Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Report”un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gülər Əhmədli ifadə verib
O bildirib ki, atası cinayət işində zərərçəkmiş qismində tanınıb və hazırda heç kimdən şikayətçi deyillər: “Mirsahib Babayev adlı şəxsi tanımışam. Həmin şəxs də atamın tanışı olub. Mən ondan şikayətçi olmuşam. Zərərçəkmiş kimi atam tanınıb. 8 min manatı da Mirsahibə vermişik. O, məni ASAN xidmətə işə düzəltmək adı ilə bizdən pul almışdı. Mirsahib Babayev işi Mirəddin Ağayev vasitəsi ilə düzəldəcəkdi, lakin alınmadı”.
Məhkəmədə məlum olub ki, zərərçəkmiş tərəfə dəymiş ziyan tam olaraq ödənilib.
Daha sonra digər zərərçəkmiş Gözəlxanım Səmədova dindirilib. O qeyd edib ki, təqsirləndirilən şəxsi tanışları Adil adlı şəxs vasitəsi ilə tanıyıb. G.Səmədova iki övlad sahibi olduğunu və onlardan birinin hazırda həbsxanada cəza çəkdiyini vurğulayıb: “Oğlum 4 ildən artıqdır ki, həbsxanada cəza çəkir, o, ağır xəstədir. Mən oğlumun həbsdən çıxarılmasını istəyirdim. Həmin vaxt Adili tanıdım. O, işi həll edəcəyinə söz verdi. Məndən 20 min manat istədi və həmin pulu da ona verdim. Adil oğlumu əfvlə azadlığa çıxacağını bildirdi”.
G.Səmədovanın sözlərinə görə, Adil adlı şəxs bir müddət sonra onu təqsirləndirilən M.Ağayevlə görüşdürüb: “Mirəddin söylədi ki, əfv komissiyasında həkimdir. O, mənə oğlumu azadlığa çıxaracağına söz verdi. Sonra iş alınmadı. Bir müddət sonra Mirsahibin evində Mirəddinlə görüşdük. Adil pulun 10 min manatını Mirəddinə verdiyini dedi. Mirəddin işin alınmayacağını qeyd etdi və aramızda borc müqaviləsi bağladıq. Hətta 100 manat müqavilə pulunu da mən vermişəm”.
G.Səmədova ifadəsində zərərin bir hissəsinin ödənildiyini və hazırda M.Ağayevi bağışladığını bildirib: “Amma bir şərtim var. Əgər onun vicdanı və insafı varsa, çıxsın mənim pulumu qaytarsın. Getsin fəhləlik eləsin. Mən dustaq anasıyam, özüm də ikinci qurup əliləm. İki uşağım da xəstədir”.
Zərərçəkmiş Zaur Abbasov isə dindirilərkən ona dəymiş zərərin ödənildiyini, 1200 manatının geri qaytarıldığını deyib. O, işə düzəlmək adı ilə M.Ağayevin tanışına pul veridiyini ifadə edib.
Şahidlər və zərərçəkmişlər ifadə verdikdən sonra M.Ağayev məhkəmədən söz istəyib. O, öz əməllərini etiraf etdiyini, lakin bəzi şəxslərin ona qarşı qərəzli münasibətdə olduğunu deyib: “Mən günahsız olduğumu demirəm. Bəzi insanlara söz vermişəm, lakin iş alınmayıb, onların etibarlarından sui-istifadə etmişəm. Bunun cəzasını da çəkirəm”.
Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.
Qeyd edək ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail Rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Q.Qəzənfərov Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib. Təqdim olunan sübutlar əsasında cinayət işi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.
İttihama görə, M.Ağayev bir neçə vətəndaşa qarşı, ümumilikdə, 86 min manat məbləğində dələduzluq edib.
Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin böyük qardaşıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...