"Ötən əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırıb. Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, "1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir, xalqımızın böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır””
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində yazıb.
S.Novruzov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti müəyyən obyektiv və subyektiv səbəblər üzündən süquta uğrasa da, xalqımız milli özünüdərk və özünəməxsusluq duyğularını, milli "mən”ini sovet imperiyası dövründə də yaşada bildi: "Zəngin mədəniyyətə malik mükəmməl etnos kimi dünya tərəfindən etiraf olunan azərbaycanlıların genetik birliyi, eyni etnomədəni sistemə mənsubluğu, həmçinin milli dövlətçilik təfəkkürü bu kimi amillərə qarşı kəskin qadağalar müəyyənləşdirmiş sovetlər birliyi dövründə də məhdudlaşdırıla bilmədi.
Ümumilikdə Heydər Əliyevin rəhbərliyi altında 1970-1980-ci illərdə istər icra strukturları, istərsə də parlament səviyyəsində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın ötən əsrin 90-cı illərə doğru müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratdı. Bu gün əminliklə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının ideallarında yaşatdıqları müstəqil hüquqi, demokratik, dünyəvi dövlət məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda respublikaya qayıdışından sonra mümkün olub. Ulu öndər hələ Naxçıvan Ali Məclisinin sədri olarkən, 1990-cı ildə burada Xalq Cümhuriyyəinin üçrəngli bayrağını ucaldaraq 70 ildən sonra ilk dəfə muxtar respublikanın rəsmi atributu elan edib, dövlətçiliyimizin bu ən mühüm atributunu yenidən dirçəldib. Təsadüfi deyil ki, məhz onun 2003-cü ildə imzaladığı sərəncam əsasında sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən Bakıda Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılıb”.
S.Novruzov daha sonra qeyd edib: "Bir daha və dönə-dönə mühüm bir tarixi fakt vurğulanmalıdır ki, əgər ulu öndərin ikinci dəfə hakimiyyətə möhtəşəm qayıdışı olmasaydı, naşı və səriştəsiz iqtidarlar sayəsində Azərbaycan Respublikasının da taleyi Xalq Cümhuriyyətinin 1920-ci ildəki aqibətini təkrar edəcəkdi. Bu məqamda bir haşiyə çıxmaq yerinə düşər. Belə ki, hazırda bəzi siyasi dairələrin öz yaratdıqları quruma "Müsavat” Partiyası adı verməsi qətiyyən tarixi varislik ənənəsi yaratmır və kökündən yanlış mülahizələrə əsaslanır. Əvvəla qeyd etmək lazımdır ki, ötən əsrin əvvəllərində yaradılmış "Müsavat” xalqımızın çoxəsrlik azadlıq ideyasından güc alaraq milli vətənpərvər ziyalıların və bütün ictimai təbəqələrin ümumi arzu və istəklərini ifadə edən milli bir hərəkat idi. İndiki "Müsavat” isə tarixi sistemyaradıcı partiyadan tam fərqli və cılız sosial bazaya malik, korporativ maraqlara söykənən avantürist şəxslərin özfəaliyyət dərnəyi səviyyəsindən uzağa gedə bilmir və aydın məsələdir ki, tarixi Müsavat mirası ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Habelə bir çox tarixçinin və araşdırmaçının qənaətinə görə ideolojik olaraq da tarixi müsavatçılıq daha çox sol-mərkəzçi siyasi xətt yürütsə də, indiki saxta müsavatçılar sağ-mərkəzçi və hətta radikal sağ mövqedən çıxış edirlər. Həqiqətən də 1918-ci ildə dövlət quran "Müsavat”la, 1992-93-cü illərəd hakimiyyətdə olub dövləti dağıdan, onu tam iflas həddinə çatdıranlar arasında nə hüquqi, nə siyasi, nə də mənəvi bağ qurmaq nəinki mümkündür, hətta büsbütün absurddur”.(azvision.az)
MilliYol.Az
Digər xəbərlər
loading...