ABŞ prezidenti Donald Tramp
Tammi Bryus
The Washington Times (ABŞ), 18.01.2018
ABŞ prezidenti Donald Tramp keçən həftə özünü “olduqca təmkinli dahi” adlandırıb. Onun bəyanatı psixi sağlamlığı haqda bəzi KİV-lərdəki ardıcıl məqalələrə cavabdır.
Trampın illik tibbi müayinəsinin nəticələri göstərib ki, prezident həqiqətən çox təmkinli və sağlam adamdır. Tramp əleyhdarlarının prezidentin “işbacarmazlığı”ndan faydalanıb Konstitusiyaya 25-cü düzəliş sayəsində onu vəzifəsindən kənarlaşdırmaq arzusu bu həftə xıncım-xıncım olub. Buna səbəb həkim Ronni Ceksonun bəyanatı olub. Həkim Ağ Evdə 2013-cü ildən işləyir, onu bu posta ABŞ-ın keçmiş prezidenti Barak Obama təyin edib.
Cekson çərşənbə axşamı yanvarın 16-da Trampın sağlamlıq durumu haqda həqiqəti söyləyərək liberal “jurnalistlər” və demokratların ümidlərini alt-üst edib. Keçirilən mətbuat konfransında Ağ Ev başçısının illik tibbi müayinəsinin ayrıntıları şərh olunub. Cekson tibbi müayinənin nəticələri haqda 50 dəqiqə ərzində ətraflı danışıb.
Cekson – Trampın 2016-cı ildə lağa qoyulan şəxsi həkimi deyil. Harold Bornsteyn Tramp “nə zamansa prezident vəzifəsinə seçilənlərdən daha sağlam olacaq” deyəndə KİV-lər onun üstünə qalxışıb. Görünür, Bornsteyn haqlı idi. Həkim Cekson media çaqqallarının böyük təəssüfünə rəğmən bildirib:
“Prezidentin ümumi sağlamlıq durumu əladır. Tibbi baxış göstərdi ki, prezidentin kardioqramı yaxşıdır. Dövlət başçısı sağlam ürəyi qoruyub və bütünlükdə çox sağlam adamdır, çünki ömrüboyu alkoqol və tütün istifadə etməkdən vaz keçib”.
Prezidentin əla sağlamlığa sahib olduğunu təsdiqləyən məruzəni dinləyən jurnalistlərin sifətindəki məyusluq və dilxorluğu görmək olduqca qəribəydi. Jurnalist adlananların arasında təlaş atmosferi getdikcə güclənib, onlar Trampın sağlamlıqla bağlı, heç olmasa, hər hansı problemi olduğunu ifadə edə biləcək istənilən informasiya qırıntısından yapışmağa cəhd ediblər. Beləcə əliboş, səbirsizliklə gözləyiblər. Həkim Cekson qeyd edib ki, Tramp koqnitiv (psixologiyanın insan psixikasının idraki proseslərini öyrənən bölməsi-tərc.) testləmə keçirilməsində israr edib və əlavə edib ki, Ağ Ev başçısı əla nəticələr göstərib.
Cekson bildirib: “Mən tam əminliklə deyə bilərəm və düşünürəm ki, onda (Trampda) hər hansı psixi əyinti olsaydı, psixi sağlamlıq sahəsində ixtisaslaşmış adamlar bu testin onu göstərəciyində məni dəstəkləyərdilər. Bu, kifayət qədər dəqiqdir. Prezident bütün tapşırıqları uğurla yerinə yetirib… Öz təcrübəmə güvənib deyə bilərəm ki, onun heç bir koqnitiv və ya psixi problemi yoxdur”.
Çox yaxşıdır ki, həkim mətbuat konfransında iştirak edib, çünki Cekson Trampın koqnitiv testinin nəticələrini səsləndirəndən sonra jurnalistlərdə şizofreniya tutması baş verib, affektiv pozuntu onları yaxalayıb. Məsələn, “Clown News Network”-dən Brayan Stelter Twitter-də sıradakı səciyyəli məlumatı dərc edib: “Trampın tərəfdfarları deyə bilərlər ki, onun psixoloji sağlamlığı haqda əndişələr həmişə cəfəngiyyat olub, guya indi iş bağlanıb və nöqtə. Buna nə cavab vermək olar? Prezidentin peşəkarlıq yararlılığı haqda məsələ çox ciddidir. İnsan tamamilə sağlam, amma eyni zamanda yararsız ola bilər”.
Belə çıxır ki, eyni zamanda həm yararlıdır, həm də yararsız. Budur, “həqiqəti” deyən feyk xəbərlərə nümunə. “Həqiqətəbənzər görünürsə, deməli, həqiqətdir” iddiasını yada salır.
Jurnalistlər sadəcə inanmaqdan imtina ediblər ki, ümidləri puça çıxıb. “Fox News” davam edən təlxəklik haqda məlumat verib: “Məruzənin 30 dəqiqəsindən sonra “ABC”dən Conatan Karl onun həqiqiliyinə hələ də inanmırdı”.
“ABC”-nin jurnalisti “həmişə McDonald`s və Kentucky Fried Chicken”-nin yeməklərini yeyən və bütün bunların üstündən pəhriz koka-kolası içən və idmanla məşğul olmayan oğlanın yaxşı formada necə qala bildiyini” ona açıqlamağı tələb edib. Həkim Cekson bu sözlərdən sonra, şübhəsiz ki, Tramp tərəfdarlarının ürəyinə məlhəm kimi yayılan və “Trump Derangement” (ingiliscə “derangement”: psixi pozğunluq-tərc.) sindromundan əziyyət çəkənlərə dəhşətli zədə vuran bəyanat verib.
“Bütün məsələ genetikadadır. Daha deməli sözüm yoxdur… Sadəcə, bəzi adamlarda əla genlər var. Mən prezidentə dedim ki, son iyirmi il müddətində sağlam pəhrizi gözləsəydi, 200 ilədək yaşaya bilərdi. Sadəcə, Allah onu necə varsa, o cür yaradıb”.
MilliYol.Az
Digər xəbərlər
loading...