Yolları qazırlar, bağlayırlar, avtobus xətlərini kəsib təzə bazara istiqamətləndiriblər. Vəziyyət çox pisdir”
Sovetlər dönəmində mərkəzi kolxoz bazarı kimi tanınan "Gəncə bazarı”nda mağaza sahibləri və icarədarları Gəncənin icra başçısı Elmar Vəliyevdən şikayətçidir.
"BakuPost” xəbər verir ki, bazarda çalışanlar 2 aya yaxındır, icra hakimiyyətinin və polis əməkdaşlarının təzyiqlərindən bezara gəliblər. Belə ki, səlahiyyətli şəxslər bazara gələrək, buranın söküləcəyini, tezliklə dağıdılacağını anons edirlər. Onlar bazar işçilərinə buranı tez bir zamanda tərk etmələrini "məsləhət görür”. Buna səbəb isə icra başçısı Elmar Vəliyevin Gəncədə özünə yeni bazar açmasıdır. Məlumat üçün bildirək ki, bir müddət əvvəl Gəncədə "Grand Qafqaz” ticarət mərkəzi fəaliyyətə başlayıb. Obyekt kifayət qədər böyükdür. Onun fəaliyyətini genişləndirmək üçün isə müxtəlif planlar hazırlanıb.
Bu planlardan biri və ən əsası digər bazarların qapadılaraq, bura köçürülməsinə nail olunmaqdır. Gəncə bazarında mağaza sahibi olan şəxslərdən biri (təzyiqlərdən qorxduğu üşün adının çəkilməsini istəmir – red.) saytımıza müraciət edərək bildirib ki, 10 gündür, bazar və ətrafındakı küçələrdə vəziyyət acınacaqlı hala salınıb. Bazara gələn yollar qapadılıb, sökülüb, küçələrdə isə işıq və su kəsilib. "1 ay, ay yarım əvvəl icra hakimiyyətinin işçiləri bazarda dövrə vurmağa, camaatı incitməyə başladı. Başlamışdılar deməyə ki, bazar söküləcək, dağılacaq, burdan çıxmaq lazımdır. Son 10 gündə isə təzyiqlər kəskin xarakter alıb. Hətta şayiə də yaymışdılar ki, bazarı yandıra bilərlər, dağıda bilərlər. Belə edirlər ki, camaat qorxusundan buranı tərk etsin, getsin təzə bazara ("Grand Qafqaz”ticarət mərkəzi nəzərdə tutulur – red.). Gəncə bazarı ətrafında Nizami və Vaqif küçələri var. Şəhərin ən yaxşı ticarət obyektləri buradadır. İndi də başlayıblar həmin obyektlərin icarədarlarını və sahiblərini incitməyə. Yolları qazırlar, bağlayırlar, avtobus xətlərini kəsib təzə bazara istiqamətləndiriblər. Vəziyyət çox pisdir. Bu gün gəlmişəm mağazaya, qonşu mağazanın icarədarları, sahibləri deyir ki, bəlkə çıxaq gedək? Hamının canına qorxu salıblar. Hamını incidirlər. 15 dəqiqə əvvəl elə gəlib küçədəki məhsulları təpikləyib getdilər ki, küçə satışı qadağandır. Neçə gündür Vaqif küçəsinin işıqları yanmır, suyu gəlmir. Bu boyda sahibkarların hamısının işini iflic ediblər. Günə 300-400 manat gəliri olan mağazalar neçə gündür ki, siftə belə edə bilmir. Bu gün Vaqif küçəsində bir sahibkar 25 ildir işlətdiyi, ailəsini oradan gələn gəlirlə saxladığı mağazanı bağladı. Çünki işlədə bilmədi. Su yox, işıq yox, avtobus yox... Təbii ki, bu səbəblərdən müştəri də yox. Bazarda və ətraf küçələrdə vəziyyəti o hala qoyublar ki, nəinki müştəri, heç mağazanın yiyəsi belə orada dayanmaq istəmir”, - deyə şikayətçi bildirib.
Sahibkarın sözlərinə görə, təzə bazara köçənlər var, lakin onlar məcbur olduqları üçün gediblər. Mağaza sahibi onu da əlavə edib ki, "Grand Qafqaz”da icarə haqları 400-3000 manat arasında dəyişir, lakin Gəncə bazarında bu, 2-3 dəfə ucuzdur – yəni 100-1200 manat civarındadır.
Məlumata görə, "Grand Qafqaz” açılana kimi Gəncədə 3 bazar fəaliyyət göstərirmiş. Lakin yeni ticarət mərkəzi açıldıqdan sonra bazarlar 2-nin fəaliyyəti dayandırılıb və oradakı sahibkar və icarədarlardan gücləri çatanlar köçürülüb yeni bazara. İndi isə Gəncə kimi böyük şəhərdə "Grand Qafqaz”dan başqa yalnız bir bazar qalıb. O da Gəncə bazarıdır. Rayon rəhbərliyi o bazarın da bağlanmasına nail olmağa çalışır. Yəni, kimsə evinə bazarlıq etmək üçün şəhərin o başından bu başına gəlməlidir…
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən "BakuPost”un sorğusuna cavab verilib. Lakin sorğuda bazarla bağlı suallara deyil, sadəcə yollarla bağlı suala aydınlıq gətirilib. İcra hakimiyyətinin cavabını olduğu kimi təqdim edirik: "Gəncədə su təsərrüfatı və kanalizasiya sisteminin yenidən qurulması davam edir. Layihənin 4-cü mərhələsi 3 il müddətinə həyata keçirilir. Layihə çərçivəsində sovet dönəmindən qalan və istismar müddətini başa vuran müxtəlif diametrli su və kanalizasiya xətləri yenilənir. Artıq aparılan işlər şəhərin müxtəlif küçə və prospektlərində başa çatırılıb. Hazırda şəhərin Nizami prospektində (Gəncə bazarının ətrafı), Vaqif və Əttarlar küçələrində iş sürətlə davam edir. Bildirək ki, Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək”.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...