Ermənistan prezidenti Serj Sərkisyan gələcək dövlət başçısını necə təsəvvür etdiyini açıqlayıb
Aprelin 9-da Serj Sərkisyanın səlahiyyət müddəti başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçir, icra hakimiyyətinə baş nazir rəhbərlik edir.
Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 7 il müddətinə seçəcək. 40 yaşa çatmış, son 6 ildə yalnız Ermənistan vətəndaşı olmuş və həmin dövr ərzində ölkədə daimi yaşamış, erməni dilini bilən şəxs prezident seçilə bilər.
Novator.az-ın məlumatına görə, yanvarın 16-da ziyalılarla görüşən Serj Sərkisyan deyib ki, Ermənistanın gələcək prezidenti bir neçə xarici dil bilməli, həm diasporda, həm də ölkədə geniş əlaqələrə malik olmalı, bu dairələrdə böyük nüfuzu ilə seçilməlidir: “Ən əsası da o, tərəfsiz şəxs, əvvəllər heç vaxt siyasətlə məşğul olmamış, heç bir partiyanın üzvü olmamış şəxs olmalıdır”.
Serj Sərkisyan qeyd edib ki, yeni prezident zəngin keçmişə malik, uzun yol qət etmiş, ölkəni beynəlxalq səviyyədə ləyaqətlə təmsil edə biləcək, həm daxildə, həm də xaricdə tanınan bir insan olmalıdır: “Yəni o həm daxildə, həm də ölkə hüdudlarından kənarda təmsilçilik funksiyalarını yerinə yetirməyə qadir olmalıdır”.
Digər xəbərlər
loading...