Suriyada nələr olur? – Təhlil
Sərdar Turqut
“Habertürk”ün Vaşinqton təmsilçisi
İŞİD-ə qarşı hərbi mübarizə səviyyəsinin aşağı salındığı, ölkənin gələcəyinin Vaşinqton və Moskvada masaya yatırıldığı Suriyada Rusiya və ABŞ-ın son günlərdə maraqlı manevrlər etməyə başladığı xəbərləri gəlir.
Bax, bu səbəbdən, Vaşinqtonda milli təhlükəsizlik sahəsində yazan və mütəxəssis olan dostlarla hər həftə keçirdiyimiz görüşün budəfəki mövzusu “Suriyada nələr olur?” idi. Həmişə görüşdüyümüz yerdə etdiyimiz söhbətdən aldığım qeydlər aşağıdakılardı.
İdlib nə üçün hərəkətləndi?
1. Əsəd rejiminin İdlibdəki müxalifətçilərə qarşı başlatdığı əməliyyatlar üçün rəsmi olaraq göstərilən səbəb – Suriya rejiminin nəzarəti altında olan bölgədə yerləşən rusların Xmeymim hava bazasına son günlərdə edilən hücumlardır. Dostlar bu hücumların arxasında kimin olduğu məsələsi ilə bağlı Vaşinqtonda bir qeyri-müəyyənlik olduğunu söyləyirlər.
Təbii, kimsə “Rusiya bazasına hücumun ABŞ kəşfiyyatı və ona yaxın güclər tərəfindən Rusiya və Türkiyənin arasını pozmaq məqsədilə təşkil edilmiş ola biləcəyini” açıqca söyləməsə də, bu məsələdə bir şübhənin olduğunu da söyləməliyəm. Pentaqon bu məsələ ilə bağlı iddiaları rəsmi olaraq rədd edib.
Vaşinqtona gələn məlumatlar Rusiya hava bazasına hücumun PUA-larla edildiyini göstərir. Bu hücuma cavab vermək üçün əməliyyatlar keçirməyə başlayan Suriya rejimi PUA-ların hazırda əməliyyatların hədəfi olan müxalifət gücləri tərəfindən təşkil edildiyini söyləyir. Ancaq Vaşinqtondakı kəşfiyyat dairələri bunun imkansız olduğunu, çünki sahədəki müxalifət güclərinin texniki qabiliyyətinin ancaq 1-2 km uçuş məsafəsi olan PUA-lar hazırlamağa yetdiyini, bu üzdən Rusiya hava bazasına hücum təşəbbüsünün kənardan yardım alınmadan keçirilmiş olmasının imkansız olduğunu söyləyirlər.
Vaşinqtonun gəldiyi nəticə hücumda istifadə edilən bu PUA-ların 50-100 km uçuş məsafəsinə malik olmasıdır. Bu səbəblə, hücumun arxasında kəşfiyyat təşkilatlarının ola biləcəyini söyləyirlər. Ayrıca, dostlarda hücum təşəbbüslərinin olduğu saatlarda eyni hava sahəsində bir ABŞ “Poseidon” kəşfiyyat təyyarəsinin davamlı olaraq dolaşmaqda olduğu məlumatı da vardı.
Nəticədə, Vaşinqtonda Türkiyə ilə Rusiya və İranın münasibətlərini gərginləşdirən və rejimin İdlibə yönəlik hərəkətə keçməsinə yol açan rus hava bazasına hücumun arxasında kimin, ya da kimlərin olduğu hələ dəqiqləşdirilməmiş olaraq görünür. Ancaq müəyyən olan bir şey varsa, dostların dediyinə görə, o da bunun bir kəşfiyyat əməliyyatı olması həqiqətidir.
YPG-də son durum necədir?
2. “Milli təhlükəsizlik masamız”da İdlibdən başqa, ABŞ-ın dəstəyilə Suriyanın şimalında öz hakimiyyətini möhkəmləndirən PYD/YPG də müzakirə edildi.
Vaşinqtonda İŞİD-lə mübarizənin bitməsindən sonra Suriyadan çıxması gözlənilən ABŞ-ın bölgədə daha uzun müddət qalmağa yönəlik çalışmalarını artırdığı söylənilir. Vaşinqton, PYD/YPG-yə verdiyi dəstəyi gücləndirərək, qarşıdakı günlərdə Suriya və Əsədin gələcəyinin müzakirə ediləcəyi masada YPG-nin gücünü “kozır” olaraq önə sürmək istəyir. Buna yönəlik olaraq, Vaşinqtondakı qurumlarda ABŞ silahlarıyla gücləndirilən YPG qüvvələrindən bir sərhəd mühafizə birliyinin yaradılması fikri gündəlikdədir. Milli təhlükəsizlik sahəsində mütəxəssis olan jurnalist dostlarım diqqəti bunun YPG-nin nizamlı ordu yaratması planının bir parçası ola biləcəyinə çəkirlər.
Əsədin gələcəyi
3. Ayrıca, Suriyanın, xüsusilə də Əsədin gələcəyi haqqında çalışan Vaşinqton-Moskva xəttinin son dərəcə hərəkətli olduğu da söylənilir. Bu anda ortada aydın bir ortaq mövqe olmasa da, bu mövzunun ilin ilk 6 ayı içində gündəliyin birinci sıralarında olması gözlənilir. Toplantımızda Əsəd məsələsində hər iki ölkənin mövqeyinin qarşıdakı günlərdə bir-birinə daha yaxınlaşması ehtimalı da danışıldı. ABŞ-ın bu məsələdəki qərarını Əsədin şimali Suriyaya yönəlik mövqeyina baxaraq müəyyən edəcəyi də bildirildi.
İrana yönəlik sanksiyalar
4. Görüşümüzdə bu anda şəhərdəki bürokratiyanın ən qaynar mövzusu olan İrana yönəlik sanksiyalar da müzakirə edildi. Vaşinqtonda ümumi sanksiya səviyyəsinin yüksəldilməyəcəyi, ancaq hədəfi aydın və açıq olan sanksiyaların (targeted sanctions) təsirli şəkildə istifadə ediləcəyi söylənilir. (strateq.az)
Digər xəbərlər
loading...