“Vaxtilə xalq mənim dediyimi eşitmədi, getdi başqalarının yanına və bu günə düşdü”
Artıq bir neçə gündür ki, gənc yazar Kəramət Böyükçölün sosial şəbəkədə Xəlil Rza Ulutürk haqqında yazdığı aşağılayıcı statusu müzakirə olunmaqdadır. Doğrudur, gənc yazar ona yönələn tənqid və təhqirlərə dözməyərək əvvəlcə öz statusunu silib, profilini bağladı və daha sonra yazdıqlarından dolayı üzr istədi. Lakin yaranmış mübahisə və müzakirələr səngimək bilmir.
Qeyd edək ki, bəziləri, hətta gənc yazarın atası Qəşəm Nəcəfzadə də oğlunun Zərdüşt Əlizadədən “zəhərləndiyini”, onun təsiri altında düşdüyünü bildirir. Həqiqətən də bir müddət bundan əvvəl Zərdüşt Əlizadə gənc yazara verdiyi müsahibəsində eynilə həmin fikirləri səsləndirmişdi. Lakin maraqlıdır ki, zamanında həmin fikirlərə qarşı bu qədər reaksiya və tənqidlər olmamışdı. Beləliklə gənc yazar səsləndirdiyi fikirlərə görə meydanda tək qaldı, hətta “təsiri altında düşdüyü” Zərdüşt Əlizadə tərəfindən də dəstək almadı.
Mövzu ilə bağlı musavat.com-un əməkdaşı politoloq Zərdüşt Əlizadənin mövqeyini öyrənməyə çalışıb.
Politoloq qalmaqala bu cür reaksiya verib: “Var tarix, var əfsanə... Xəlil Rza Ulutürk bütün Azərbaycan xalqının, Bakı əhalisinin gözü qarşısında meydanda qızışdırıcı çıxşlar edirdi. Bu qızışdırıcı çıxışlarda ermənilərə nifrət, onlara qarğış, hədələr və sair var idi. Soruşuram, bu, Azərbaycan xalqına, ya ermənilərə xeyir idi? Əlbəttə ki, yox... Bu, imperiya mərkəzinə, Rusiyaya xeyir idi. Rusiya bu münaqişəni qızışdırdı, sonra gətirilib çıxarıldı, qanlı mərhələyə, sonra isə Azərbaycanı idarə etməyə başladı. Münaqişə zamanı xeyli insan həlak oldu. İndi bu münaqişəni qızışdıranların günahı var, ya yox?
Mən Xəlil Rza Ulutürkün məhkəmə prosesində olmuşdum. Onda Moskvadan bura gətirib, onu mühakimə edirdilər. Həbsxanadan çıxdıqdan sonra yenə də başladı nifrətə, qarğışa... Şairdir, şeir söyləməyi bacarır. O, ermənilərə çox bədii qarğışlar yağdırdı. Nəticədə nə oldu, 14 min azərbaycanlı, 600 erməni həlak oldu, biz Qarabağı itirdik. O cümlədən, onun oğlu da şəhid oldu.
O şairlər, alimlər ki, ermənilərə qarşı nifrət dalğası qaldırırdı, hansı ki, indi də bu baş verir, onlar imperiya mərkəzinə qulluq edirlər. Onlar bundan maddi qazanc da əldə edirlər”.
Zərdüşt Əlizadə gənc yazarın “ondan zəhərlənərək” status yazdığı iddiasına isə bu cür şərh verib: “Məndən zəhərlənmək lazım deyil. Gedib sadəcə, o zamankı videolara baxmaq lazımdır. Hansı ki, həmin videolarda Xəlil Rza Ulutürk ermənilərə qarşı od püskürür. Yəni ziyalı kimi ağıllı olsaydı, barışa, sülhə çağırışlar edərdi. Atəşkəs dövründə də 4 minə yaxın insanımız həlak oldu. İndi müharibə deyən insanlara əhsən deyək?”
“Niyə Kəramət Böyükçölə dəstək olmadız” sualımızı isə Zərdüşt Əlizadə belə cavablandırdı: “Ümumiyyətlə, məni kimsə sosial şəbəkədə görüb? Mən bəzi saytlara məqalələr yazıram. Vaxtım hardadır ki, sosial şəbəkələrdə oturum? Vaxtilə xalqa dediyimi demişəm. Xalq isə getdi, başqalarının yanına və bu günə düşdü. Əgər, xalq bu gününü xoşlayırsa, deməli, buna layiq idi, vəssalam!”
Digər xəbərlər
loading...