Prezident İlham Əliyev investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
MilliYol.Az-ın məlumatına görə, sərəncamda bildirilir ki, ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən, investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.
İqtisadiyyata qoyulan investisiyanın həcminin artırılması məqsədilə bu sahədə islahatlar genişləndirilməli, xüsusilə özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühiti, həmçinin investisiyaların qorunması sahəsində qanunvericilik daha da təkmilləşdirilməlidir. Aparılmış təhlillər onu göstərir ki, xarici investorlar tərəfdaşlıq zəminində ölkədə əlverişli investisiya qorunma sisteminin mövcudluğuna xüsusi diqqət ayırırlar. Bu baxımdan investisiya imkanlarının genişlənməsinə imkan verən çərçivənin qurulması mühüm əhəmiyyət kəsb edir.
2025-ci ilədək qarşıya qoyulmuş məqsədlərdən biri də məhz xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitinin təmin edilməsidir. Bu sahədə aparılacaq islahatlar iqtisadiyyatda özəl investisiyaların payının artmasına təkan vermiş olacaq.
Qeyd olunanları nəzərə alaraq, əlverişli investisiya mühitinin formalaşdırılması məqsədilə, ölkə konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərarı alınıb ki, Nazirlər Kabineti “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunlar əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni “İnvestisiya fəaliyyəti haqqında” qanunun layihəsini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etsin.
Layihəyə əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, xüsusilə aşağıdakı məsələlər tənzimlənəcək:
- investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri;
- investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu;
- investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası;
- mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla);
- investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası.
Qanun layihəsi prezidentə təqdim olunarkən, ona əlavə olunacaq normativ hüquqi aktın zərurətinin əsaslandırılmasında və məcburi hüquqi ekspertiza rəyində “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununun 48.3.4-cü maddəsinə və həmin Konstitusiya Qanununa əlavə edilmiş məcburi hüquqi ekspertiza rəyinin strukturuna uyğun olaraq ləğv edilməli, dəyişikliklər edilməli, habelə layihəsi hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı verilməlidir.
Digər xəbərlər
loading...