kədəri görməsinə icazə verməliydim.
Müğənniləri səslərindən mühüm dərslər almışam. Oxunan mahnının sözlərindən daha çox oxunma tərzinə fikir verirəm. Mahnıda insan səsi hisslərin sonsuzadək qarışıq, mürəkkəb birləşməsini ifadə edə bilir. İllərlə yazdığım əsərlərimin istiqamətini Bob Dilan, Nina Simon, Emmilou Harris, Rey Çarlz, Brüs Sprinqstin, Qillian Velk və dostum Steysi Kentin mahnıları müəyyənləşdirib. Onların səslərində nəyisə tutanda deyirdim: “Aha, tapdım. Bu səhnədə mənə lazım olan səsdir. Bu bir az yaxındır”. Sözlə ifadə edə bilmədiyim duyğuları müğənninin səsində tapır, sonra nə edəcəyimə qərar verirdim.
1999-cu ilin oktyabrında alman şair Kristof Hebner tərəfindən Osventsim Beynəlxalq Komitəsi adından bir neçə günlük keçmiş həbs düşərgəsini ziyarət etməyə dəvət olunmuşdum. Osventsim ilə ölüm düşərgəsi olan Birkenau arasındakı yolda yerləşən Osventsim Gənclər Mərkəzində yerləşdirilmişdim. Buraları gəzdim? qeyri-rəsmi olaraq müharibədən sağ çıxmış 3 nəfərlə görüşdüm.
Ən azından coğrafi olaraq nəsildaşlarımın böyümüş qaranlıq gücün qəlbinə daha yaxın olacağını hiss edirdim. Birkenauda çiskinli gündə dağıdılmış qaz kameralarının qalıqları qarşısında dayandım. Almanlar onları havaya uçurub, Qızıl Ordudan qaçmazdan əvvəl necə qoymuşdularsa, həmin gün də baxımsız vəziyyətdə idilər. Artıq nəmli, qırıq lövhələr sərt Polşa iqliminə məruz qalmış, ildən-ilə korlanırdı. Ev sahibi öz dilemması haqda danışmağa başladı. Bu qalıqlar mühafizə olunmalıdırmı? Perseks günbəzlər bunları ört-basdır edib, gələcək nəsillər üçün qoruyacaq şəkildəmi tikilməlidir? Yaxud təbii olaraq bütün bunların çürüyüb getməsinə icazə verilməlidirmi? Bunlar mənə böyük dilemma üçün güclü metafora təsiri bağışladı. Bu xatirələr necə olmuşdu, qorunub saxlanmışdı? Şüşə günbəzlər pislik və kədər qalıqlarını muzey eksponatına çevirə bilərdimi? Nəyi xatırlamalıyıq? Unutmaq, gələcəyə doğru addımlamaq nə zaman daha yaxşı olacaq
44 yaşım vardı. Bu yaşa qədər İkinci Dünya müharibəsini, qorxu və zəfərlərini valideynlərimin yaş qrupundan olan nəslə aid hesab edirdim. Ancaq indi görürdüm ki, bu hadisələrə öz gözü ilə şahidlik etmiş insanların çoxu həyatda yoxdur. Bəs onda nə olacaqdı? Xatırlama gücü yalnız mənim nəslimə qalırdı? Müharibə illərini yaşamamışdıq, ancaq ən azından bu illər tərəfindən həyatları silinməyəcək şəkildə istiqamətləndirilmiş valideynlər tərəfindən böyüdülmüşdük. İndi bunları xalqa açıqlayan ədib kimi indiyədək fərqində olmadığım vəzifəmi yerinə yetirirdim? Bu xatirələri və dərsləri əlimizdən gələn qədər valideynlərimizin aid olduğu nəsildən digərinə ötürmək bizim üçün borcdurmu?
Qısa müddət sonra Tokioda auditoriya qarşısında çıxış edirdim və dinləyicilərdən biri bundan sonrakı mərhələdə hansı əsər üzərimdə çalışacağımı soruşdu. Kitablarımın daha çox böyük sosial və siyasi qarışıqlıq dövründə yaşayan, daha sonra isə geriyə boylanaraq həyatlarının utancverici xatirələri ilə əlləşən insanlar haqqında olduğunu xatırlatdı. Gələcək kitablarımın da oxşar mövzularda olub-olmayacağını soruşurdu.
