Bakı Nəqliyyat Agentliyi avtobus sürücüləri ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərib
Bəlli olub ki, Bakıdakı 3 min avtobus sürücüsündən 461-i məhkumluq həyatı yaşayıb.
İctimai nəqliyyat xüsusi məsuliyyət tələb edən sahədir. Bəs necə olur ki, cinayət törətmiş şəxslərə yüzlərlə, minlərlə insanın həyatı etibar edilir? Hazırda agentlik araşdırma aparır və məhkumluq növünə görə qərar veriləcək.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, məhkumluq həyatı yaşayan sürücülərin siyahısı ilə tanışdır. Onların əksəriyyəti ictimai nəqliyyatda çalışa bilər. “Siyahıda elə şəxslər var ki, banka olan kredit borcunu ödəyə bilmədiyi üçün həbs olunub. Bəziləri 15-20 il əvvəl xırda oğurluq edib. Həmin şəxslərin sürücü işləməsi mümkündür. Amma elə şəxslər də var ki, xuliqanlıq edib, narkotik alverçisi və aludəçisi olub, yaxud şəxs əleyhinə cinayət törədib. Belə cinayətləri törədən şəxslərə avtobus etibar etmək olmaz. Əgər hansısa daşıyıcı məlumatsız olduğundan həmin şəxsi işə götürübsə, əmək müqaviləsinə xitam verməlidir”, - Ə.Hüseynov virtualaz.org saytına deyib.
Ekspertin sözlərinə görə, yol qəzası törətdiyi üçün məhkəmənin qərarı ilə sürücülük hüququnu itirmiş şəxs sonrakı 3 il müddətində avtobus sürücü işləyə bilməz: “Mövcud qanunvericilikdə məhkumluq həyatı yaşayan şəxslərin işə götürülməsi qadağan edilməyib. Lakin işəgötürənin seçim etmək hüququ var. Sürücünün davranışı, sərnişinlərlə rəftarı nəzərə alınmalıdır”.
Ekspertin fikrincə, seçim aparılarkən bunlar nəzərə alınacaq. Yəni kimlər ki, xuliqandı, normal davrana bilmir, yaxud narkotik satıcısı olub-onlar sərnişindaşınmadan kənarlaşdırılacaq: “Kimlərsə dalaşıb və ya xırda oğurluq törədibsə, bunlar xüsusi nəzarətlə işdə saxlanıla bilər. Təsadüf nəticəsində məhkuma çevrilən şəxslər də işdə saxlanılacaq”.
Ekspert Azər Allahverənov də hesab edir ki, əsas məsuliyyət daşıyıcıların üzərinə düşür. Daşıyıcılar sürücü seçərkən onun yaşını, təcrübəsini, davranışını nəzərə almalıdır: “Qanunla məhkumluq həyatı yaşamış şəxslərin avtobus sürücüsü olması qadağan deyil. Şirkətlər sərnişinlərə keyfiyyətli xidmət göstərilməsində maraqlıdır. Sürücü seçilərkən onun təcrübəsi ilə yanaşı psixoloji durumu da öyrənilməlidir”.
Sürücü məhkumluq həyatı yaşadığını gizlədə bilər. A.Allahverənovun sözlərinə görə, 400-dən çox sürücünün məhkumluq həyatı yaşaması ilə bağlı fakt göstərir ki, daşıyıcılar xırda cinayətlə məhkumluğa əhəmiyyət verməyiblər: “Amma sürücünün məhkumluq həyatı yaşaması xüsusi diqqətdə saxlanılmalıdır. Çünki onlar gün ərzində yüzlərlə insanla ünsiyyətdə olurlar. Elə ola bilər ki, keçmişdə yaşadığı arzuolunmaz hadisə sürücünün həyatında, davranışında iz buraxa bilər. Hər halda seçim edərkən təcrübəli, yaxşı davranışı ilə seçilən sürücülərə şans verilə bilər. Bu çox həssas bir məsələdir, çünki cəmiyyət islah olmuş vətəndaşı da təcrid edə bilməz”.
Qeyd edək ki, ötən həftə 175 saylı xətt üzrə hərəkət edən avtobus qəzaya uğramışdı. Sürücü hadisə yerindən qaçsa da, daha sonra tutuldu. Məlum oldu ki, hadisə yerindən qaçan 29 yaşlı sürücü Kamran Ağayevin heç sürücülük vəsiqəsi belə yox imiş. Üstəlik onun 5 il əvvəl soyğunçuluq kimi ağır cinayət əməlinə görə məhkum edildiyi ortaya çıxıb. K.Ağayev Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunub, həmin maddə təkrar və qrup halında, zor tətbiq edilməklə törədilən soyğunçuluq əməlinə görə 4 ildən 8 ilədən azadlıqdan məhrumetməni nəzərdə tutur. Avtobus sükanı arxasına keçən cinayətkarın həmin əmələ görə neçə il cəza aldığı məlum deyil, ancaq ehtimal edilir ki, o həbsxana darvazalarından elə bu yaxınlarda çölə çıxıbmış. (virtualaz.org)
Digər xəbərlər
loading...