1990-cı ilin 20 yanvarında Bakıda törədilən dəhşətli qırğından 28 il ötür
Faciənin üzərindən bu qədər uzun zaman keçməsinə baxmayaraq, hər ilin bu günlərində hadisə ətrafında yeni-yeni müzakirələr açılmaqla yanaşı, ənənəvi məsələlər də gündəmə gəlib.Bu il də bu sarıdan boş keçmir. Ən çox da suallar doğuran və müzakirələr yaradan mövzulardan biri 20 Yanvar faciəsi ilə bağlı hələ də açılmayan sirlərin qalıb-qalmaması ilə bağlıdır. Çoxları hesab edir ki, faciədə bir çox faktlar ört-basdır edilib. Bununla yanaşı, hadisəyə verilən ümumi rəy də nəzərə alınaraq, faciənin hansı dairələr tərəfindən təşkil olunduğu, burada kimlərin məsuliyyət daşıdığı önə çəkilərək, əsl həqiqətlərin indiyə qədər zamanla üzə çıxdığını düşünənlər də az deyil.
KQB-nin arxivlərinin açılmaması hər zaman olduğu kimi, bu günlərdə də gündəmə gəlir. Arxivlərin açılacağı təqdirdə 20 Yanvar faciəsi ilə bağlı bir çox faktların üzə çıxacağına ümidlər kifayət qədər böyükdür. Bundan əlavə, həmin dövrdə xalq hərəkatına rəhbərlik edən Azərbaycan Xalq Cəbhəsinin üzərinə də o zamandan başlayan hücumlar bu günlər də davam edir. Sabiq prezident Ayaz Mütəllibov və AXC-nin rəhbərlərindən olan Nemət Pənahlının bu günlərdə “Yeni Müsavat”a verdikləri müsahibələrdə faciənin əsas günahkarı kimi AXC-ni göstərmələri hələ də bu ittihamların sıradan çıxmadığını göstərdi.
Bütün bunlarla bağlı 20 Yanvar faciəsindən bir ay öncəyə qədər AXC-nin rəhbərlərindən olan və 1992-93-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin birinci müavini vəzifəsini tutan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin münasibətini öyrəndik. Sabiq MTN-çi hüquqi baxımdan hadisəyə lazımi qiymətin verildiyini bildirdi: “Söhbət konkret olaraq cinayət hadisəsinin istintaqından gedirsə, bunu cinayət materialları ilə tanış olan şəxslər, yəni prokurorlar, müstəntiqlər, bu işdə iştirak edən tərəflər və onların vəkilləri daha dəqiq məlumat verə bilərlər. Çünki onlar daha geniş və detallı bilgiyə sahibdirlər. Bir faktı hər kəs bilməlidir ki, həmin dövrdə bu cinayət işinin araşdırılması, yəni istintaqı ilə MTN məşğul olmayıb, mənim nazir müavini olduğum dönəmdə də. KQB arxivləri ilə bağlı Moskva böyük təmizləmə işi aparıb. Xüsusilə Moskvanın buradakı fəaliyyəti, bu işə cəlb olunmuş əhəmiyyətli agentlər, onların şəxsi işləri, eyni zamanda iş fəaliyyətləri barədə olan dosyelərin hamısı demək olar aparılıb. Təbii ki, istənilən halda arxivdə nəyisə tapmaq mümkündür. Amma xüsusi əhəmiyyətli nəyinsə tapılacağını düşünmürəm. Ondan sonra bir neçə dəfə hakimiyyət dəyişiklikləri olub. Hər hakimiyyət də öz maraqlarına uyğun orada təmizləmə işi aparıb. Əgər ora açılacaqsa, təbii ki, kimlərinsə haqqında məlumatlar oradan çıxa bilər. Amma yenə deyirəm ki, əsas şəxslər barəsində böyük ehtimalla məlumatlar çıxmayacaq. Bir də bu iş daha çox ziyan gətirə bilər. Çünki hadisədə əsas başlıca rol oynayanlar gizlədiləcək. Avtoritar cəmiyyətlərdə belə olur, mühasibi tuturlar, amma milyonlar, milyardlar mənimsəyənlər kənarda qalırlar. Bu işdə də böyük ehtimalla elə ola bilər. Moskvada arxivlər açılmayınca, bu işlər haqqında ətraflı bilgilər əldə etmək mümkün olmayacaq. KQB ilə məxfi əməkdaşlıq etmiş şəxslərdən tutmuş etibarlı şəxslərə qədər, bu işdə rolu olan partiya, hüquq-mühafizə orqanları işçilərinə qədər olan məlumatlar Moskvada saxlanılır. Arxivlərin açılmamasına gəlincə, buna kim mane olur ki? Parlament qərar qəbul etsin, bununla da arxivlər açılsın. Mətbuat niyə bu barədə danışmalıdır ki”.
S.Əkbər 20 Yanvar faciəsinin ola biləcəyini hələ bir müddət öncədən hiss etdiyini də qeyd etdi: “Mən 1989-cu ildə hadisələrin hansı istiqamətdə getdiyini görüb AXC-nin İdarə Heyətindən istefa verdim. Fikirlərimi bununla əsaslandırmışam ki, artıq hadisələr qeyri-konstruktiv istiqamətdə gedir, idarə heyəti prosesləri idarə edə bilmir, kənardan müdaxilələr var, hadisələr zorakılıq istiqamətində gedir, Moskvanın məqsədi Xalq Cəbhəsini zorakılıq istiqamətinə çəkib, yəni konstitusiya çərçivəsindən çıxarmaqla onu sərt şəkildə cəzalandırmaqdır. Həmin dövrdə yaşayanlar yaxşı bilirlər ki, Xalq Cəbhəsinin keçirilən konfransında 10 dekabrda mən istefa vermişəm. “20 Yanvar faciəsi baş verməyə bilərdimi?” kimi sualınıza gəlincə, deyə bilərəm ki, tarix bir variantlıdır, tarix haqqında geri dönüb danışmağı sevmirəm. Əgər qarşısını almaq mümkün olsaydı, hər halda, alınardı. Məsələyə geniş rakursdan yanaşsaq, Xalq Cəbhəsi həmin vaxt o qədər böyümüşdü ki, qarşıdan gələn seçkilərdə Xalq Cəbhəsinin əzici üstünlüklə qalib gəlib, dinc yolla hakimiyyətə gələcəyini Moskva görürdü. Başlıca məqsəd Xalq Cəbhəsini dinc, demokratik mübarizə müstəvisindən zorakılıq müstəvisinə çəkmək, qanundankənar işlərə sövq etməklə cəzalandırmaq idi. Ona da nail ola bildilər. Burada da Moskvanın partiya, sovet təsərrüfat orqanlarındakı adamlarının, eyni zamanda KQB-nin hərəkat içərisindəki adamlarının böyük rolu oldu. Onlar da istədiklərinə nail oldular, sərhədlərin sökülməsindən tutmuş Bakıda baş verən hadisələrə qədər. Bütün bunlar Xalq Cəbhəsi daxilindəki radikal ünsürlər tərəfindən idarə olunan bir proses idi”.
MilliYol.Az
Digər xəbərlər
loading...