Gördüm ki, suala tamamilə hazırlıqsız cavab verirəm. Bəli, dedim, daha çox unutmaqla xatırlamaq arasında mübarizə aparan insanlar haqqında yazmışam. Ancaq gələcəkdə həqiqətən cəmiyyətin eyni məsələləri necə qarşılayacağı ilə bağlı tədqiqat yazmağı planlaşdırıram. Xalq da bir şəxsin etdiyi kimi eyni hadisələri xatırlayıb-unudurmu? Yaxud fərqli düşünürmü? Tam olaraq bir xalq haqqında xatirələr nədən ibarətdir? Onlar harada saxlanılır? Necə istiqamətləndirilir, nəzarət edilir? Zorakılıq faktlarını dayandırmanın, yaxud cəmiyyəti xaos və müharibəyə sürükləmə yollarını unutmağın vasitəsi varmı? Digər tərəfdən, stabil, azad cəmiyyət, həqiqətən amneziya və əsəbi ədalət təməlləri üzərində qurula bilərmi? Sualı verən şəxsə bu cavabı deyirdim, ancaq, təəssüf, bunlar haqda necə yazacağımı bilmirdim.
***
2001-ci ilin əvvəlində Şimali Londondakı evimizin qaranlıq ön otağında bir axşam Lorna ilə birlikdə kifayət qədər keyfiyyətli VHS lentində çəkilmiş Qovard Hoksun 1934-cü il istehsalı olan “XX əsr” filmini izləyirdik. Qısa müddət sonra gördük ki, filmin başlığı geridə qoyduğumuz əsrə yox, Nyu-York və Çikaqonu bir-birilə əlaqələndirən lüks qatara ithaf edilib. Bəzilərinizin də təxmin edəcəyiniz kimi, film Hollivuda gedib ulduz olmaq istəyən aktrisaya Brodvey prodüserinin mane olmaq istəməsi üzrə qatarda baş vermiş hadisələr haqda sürətlə yüksələn xətlə inkişaf edən komediya janrındadır. Filmdə dövrünün məşhur aktyoru olan Con Berrimor komik performans sərgiləyir. Üzündəki ifadələr, jestlər, dediyi hər sözdə ironiya, ziddiyyətlər, eqosentrizm və özünü məhv edən insan qroteskləri bir-birini möhtəşəm şəkildə əvəz edir. Bir çox baxımdan parlaq performansdır. Buna baxmayaraq film davam etdikcə özümdə maraq görmürdüm. Bu, məni əvvəlcə təəccübləndirdi. Ümumilikdə Berrimori sevirdim, Qovardın digər filmlərinin – “The girl Friday”, “Only angels have wings” – də ulduzu idi.
Filmdən bir saat sonra ekran işinin dəyərləndirilməsi zamanı ağlıma valehdici ideya gəldi. Romanlarda, filmlərdə və tamaşalarda bu qədər canlı, inkaredilməz, inandırıcı xarakterin mənə bir o qədər təsir etməməsinin səbəbi bu obrazların qəribə insan münasibətləri çərçivəsində digər personajların heç birinə bağlana bilməməsi idi. Ardınca isə romanımla bağlı ağlıma daha bir ideya gəldi: obrazlarımla bağlı narahatlığı buraxıb, əvəzində münasibətlərimdən narahat olmalı deyiləmmi?
Qatar daha uzaq qərbə doğru hərəkət etdikcə Con Berrimor isterikləşdikdə Eduard Morqan Fosterin iki və üçölçülü personajları arasındakı məşhur ayırımı haqda düşünürdüm. O, hər zaman “bir əsərdəki obraz üçölçülü olmalıdır: inandırıcı şəkildə bizi təəccübləndirə bilmək gerçəyindən dolayı – deyirdi. İndi belə sual yaranmışdı: personaj heç bir münasibəti olmasa, üçölçülü hesab edilə bilərdimi? Eyni dərs seriyasının başqa yerində Foster maqqaşla yumoristik obrazı romandan qopardaraq işıq altında incələmək üçün məzəli görüntüdən istifadə edib. Oxşar iş ortaya qoya bilməzdimmi və ya müxtəlif münasibətləri işıq üzünə çıxara bilərdimmi? Yazdığım və ya yazacağım əsərlərlə bunu özüm edə bilərdimmi? Bir müəllim-şagird münasibətinə nəzər sala bilərəm deyə, düşünürdüm. Mənalı, yeni nəsə deyirmi? Yüzlərlə əsərdə olan eyni yorğun stereotip açıqca hiss olunurmu? Yaxud iki rəqib dost arasındakı bu münasibət dinamikdirmi? Duyğusal rezonansa malikdirmi? İnkişaf edirmi? Təəccübləndirici sürprizdirmi? Üçölçülüdürmü? Birdən-birə fərqli həll yolları tətbiq etdiyim halda keçmişdə əsərlərimin müxtəlif yönlərinin niyə uğursuz alındığını daha yaxşı başa düşdüm. Con Berrimora baxa-baxa ideya yaranmışdı. Bütün yaxşı əsərlər, radikal və ya ənənəvi çalarlarının nə qədər önəmli olduğunu düşünməmək şərtilə, bizim üçün vacib münasibətləri sərgiləməli idi: bizi hərəkətləndirən, əyləndirən, hirsləndirən, təəccübləndirən. Ola bilsin, gələcəkdə münasibətlərimi nə qədər çox nəzarətdə saxlayaramsa, obrazlar özləri öz qayğılarına qalardılar.
