Bu gün Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazilərinin növbəti görüşü keçiriləcək
Görüş ATƏT Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutur.
Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, görüşdə Elmar Məmmədyarov və Eduard Nalbandyandan başqa ATƏT Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Biskonti (Fransa) və İqor Popov (Rusiya) iştirak edəcəklər. Bundan əlavə, ATƏT sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də Krakova gələcək.
Musavat.com Ermənistan və Rusiya mətbuatına istinadən xarici işlər nazilərinin növbəti görüşü barədə erməni politoloqlarının fikirlərini təqdim edir.
Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryanın fikrincə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin sayəsində cəbhə xəttində gərginlik 2013-cü ilin səviyyəsinə endirilib.
O, tərəflərin danışıqlar prosesində nəyəsə nail olmasının mümkünsüzlüyünü diqqətə çatdırmaqla yanaşı, münaqişənin indiki halında on illərlə uzana biləcəyini söyləyib.
İsgəndəryan Dağlıq Qarabağda genişmiqyaslı savaşın baş tutacağına ehtimal verməsə də, aprel eskalasiyasının təkrarlanmasının istisna olunmadığını bildirib.
“Nə qədər ki, 2016-ci ilin aprelindən bu yana təsbit olunan siyasi və hərbi balans mövcuddur, Azərbaycan belə bir situsiya ilə barışmağa məcburdur. Bölgədə hərbi əməliyyatları başlada biləcək ciddi geopolitik dəyişikliklər isə gözlənilmir”, - İsgəndəryan qeyd edib.
Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyan da ATƏT-in Minsk qrupunun idarəolunmaz situasiyaların təkrarlanmasına yol verməyəcəyini düşünür.
“Lakin tərəflərin diametral ziddiyətli fikirlərini nəzərə alsaq, bu cür görüşlərin münaqişənin nizamlayacağını söyləmək mümkün deyil. Vasitəçilərin münaqişəni hələ nə qədər bu cür vəziyətdə tutub saxlaycağı bilinməsə də, hər halda hansısa fors-major hadisənin baş verməyəcəyi təqdirdə yaxın aylarda döyüş əməliyyatlarının başlamayacağını söyləmək olar”, - erməni ekspert qeyd edib.
Mehrabyan bölgədə silah satışına embarqo qoyulmasının tərəfdarı olduğunu deyib. Onu fikrincə, Rusiya silahlarının satışı regionda ancaq situasiyanın gərginləşdirməyə yarayır.
Erməni ekspert Ermənistanın mənasız yerə silah yarışına cəlb edildiyini və bunun ölkənin iqtisadi vəziyyətini ağırlaşdırlması məqsədi daşıdığını bildirir.
İrəvan mətbuat klubunun rəhbəri Boris Navasadaryan isə regional oyunçuların geniş miqyaslı savaşa imkan verməməli olduğunu söyləyir.
“Xüsusilə Rusiya münaqişənin dərinləşdiyi anlarda gərginliyi azaldacaq və ya artıracaq təzyiq rıçaqlarına malikdir. Lakin irimiqyaslı savaş özü ilə bərabər bir çox qeyri-müəyyənliyi də gətirir. Bu zaman “əl ilə idarə etmə” yoxa çıxır. Bütün bunlar isə Qafqazda maraqların təmin olunması üçün qeyri-əlverişli şərtlər yaradır”, - Navasadaryan mətbuata danışıb.
Erməni ekspert böyük dövlətlərin münaqişənin həllində təşəbbüs göstərməli olduğunu düşündüyünü bildirib.
Onun fikrincə, bir sıra bölgəsəl oyunçuların marağı olmaması səbəbindən 2016-cı ilin aprelində daha böyük müharibədən qaçmaq mümkün olub.
Boris Navasadaryan münaqişənin nizamlanmasının yalnız qarşılıqlı etimad atmosferinin yaradılması halında mümkün olacağını bildirib. Bunun üçün isə hərbi ritorikanın azaldılması və qeyri-rəsmi səviyyədə kontaktların artırılması gərəkdir. “Lakin bu məqsəddən ötrü uzun illər tələb olunur”, - erməni politoloq qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...