Dövlət başçısı postunda Donald Trampın bir illik fəaliyyətini amerikalıların cəmi 39 faizi dəstəkləyir
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumat NBC telekanalı ilə “The Wall Street Journal” qəzetinin müştərək apardığı sorğunun nəticələrində öz əksini tapıb.
Kişilər arasında Donald Trampı dəstəkləyənlər 46 faiz, qadınlar arasında 33 faizdir. Həmçinin respublikaçıların 78 faizi və demokratların 8 faizi onun dövlət başçısı qismində fəaliyyətini bəyənir. Respondentlərin 57 faizi isə Trampın fəaliyyətindən narazıdır.
Bu nəticə ABŞ-ın son prezidentləri arasında ən aşağı göstəricidir. Belə ki, prezidentliyini ilk ilində oğul Cor Buşun reytinqi 82 faiz, Bill Klintonun reytinqi 60 faiz, Barak Obamanın reytinqi 50 faiz olub. Dekabr ayında isə Trampın reytinqi 41 faiz idi.
Yanvarın 13-dən 17-dək keçirilən sorğuda 900 nəfər iştirak edib.
Donald Tramp yanvarın 21-də Floridadakı iqamətgahında inauqurasiyasının ildönümünü qeyd edəcək. Tədbirə dəvət biletlərinin qiymətinin 100 min dollardan başladığı bildirilir. Bu məbləğə bayram yeməyi və dövlət başçısı ilə fotoşəkil çəkdirmək də daxildir. Trampın iştirakı ilə dəyirmi masada oturmaq istəyənlər isə 250 min dollarlıq bilet almalıdır.
Digər xəbərlər
loading...