Burada mənimlə baş vermiş bir hadisəni nəql etsəm də, bəlkə də bu, hər zaman sizin üçün açıq-aydın görünən nəsnə olub. Bir şeyi deyə bilərəm ki, bu fikir yazıçılıq həyatımda ağlıma gec gəlmiş ideya idi və indi sizə danışdığım digər ideyalarımla qarışıq dönüş nöqtəsi hesab edilə bilər. O andan etibarən əsərlərimi fərqli şəkildə yazmağa başladım. Misal üçün, “Buraxma məni” romanımı yazanda mərkəzi münasibətlər üçbucağı və ondan yaranan digər münasibətlər haqda əvvəlcədən düşünməyə başladım.
***
Yazıçının karyerasındakı mühüm dönüş nöqtələri – ola bilər, bir çox karyera növlərində də - bunun kimidir. Çox vaxt onlar xırda, kiçik məqamlardan ibarət olur. Bunlar səssiz, xüsusi vəhy qığılcımlarıdır. Tez-tez ağla gəlməz, gələndəsə həmkarlar, müəllimlər tərəfindən bəyənilməyən təntənəylə təşrif buyura bilərlər. Daha diqqətlə, görünüşdə daha təcili tələblərlə əksəriyyəti rəqabət aparmalıdır. Bəzən ortaya qoyduqları şey hakim biliklərə zidd ola bilər. O ideyalar gələndə olduqları kimi qəbul etmək lazımdır, əks halda əlimizdən sürüşüb çıxar.
Burada kiçik və mühüm haşiyəyə çıxmaq istəyirəm, çünki əsasən, işim budur. Bir adam səssiz otaqda yaza, başqasıyla ünsiyyət qurmağa çalışa bilər, digəri səssizlikdə, yaxud əksinə səs küylü otaqda oxumaq istəyər. Əsərlər bir nöqtəni öyrədə, təlimatlandıra və ya müzakirəyə çıxara bilər. Amma mənimçün mühüm olan hisslərin çatdırılmasıdır. Bu hisslər sərhədlərimizdə olan insanlarla paylaşdığımız duyğulara itaət edərək böyüyür. Əsərlərin ətrafında böyük cəzbedici sənaye cəmləşib: kitab, kino, televiziya, teatr sənayesi. Ancaq nəticə etibarilə, əsərlər bir nəfərin digərinə söylədiklərini nəql edir: “mənə görə belədir. Nə dediyimi başa düşürsən? Sənə də belə gəlir?”
***
Beləliklə, indiki vaxta gəlib çıxdıq. Son zamanlar ayılmışam, neçə ildir, qovuq içərisində yaşamışammış. Ətrafımdakı insanların narahatlığı və qayğıları ilə maraqlanmamışam. Sivil, liberal düşüncəli insanlarla dolu müasir dünyamın əslində cılız, xəyal etdiyimdən daha kiçik olduğunun fərqinə vardım. 2016-cı ildə Avropa və Amerikadakı siyasi hadisələr, terror hücumlarının təəccübü altında sərbəst olaraq qəbul etdiyim liberal-humanist dəyərlərin dayanmadan irəliləməsi fikirlərinin uşaqlıq illüziyasından başqa şey olmadığını gördüm.
Optimizməmeyilli nəslin nümayəndəsiyəm. Niyə də yox? Böyüklərimizin totalitar rejimlər, soyqırım və tarixi qətliamlardan Avropanı dostluqla yaşayan liberal demokratiyanın mühüm bölgəsinə uğurla necə çevirdiklərinin şahidi olduq. Keçmiş müstəmləkə imperiyalarının onların əsasını təşkil edən zərərli fərziyyələrlə bütün dünyanı necə dağıtdığını gördük. Feminizm, eynicinslilərin haqları və irqçilik əleyhinə müxtəlif cəbhələrdə mübarizədə mühüm irəliləyişlərə şahidlik etdik. Kapitalizm və kommunizm arasındakı ideoloji, hərbi savaşın zəmnində böyüdük, çoxumuzu xoşbəxt nəslin nümayənədələri hesab elədikləri də həqiqətdir.
