Kulis.az dünən axşam özünü dənizi ataraq intihar etmiş gənc şair Məlik Cahanın şeirlərini təqdim edir
Səni bağışlayıram...
Səni bağışlayıram
baharın gedişinə,
payızın gəlişinə.
Səni bağışlayıram
doğulacaq körpənin
balaca süd dişinə.
Səni bağışlayıram
yolunun üstündəki
qarışqanı əzməyən
insanın ürəyinə.
Səni bağışlayıram,
Məhəmməd peyğəmbərin,
İsanın ürəyinə.
Səni bağışlayıram
kimsəsiz məzarların
şəkilsiz baş daşına.
Səni bağışlayıram
oyuncağı qırılan
uşağın göz yaşına.
Səni bağışlayıram
bu yağışın səsinə,
bu torpağın ətrinə.
Səni bağışlayıram
elə sənin xətrinə.
Sənsizlik şəhəri...
Bu şəhər Bakı deyil,
Sənsizlik şəhəridir.
Sənsiz açılan hər gün
Kədərin səhəridir.
Bu şəhərin adını
Mən "Sənsizlik" qoymuşam.
Çünki sən gedən gündən
Sənsizliyi duymuşam.
Gecələr zaman getmir,
Xarab olur saatım.
Sən məni tərk edəndən
Buradır qeydiyyatım.
Ayrılıqlar şəhəri,
Ayrılanlar limanı.
Bilirsən, bu limanın
Cəhənnəmdir hər anı.
Bircə mən gəzmirəm ki,
"Nakam eşqlər" küçəsin.
Bu küçə öldürübdür
Məndən öncə neçəsin...
Sən elə düşünmə ki,
Burda hər yer işıqdır.
Qaranlıq küçələrdə,
Duyğular dolaşıqdır.
Yayı da qış kimidir,
Sənsizlik şəhərinin.
Gözüm dolur hər gecə,
Yeri dolmur birinin...
İnan ki, çox çətindir
Yoxluğuna alışmaq.
Səni unuda bilmək,
Unutmağa çalışmaq.
Dərdlini dərdli anlar,
Məni anlamır çoxu.
Nə bir ümid qalıbdır,
Nə sən varsan, nə yuxu...
Nə olsun var yataqda,
"Gəl yat" - deyən döşəkçə.
Gör nə vaxtdır yatmıram
Şirin-şirin, qəşəngcə...
...Bax belədir günlərim
Sənsizlik şəhərində.
Yalvarıram, qayıt gəl,
Fəsillərin birində...
Gedəndə
Ayrılığa necə gedir hazırlıq?
Bəlkə məni dindirərsən gedəndə?
Son bir dəfə dalaşarıq səninlə,
Cin atına mindirərsən gedəndə.
Anlamadın məhəbbətin dadını,
Mənsə yazdım ürəyimə adını.
Ayaqüstü içimdəki qadını
Baxışınla öldürərsən gedəndə.
Bir az köhnə şəkillərə baxarsan,
Nə vaxt çıxsan, səs salmadan çıxarsan.
Sənə zəhmət qapını da sıxarsan,
İşığı da söndürərsən gedəndə...
Son şeiri
Qorxunun əcələ faydası yoxdur,
bir gün ruh tərk edir bədəni,
azad olur bir bədənlik əsarətdən.
Ölüm son deyil, başlanğıcdır,
Bir az sevgidən ibarətdir,
Bir az da cəsarətdən.
Gedəndə tək getmirsən,
savabların yoldaşdı,
günahların yoldaşdı.
Bundan sonra bayramlar
il dönümü olacaq,
xeyirlə şər qardaşdı.
Həftələr aya dönür,
aylar gəlib il olur.
İllər də yarpaq kimi
tək-tək təqvimdən düşür.
Öyrəşir... Hamı öyrəşir...
Bir gün ruh tərk edir səni,
qalxır, göylərə üz tutur.
Zamanla yadırğayırlar
səsini də, sözünü də.
Sonra…
Bir gün sənin özünü də
unudur...
Hamı unudur...
Bir gün ruh tərk edir səni,
ruh səni, sən də hər kəsi.
Yaxınlıqdakı məsciddən
eşidilir azan səsi...
MilliYol.Az
Digər xəbərlər
loading...