Xəbər verdiyimiz kimi, Azərbaycanın və qonşu dövlətlərin hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri məşhur tüfeyli, komfort və bahalı qadınlar həvəskarı Emin Sadiq Moskvada saxlanılaraq Bakıya ekstradisiya edilib
Gur informasiya axınında, əlbəttə ki, bu ad daha vacib hadisə və xəbərlər arasında asanlıqla itə bilərdi. Oxucunu yaxşı mənada heç nə ilə fərqlənməyən bu şəxsin adının və cinayət əməllərinin axtarışları ilə yormamaq üçün onun tarixçəsini qısaca xatırladaq.
Emin son illərdə virtualaz.org-un dərc etdiyi iqtisadi mövzuda detektivlər seriyasının əsas “qəhrəman”larından biridir. Onun bədnam məşhurluğuna gətirib çıxarmış bütün fəaliyyəti neftlə bağlıdır. Bir müddət BP şirkətində çalışıb, lakin tezliklə onu saxtakarlıqda ittiham edərək işdən çıxarıblar. Xarici şirkətlər işçilərinin əliəyrilikləri barədə məlumat verməyi xoşalmırlar və bu başabəla işçinin BP-dəki əməlləri barədə ətraflı məlumat yoxdur.
Lakin tam təfərrüatı ilə məlumdur ki, Azərbaycan və Böyük Britaniya vətəndaşı olan Emin Sadiq tezliklə özü neft şirkətinə rəhbərlik etməyə başlayır. Özü də hardasa Afrikada, yaxud Cənubi Amerikada deyil, doğma Azərbaycanda. Bəli, kriminal aləmdə Canik ləqəbi ilə tanınan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev iş adamı Hafiz Məmmədovun “Bahar Operating Company” şirkətini ona həvalə edir. Bu şirkəti Canik cinayət yolu ilə ələ keçirmişdi. Kriminal reyder ilhaqı Canikin qudası – keçmiş miuli təhlükəsizlik naziri Eldar Mahmudovun işə qarışmasından sonra baş tutmuşdu. Bu iş üçün Mahmudov MTN-in xüsusi təyinatlılarını göndərmişdi ki, bunların da başında Ziya Məmmədov dururdu. Daha bir keçmiş nazir – bu dəfə nəqliyyat naziri.
Əlbəttə, Emin ölkənin maliyyə və güc strukturlarına başucalığı gətirməyən bu işlərdə iştirak edə bilməzdi – o səviyyənin adamı deyildi. Lakin onların məğzi barədə eşitməyə bilməzdi. Onu da eşitməyə bilməzdi ki, şirkətin əvvəlki rəhbərliyi qısa müddətdə bir çox mütəxəssislərin fikrincə bitib tükənmiş “Bahar” yatağını nəinki bərpa edə bilmiş, hətta qiymətli karbohidrogenlərin hasilatını kəskin şəkildə artıra bilmişdi. Lakin bir var eşidəsən, bir də var öz sələfinin nümunəsini davam etdirməyi istəyəsən və bacarasan.
Emin isə bu keyfiyyətlərdən məhrum idi. İşləmək həvəsi, işə bacarıqlı adamların cəlb edilməsi onluq deyildi. Britaniya vətəndaşlığı alandan sonra Bakıda açdığı “Lacoste” mağazalarının sahibi kimi məşhur olan yeni rəhbər başqa yolla getdi. Təyinatından sonrakı elə ilk aylarda o, bütün mütəxəssisləri işdən qovaraq, onların yerinə öz dostlarını və tanışlarını gətirdi və onlara olduqca yüksək əməkhaqları verməyə başladı. Misal üçün, katibə kimi özünə kimi-kimi, ukraynalı məşhur model Ninel Kolomiytsevanı gətirdi.
Canikin bu cür iri şirkətin rəhbərliyinə belə şübhəli nüfuza malik adamı bilərəkdən gətirib-gətirmədiyini söyləmək çətindir. Emin özü də gizlətmirdi ki, ikili vətəndaşlığa malikdir, halbuki Azərbaycan qanunvericiliyi buna yol vermir. Lakin caniklər və eminlər üçün Azərbaycan qanunları əhəmiyyət kəsb etmirdi, onların başqa dəyərləri vardı. Düzdür, daha yüksək vəzifəni tutan Canik bu barədə açıq danışmırdı, amma Emin heç nəyi gizlətmirdi. Bundan əlavə, yaxın ətrafında o deyirdi ki, Əliyevlərin hakimiyyəti altında yaşamaq onluq deyil, bəs burda ancaq varlanmaq lazımdır. Yeri gəlmişkən, o, Bakıdakı mənzilində yaşamırdı, bunu öz şərəfinə sığışdırmırdı. Özünü dahi iş adamı hesab edən Emin şirkətin hesabına ən bahalı otellərdən biri olan “Hilton”da 3200 manata mənzil tutmuşdu. Burada o, daha bir gözəlçə - 2004-cü ildə “Miss Qazaxıstan” titulunu qazanmış Kseniya Cibova ilə əylənirdi.