Ancaq indi geriyə boylananda Berlin Divarının yıxılmasından bu yana keçən dövrün könülsüzlük və imkanların itirilməsindən qaynaqlandığını görmüş oluruq. Varlanma, imkanlar arasındakı qeyri-bərabərlik millətlərarası və ölkə daxilində böyüməyə başladı. Xüsusilə, 2003-cü ildə İraqın işğalı, 2008-ci ildəki qalmaqallı iqtisadi böhrandan sonra adi insanların məcbur edildiyi qənaət rejimi, “Far Right” ideologiyası, ifrat millətçilik bu fərqi artırdı. İrqçilik, ənənəvi və modern formada, daha yaxşı təşkilatlanmış şəkildə yüksələrək yatmış bədheybət oyanışı ilə sivil küçələrə daşınmağa başlandı. Bu gün bizi birləşdirmək üçün, belə görünür, hər hansı proqressiv səbəblər yoxdur. Bunun əvəzinə, Qərbin zəngin demokratik ölkələrində belə, resurslar, hakimiyyət uğrunda mübarizə aparan rəqib düşərgələrində əriyib yox oluruq
Dünyanın dörd yanında elm, texnologiya və tibdə heyrətlənirici sıçrayışlarla bağlı problemlər uzanır. Gen yaratma texnologiyası CRİSPR, süni intellekt və robot texnologiyası sahəsində irəliləyişlər bizə üstünlüklər qazandırır, ancaq bunlar vəhşi meritokratiyalar, kütləvi işsizlik yarada bilərlər.
Və mən – 60-cı illərin adamı dünən var olduğundan şübhələnmədiyim bu dünyada gözlərimi hövkələyərək sanki xarici cizgilərini ayırd etməyə çalışıram. Mənim kimi yorğun bir nəslin intellectual nümayəndəsi olan yorğun müəllif kimi indi buy ad dünyaya baxa biləcək enerjini tapa bilərəmmi? Cəmiyyətin böyük dəyişikliklərə uyğunlaşmaq ümüb mübarizə apardığı arqumentlərə, savaşlara və mübahiisələrə emosional çalar qatmaq üçün perspektiv təmin etməyə kömək edəcək nələrsə qalıbmı?
Bu mübarizəyə davam etməliyəm, əlimdən gələn hər şeyi də edəcəyəm. Çünki ədəbiyyatın gücünə inanıram. İnanıram ki, bu çətin landşaftı keçə biləcəyik. Ancaq bizi ilhamlandıracaq, rəhbəlik edəcək gənc nəsil yazıçıların axtarışını da davam etdirəcəyəm. İndi onların zamanıdır, onlarda mənə gəlib çatmayacaq instinktlər, intuisiyalar çox olacaq. Kitab, kino, televiziya, radio dünyasında macərapərəst, həyəcanverici istetdadlar görürəm: 40, 30 və 20 yaşlı qadınlar, kişilər. Bu səbəbdən pozitivəm. Niyə də olmayım?
Ancaq icazə versəniz, Nobel Apellyasiya Məhkəməmi bitirərdim. Bütün dünyada haqq-ədaləti bərpa etmək çətindir. Ancaq ən azından oxuyacağımız, yazacağımız, yayacağımız, tövsiyə, yaxud rədd etdiyimiz, mükafatlandırdığımız kitablarla “öz ədəbiyyat köşəmizdə” kiçik guşəmizi yaratmağa icazə verin. Bu qeyri-müəyyən gələcəkdə bu günün və sabahın yazıçılarından ən yaxşısı olmaq istəyiriksə, hesab edirəm, daha müxtəlif olmalıyıq. Bunu iki mənada söyləyirəm:
Birincisi, ortaq ədəbi dünyamızı elit birinci dünya mədəniyyətlərinin rahat bölgələrindən daha çox səs toplamaq üçün genişləndirməliyik. Yazıçılar istər uzaq ölkələrdə, istər bölgəmizdə yaşasın, bu gün bilmədiyimiz ədəbi mühitdən qopmuş daşları kəşf etmək üçün daha enerjili şəkildə axtarışa çıxmalıyıq.
İkincisi, nəyin yaxşı ədəbiyyat olduğuna dair təyinatlarımızı çox dar və ya mühafizəkar şəkildə müəyyənləşdirməməyə çalışmalıyıq. Yeni nəsil mühüm, maraqlı əsərlərini təqdim etmək üçün hər zaman yeni, bəzənsə təəccübləndirici bütün yolları axtarıb tapacaq. Onlardan ən yaxşıları müəyyən etmək üçün düşüncələrimizi, xüsusilə, forma və janr əlaqəsinə açıq tutmalıyıq. Təhlükəli şəkildə bölünmənin artdığı zamanda qulaq asmağı bacarmalıyıq. Yaxşı yazı, yaxşı oxu bütün sədləri yıxacaq. Ətrafında toplaşacağımız yeni fikir və böyük insan xəyallarını belə tapa bilərik.
İsveç Akademiyasına, Nobel Fonduna və can atdığımız Nobel mükafatını parlaq simvol halına gətirən İsveç xalqına təşəkkürlərimi bildirirəm!
MilliYol.Az
Digər xəbərlər
loading...