Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son günlərdə mediada yayımlanan məlumatlara münasibət bildirib
Şirkətdən “Report”un sorğusuna cavab olaraq verilən məlumata görə, SOCAR və Palmali Qrup arasında əvvəllər mövcud olmuş Daşıma Xidmətləri Müqavilələrinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib:
“Tərəflər arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmamışdır. SOCAR hazırda özünə məxsus malların daşınmasını özünə aid resurslar vasitəsilə həyata keçirir. Son günlərdə mətbuatda qeyd olunan 14 gəmi isə SOCAR tərəfindən satın alınmışdır. Bu gəmilər əvvəllər Palmali Qrupuna məxsus olmuş, lakin sonradan tərəflər arasında bərabər şəraitdə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı müqaviləsinə əsasən SOCAR-a satılmışdır”.
Şirkətdən bildirilib ki, müxtəlif mətbuat orqanlarında bu gəmilərin SOCAR tərəfindən müsadirəsi xəbəri isə həqiqətə uyğun deyil: “Palmali Qrupunun hazırda SOCAR-a külli miqdarda borcu vardır. Bu borc tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətlərindən əmələ gəlmiş və bu hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini məqsədəuyğun hesab etmirik”.
MilliYol.Az
Digər xəbərlər
loading...