Təəssüf ki, əməliyyat şirkətinin bütün rəhbərliyi bu cür yanaşmaları ilə fərqlənirdi. Təcrübəli mütəxəssisləri işdən azad edən Emin Sadiq şirkətin kommersiya üzrə vitse-prezidenti vəzifəsinə neft-qaz sferasından xəbəri olmayan Samir Hüseynovu təyin etmişdi - ayda 11 min manat maaşla!
Lakin Emin Sadiq əslində peşəkarları və mütəxəssisləri axtarmırdı, ona pulları sağa-sola səpələməyə imkan yaradan adamlar lazım idi. Əks halda, qalmaqallı “Texnikabank”ın idarə heyətinin keçmiş sədri, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi (dələduzluq, xidməti səlahiyyətlərindən sui-istifadə etmə, sənədlərin saxtalaşdırılması və s...) ilə mühakimə olunan Hüseynov bu cür asanlıqla şirkətin vitse-prezidenti postuna təyin edilməzdi.
Yeri gəlmişkən, Emini təkcə cinayətlər və pulları talama hərisliyi cəlb etmirdi, şirkət prezidenti özünün siyasi ambisiyaları ilə də alışıb yanırdı. E.Sadiqin ətrafında fətullahçılar az deyildi. Onların arasında icraya nəzarət üzrə vitse-prezident, ayda 10 min manat maaşla vəzifəyə təyin olunan Anar Əliyev, təchizat departamentinin rəis müavini Eldar Məmmədzadə və maliyyə menecerinin müavini Sultan Quliyev (maaşları 4 min manat) yer alırdı.
Şirkətdə hələ də başa düşə bilmirlər ki, təzəcə işə qəbul olunmuş strateji planlaşdırma üzrə direktor Əsmər Daşdəmirovaya ayda 10 min manat maaşı nəyə görə verirdilər. Və Emin Sadiq ona cəmi 3 aydan sonra 50 min manat mükafatı niyə yazmışdı. Doğrudur, SOCAR-da onun işçiyə həmin mükafatı verməsini əngəlləmişdilər. Hansı ki, bu qızın Bakıda mənzili olduğu halda, şirkətin hesabına “Mariott Absheron” otelində ayı 5 min manata yaşayırdı.
“Canik”in adamı hələ uzun müddət bu cür dəbdəbə içərisində üzə, həyatın bütün keyfini çıxara və bahalı xidmətlərdən istifadə edə bilərdi. Ancaq həmin “Canik”in özünü götürdülər, bizim bədnam neft şirkəti prezidenti isə o qədər odun qırmışdı ki, ancaq bir yolu qalırdı - Azərbaycandan mümkün qədər uzağa qaçsın. Təkcə bunu qeyd etmək yetər ki, SOCAR-la razılaşdırmadan Sadiq “Bahar Energy” şirkətindən neftçiləri kütləvi işdən çıxarmışdı və kollektiv hiddətlənib mitinqlər keçirməyə hazırlaşırdı.
Yeri gəlmişkən, Sadiqin irsi təkcə Bakı ilə yekunlaşmır. Deyilənlərə görə, o, Azərbaycan hüquq-mühafizə orqanlarından qaçandan sonra Qazaxıstanda və digər ölkələrdə də öz maxinasiyaları ilə ad çıxara bilib. Həmin Moskvada isə Sadiqi bir neçə dəfə saxlayıblar, lakin hər dəfə kimsə ona kömək əlini uzadıb. Lakin kəndir nə qədər uzun olsa da, axırda sonu çatacaq. İndi o, əlləri qandallı Bakıya gətirilib. Və öz əməllərinə görə hökmən cavab verəcək. Bunu təkcə ədalət mühakiməsi yox, onun şər əməllərindən zərər çəkən çoxsaylı neftçilər də gözləyir...(musavat.com)
Digər xəbərlər
loading...