Sabiq səhiyyə naziri Əli İnsanovun işinə Ali Məhkəmədə baxılıb
Musavat.com xəbər verir ki, məhkəmə iclası hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutub.
Məhkəmə prosesin də qərar elan olunub. Qərara əsasən, Ə.İnsanovun kassasiya şikayəti təmin edilməyib.
Əli İnsanov məhkəmədə iştirakdan imtina etdiyindən, onun şikayətinə özü olmadan baxılıb. Bu işə Bakı Apellyasiya Məhkəməsində baxılanda da keçmiş nazir eyni cür davranmışdı.
O, həmin vaxt saxlandığı Kürdəxanı təcridxanasından məhkəməyə məktub göndərmişdi ki, prosesdə iştirak eləmək istəmir.
Ali Məhkəmədə keçmiş nazirin vəkili Toğrul Babayev çıxış edərək bildirib ki, kassasiya şikayətində göstərilən dəlilləri müdafiə edir.
Həmin şikayətdə yazılıb ki, Ə.İnsanova verilən ittihamlar saxtadır.
"Əli İnsanov cəzaçəkmə müəssisəsində nə psixotrop tərkibli dərman saxlayıb, nə də Penitensiar Xidmətin əməkdaşını vurub. Əli İnsanovun 11 illik həbsdən çıxmasına iki ay qalmış başlanan cinayət işi əslində onun cəzasını artırmaq və beləliklə, azadlığa çıxmasına imkan verməmək məqsədilə quraşdırılıb"- deyə vəkil söyləyib.
Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Rizvan Şammədov isə deyib ki, müdafiə tərəfinin şikayətdə göstərdiyi dəlillər əsaslı deyil. Prokuror Ə.İnsanov haqqında hökmün dəyişdirilmədən qüvvədə saxlanmasını istəyib.
Beləliklə şikayət təmin edilməyib.
Vəkil Toğrul Babayev jurnalistlərə açıqlamasında deyib ki, bu qərar onlar üçün gözlənilən idi.
"Ali Məhkəmənin bu işə obyektiv baxıb, ədalətli qərar çıxaracağına ümidimiz yox idi. Sadəcə, Avropa Məhkəməsinə şikayət göndərmək üçün bütün yerli məhkəmə instansiyalarını keçmək lazımdır, ona görə də Ali Məhkəməyə müraciət etmişdik. Ali Məhkəmənin qərarını alandan sonra Əli İnsanovun cəzasının daha 7 il artırılması məsələsindən də Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəyik"- deyə vəkil qeyd edib.
Vəkik onu da əlavə edib ki, Ə.İnsanov bu gün Ali Məhkəmənin onun haqqındakı qərarına münasibət bildirib
Sabiq nazir vəkili vasitəsi ilə saxlanıldığı 11 saylı cəzaçəkmə müəssisəsindən verdiyi bəyanatda deyir:
"Bunu 13 ildir özümə qarşı davam edən repressiyaların tərkib hissəsi kimi qiymətləndirirəm. Artıq 13 ildir ki, mənə qarşı siyasi repressiyalar amansızlıqla davam etdirilir. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin yalan və qərəzli ittihamlar əsasında çıxarılmış, böhtan xarakterli qərarını təsdiqlədi. Mübarizə əzmimi qırmağa yönəlmiş belə qərarlar məni haqq yolumdan döndərə bilməz”.
Bildirək ki, sabiq nazir Qaradağ rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyən Əli İnsanov Ali Məhkəməyə müraciət edib.
Qeyd edək ki, bir müddət əvvəl Ə.İnsanov Ali Məhkəməyə verdiyi şikayətə baxılmamasından narazı qalaraq Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət etmişdi.
Qeyd edək ki, Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanmışdı. Ona törətdiyi əmələ görə 7 il 5 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.
O, bu hökmdən apellyasiya şikayəti vermişdi. Şikayəti təmin edilməyən sabiq nazir Ali Məhkəməyə müraciət etmişdi.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunmuşdu. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilirdi. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunan Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatmışdı.
Digər xəbərlər
loading...