Azərbaycanda idmançılar karyeralarını bitirdikdən sonra müxtəlif işlərlə məşğul olurlar
Kimisi öz biznesini açaraq kölgəyə çəkilir, kimisi məşqçiliyə başlayır, kimisi isə dövlətdə müəyyən vəzifəyə sahib olmaqla kifayətlənir.
Oxu.Az apardığı araşdırma ilə sizə III kateqoriyaya məxsus idmançılar barədə məlumat verəcək.
Firdovsi Umudov - Sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibidir. Hazırda sərbəst güləş üzrə millimizin baş məşqçisi işləyən Umudov 2015-ci ildən Dövlət Sərhəd Xidmətinin (DSX) zabitidir. Onun rütbəsi polkovnikdir.
Namiq Abdullayev – 1996-cı il Atalanta Olimpiadasında Azərbaycana sərbəst güləşdə gümüş, 4 il sonra qızıl medal qazandırmış Namiq Abdullayev ölkəmizin idman tarixinə düşüb. Azərbaycana ilk qızıl medalı qazandırmış üçqat Avropa çempionumuz Daxili İşlər Nazirliyində (DİN) Daxili Qoşunların Baş İdarəsinin (DQBİ) idman komandasının rəisidir, rütbəsi polkovnikdir.
Zemfira Meftahətdinova – 2000-ci ildə stend atıcılığında Azərbaycana qızıl, 4 il sonra isə bürünc medal qazandırmış Meftahətdinova da Namiq Abdullayevlə eyni qurumda çalışır. O, DİN-in İdman Cəmiyyətinin sədridir, polkovnikdir.
Xəzər İsayev – Milli Olimpiya Komitəsinin vitse-prezidentlərindən biri olan İsayev həm də Dövlət Gömrük Komitəsində (DGK) çalışır. O da polkovnikdir.
Mövlud Mirəliyev – 2008-ci il Pekin Olimpiadasında cüdoda bürünc medal qazanmış Mirəliyev Şəmkir Olimpiya İdman Kompleksinin rəhbəridir. Özbəkistanda doğulmuş sabiq idmançı eyni zamanda Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşıdır, polis mayorudur.
Zülfiyyə Hüseynova – Sambo üzrə 5 dəfə dünya, 2 dəfə isə Avropa çempionu olmuş xanım idmançımız 2 dəfə də Azərbaycanı Olimpiadada təmsil edib. Ancaq cüdoda. Hüseynova DGK-da Qaçaqmalçılıqla Mübarizə şöbəsində müfəttişdir, rütbəsi də mayordur.
Elnur Məmmədli – hazırda Cüdo Federasiyasının vitse-prezidenti işləyən Məmmədli 2008-ci ildəki Olimpiadada rəqiblərinə asanlıqla qalib gələrək qızıl medal qazanması ilə yaddaşlara yazılıb. O əvvəlcə Dövlət Yol Polisində (DYP) kapitan olsa da, sonradan işlədiyi qurumu dəyişib. Olimpiya çempionumuz hazırda Dövlət Təhlükəsizlik Xidmətində (DTX) mayordur.
Ceyhun Məmmədov – Samboda 9 dəfə dünya çempionu olmuş Məmmədov 2003-cü ildən Sambo Federasiyasının prezidentidir. O, polis polkovnik-leytenantıdır.
Niyaməddin Paşayev – Taekvondoda dünya və Avropa çempionu olmuş Paşayev hazırda bu idman növü üzrə federasiyanın milli komandalara nəzarət üzrə vitse-prezidentidir. O eyni zamanda Sumqayıtda gömrük xidmətinin mayoru rütbəsini daşıyır.
Nazim Hüseynov – 1992-ci il Barselona Olimpiadasında cüdo üzrə çempion olub və bununla da Olimpiadada müstəqil Azərbaycanın ilk qalibi kimi tarixə düşüb. O, DGK-da mayordur.
Mehman Əzizov – Avropa çempionatının mükafatçısı cüdoda Azərbaycanı Olimpiadada da təmsil edib. Əzizov DİN-in mayorudur.
Vitali Rəhimov – 2008-ci il Olimpiadasında gümüş medal qazansa da, sonradan dopinqə görə ikinciliyi əlindən alınmış Rəhimov Vergilər Nazirliyinin zabitidir.
Ancaq karyerasını davam etdirən idmançılardan da rütbəyə artıq indidən sahib olmuşlar var. Onlardan bəzilərini təqdim edirik:
Eduard Məmmədov – Kikboksinq üzrə dəfələrlə dünya çempionu olmuş Eduard 2008-ci ildə Polis Akademiyasını bitirib. “Ağ canavar” ləqəbli idmançımız bunun nəticəsində hazırda polis polkovnik-leytenantıdır.
Rəsul Çunayev – Güləş üzrə dünya çempionumuz DSX-da işləyir. O, leytenantdır.
Fəridə Abıyeva – Karate üzrə Avropa çempionumuz daha çox İslamiadada qızıl medal qazanmaqla diqqətləri özünə çəkib. O da DSX-da baş leytenantdır.
Nicat Şıxəlizadə - Bakıda keçirilmiş İslamiadanın qalibi olmuş cüdoçumuz Sərhəd Qoşunlarının kapitanıdır.
Rüstəm Orucov – İslamiadanın daha bir qalibi olmuş bu cüdoçumuz da Sərhəd Qoşunlarındadır və gizirdir.
Rafael Ağayev – Beş qat dünya çempionu olmuş karateçimiz DGK-da zabitdir.
Digər xəbərlər
loading...