Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər
Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir. Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı dialoq, qeyri-adiliklə dolu söhbət və s. ola bilər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Orucd Modern.az saytına açıqlamasında bir çox dövlət və ictimaiyyət nümayəndələri ilə görüşlərdə iştirak etdiyini, yaddaşında xeyli maraqlı məqamlar qaldığını bildirib.
Ən yadda qalan görüşlərdən biri…
“Parlament üzvü kimi uzun bir dövr ərzində müxtəlif ölkələrə səfərlər edərkən orada nəzərdə tutulmuş proqramlar çərçivəsində dövlət və siyasət adamları ilə görüşlər mümkün olur. Məşhurlarla keçirdiyim görüşlərin ən yadda qalanlarından biri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə olub.
“Saakaşvili anti-Kreml bəyanatları ilə Qərbin rəğbətini qazanmaq istəyirdi”
“2007-ci ildə NATO-nun bayrağı altında Gürcüstanda tədbir keçirilirdi. Həmin tədbirdə biz Azərbaycanın mənafelərini təmsil edirdik. Tədbirdən sonra Mixail Saakaşvili ilə görüşüm baş tutdu. Onun bir çox məsələlərə münasibət bildirməyinə çalışdım. Mixail Saakaşvili üzərində daşıdığı məsuliyyəti dərk edirdi. Müvafiq qüvvələrə çağırış etdiyini və bölgədə uzun 100 illər ərzində mövcud olan şəriati yaxşı başa düşdüyünü dedi. Söhbət ilk növbədə Rusiya ilə münasibətlərdən gedir. Hələ onda 2008-ci ilin avqust toqquşması və “5 günlük müharibə” gerçəkləşməmişdi. Amma həm NATO təmsilçiləri, həm də mən hiss edirdim ki, Gürcüstan prezidenti bunu aparıcı bir platformaya çevirib. Yəni, anti-Kreml bəyanatları sanki Qərbin rəğbətini qazanmağın ən aparıcı islahı idi”.
“Saakaşvili dedi ki, lent kəsməyi sevmir”
Deputat Saakaşvilidə müşahidə etdiyi bir neçə keyfiyyətdən danışıb.
“Mixail Saakaşvilinin reaksiyalı olmağı, dinamikası müəyyən bir formada nəzarətdən çıxa bilir. Çünki o həddən artıq emossional adamdır. Bu, bəlkə də Qafqaz xalqları üçün xarakterik xüsusiyyətdir. Dövlət adamı üçün bu keyfiyyətlərə riayət etmək çox önəmlidir. Axı prezident öz ölkəsini təmsil edən məsul şəxsdir. O, bu vəzifədə özəl münasibətləri demək olar ki, gizlətməlidir.
Saakaşvilinin istənilən şəxslə ünsiyyətdə, o cümlədən mənimlə konkret danışıqlarında hiss olunan bu idi ki, diplomatik fəaliyyətə cavabdehlik daşıyan adamlar öz işlərini yerinə yetirmirlər. Bu, məni çox təəccübləndirmişdi. Saakaşvilinin məni heyrətləndirən xüsusiyyətlərindən biri də gələcək ideyalarından danışarkən həddən artıq inamlı və qətiyyətli olmasıydı. Çünki o, gedəcəyi hədəfləri çox yaxşı bilirdi. Görüş zamanı ona sual verdim ki, sovet hərbi sistemindən gələn generalları neyləyəcəksiniz? Açıq şəkildə dedi ki, “o adamlardan yaxa qutaracam. Hər birini işdən azad edəcəm. Tamamilə yeni ordu quracam”. Mən isə bildirdim ki, “yüksək rütbəli adamlarla vidalaşmaq o qədər də asan deyil. Çünki onlar gələcək dövrdə sizə qarşı çevrildiyində mühüm bir qüvvə deməkdir. Həmin şəxslər idarəetmə səriştəsinə malikdirlər, dövlət sirlərini bilirlər”. Əslində belə də oldu.
Söhbət əsnasında müşahidə etdiyim məqamlardan biri də Saakaşvilinin iqtisadi məsələlərə önəm verməsiydi. Gürcüstan təbii resursu çox az olan ölkədir. Mixail Saakaşvili bilirdi ki, ölkənin beynəlxalq məkanda reytinqini formalaşdırmadan hansısa yardımları ala bilməyəcək. Onun çox maraqlı yanaşması vardı. Deyirdi ki, müxtəlif qurumların sayını kütləvi olaraq azaldır və görür ki, bu, həm büdcə vəsaitlərinin qənaətinə səbəb olur, həm də problemlər də öz-özünə həllini tapır.
Görüşümüz zamanı Saakaşvili bir qədər yumor hissi ilə söylədi ki, sanitariya və epidemioloji qurumu ləğv etmək dərəcəsinə çatıb. O dedi ki, heç bir ictimai iaşə müəssisəsini antisantitar təhlükə gözləmir. Saakaşvili görüş əsnasında vurğulayırdı ki, lent kəsməyi sevmir. Bunu özəl sektor etməlidir.
“Saakaşvilinin gördüyü işləri onun rəqibləri də inkar edə bilmir”
Zahid Oruc deyib ki, Saakaşvili ilə görüş onda çox xoş hislər yaratmışdı.
“Şübhəsiz ki, onun istər Gürcüstanda, istərsə də digər fəaliyyətində çoxlu nöqsanlar tapmaq olar. Lakin inkar edilməzdir ki, Mixail Saakaşvili Şevarnadzedən sonra çox ağır bir şəraitdə yəni, Gürcüstanda qanunsuzluğun, banditizmin, terror təhlükələrinin mövcud olduğu bir dövrdə çox böyük işlər həyata keçirə bilib. Onunla söhbət mənim yaddaşımda çox yaxşı bir iz buraxıb. Mənə görə, Saarkaşvili Gürcüstanda tarixi işlərin müəllifidir. Onun gördüyü işləri ona rəqib olan qüvvələr də inkar edə bilmir”.
MilliYol.Az
Digər xəbərlər
loading...