Demian Makginnes (BBC, Berlin)
Almaniyada yeni hökumətin nə vaxt formalaşacağı son günlərin ən çox müzakirə edilən mövzularındandır. Bu həftəsonu kansler Angela Merkel koalisiyanın formalaşdırılması ilə bağlı danışıqların yeni mərhələsini başladacaq. Bu, hökumətə rəhbərlik baxımından Merkel üçün son şans ola bilər.
Seçkilərdən bu yana 3 aydan çox vaxt keçib. Almaniya tarixində ilk dəfədir ki, ölkə bu qədər uzun müddət hökumətsiz qalır. Siyasi nöqteyi-nəzərdən ölkə yüklənmiş vəziyyətdədir. Siyasilərə olan təzyiqlər artır, seçicilərin səbri tükənir, Avropanın digər ölkələri isə Almaniyanı statusuna uyğun olaraq yenidən avroməkanın lideri görmək istəyir.
Merkelin sağmərkəzçi Xristian-Demokrat İttifaqı, həmçinin solmərkəzçi Sosial-demokrat partiyası seçkidə uğursuzluğa düçar olaraq son 50 ilin ən pis nəticəsini göstərdi. Nəticədə hökumət böhranı və Merkelin siyasi arenadan gedəcəyi ilə bağlı söhbətlər getdikcə intensivləşdi.
Almaniya hazırda Xristian-Demokrat İttifaqının, Sosial Demokrat Partiyasının və Xristian Sosialist İttifaqının təmsilçiliyi ilə müvəqqəti hökumət tərəfindən idarə olunur. Ölkədə işsizlik rekord dərəcədə aşağı səviyyədədir. Vergi hesabına formalaşan büdcə gəlirləri isə yüksəkdir. Daxili siyasət baxımından ölkədə hər şey qaydasındadır. Hökumətin formalaşması isə gecikir.
Avropa Birliyi bu gecikməyə qarşıdır və çox gözləmək istəmir. Fransa prezidenti Emmanuel Makron Avropa Birliyinin uzaq gələcəyə hesablanmış islahat proqramını elan edib ki, bu da Almaniyanın iştirakı olmadan reallaşa bilməz.
Təcili qərarlar…
Ölkə daxilində iqtisadiyyatın inkişafına dair həlli vacib problemlərin sayı getdikcə artır. İnfrastrukturun inkişafına nə qədər vəsait ayrılmalıdır? İlk növbədə hansı vergiləri azaltmaq lazımdır? Düzdür, bunlar bir ölkə üçün böyük problemlər deyil. Amma istənilən halda hər biri öz həllini gözləyir ki, bunu da müvəqqəti yox, yalnız qanuni hökumət edə bilər.
İndi bundestaqda 7 siyasi partiya təmsil olunur. İki əsas partiyanın noyabrdakı uğursuzluğu hakim koalisiyanın formalaşmasını xeyli mürəkkəbləşdirdi. Azad Demokrat Partiyasının danışıqlardan imtina etməsi vəziyyəti bir qədər də çətinləşdirdi. Bu o deməkdir ki, Merkelin rəhbərlik etdiyi blok üçün (Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı) yeganə çıxış yolu sosial-demokratlarla danışıqları bərpa etməkdir.
Lakin bunu tərəflərin heç biri istəmir. "Böyük koalisiya" Almaniyanı 8 ildir ki, idarə edirdi. Bu illər ərzində hər iki blok siyasi spektrin mərkəzinə yerləşmişdi. Bu da Almaniyada ümumi siyasi tendensiyayla uzlaşır. Lakin bu partiyaların bir çox sıravi üzvləri bununla razı deyillər.
Sosial-demokratlar narazıdır
Xristian-Demokrat İttifaqının daxilində Merkelə tez-tez ittihamlar ünvanlır. Kansleri mühafizəkar ənənə və dəyərlərə xəyanətdə, həmçinin mövqelərini sağ-radikal partiya olan "Almaniya üçün alternativ"ə uduzmaqda günahlandırırlar.
Öz növbəsində, solçu qüvvələrin tərəfdarları sosial-demokratları hakimiyyət müqabilində öz sosialist prinsiplərindən imtinada ittiham edirlər. Məhz bu səbəbdən Almaniya Sosial Demokrat Partiyasının lideri Martin Şults seçkilərdən dərhal sonra partiyasının yeni koalisiyada Merkelin partiyası ilə birgə iştirakını istisna etdi. Və müxalifətə keçdiyini açıqladı.
Partiya üzvlərinin məmnunluğu o səviyyədə idi ki, sanki sosial-demokratlar seçkidə qalib gəlmişdilər və sanki tarixlərinin ən böyük məğlubiyyətini yaşamırdılar. Noyabr ayında koalisiyanın formalaşmasına dair danışıqların uğursuzluqla üzləşməsi Şultsu partiyasının gələcəyi haqda yenidən düşünməyə və mövqeyini dəyişməyə vadar etdi.
Almaniyada koalisiya siyasəti sahəsində yazılmamış qaydalar var. Seçkidə iştirak, ardınca hökumətin formalaşdırılmasında iştirakdan imtina seçicilər tərəfindən məsuliyyətsiz davranış kimi qəbul oluna bilər.
Almanların bir çoxu hesab edir ki, danışıqlarda iştirakdan imtina edən Azad Demokrat Partiyası bu qaydaları pozdu və indi də bunun hesabını populyarlığının xeyli aşağı düşməsi ilə ödəyir. Danışıqlar masasına yenidən qayıtması üçün partiyaya xeyli təzyiqlər olunur.
Merkel və Şults çətin seçim qarşısında
Ona görə də bu bazar günü başlayacaq danışıqlarda Merkel və Şults çətin seçim qarşısında olacaq. Onlar kompromisə gəlməli, ən azından buna istəkli olduqlarını nümayiş etdirməlidilər. Eyni zamanda öz sıravi üzvlərini baza prinsiplərindən imtina etmədiklərinə inandırmalıdılar.
Miqrant problemi ən mürəkkəblərdən sayılır. Xristian Sosialist İttifaqı miqrantlar üçün nəzərdə tutulan sosial müavinətlərin azaldılmasını, onların qohumlarının ölkəyə gəlişinə qadağanın müddətinin uzadılmasını, miqrant qəbulunda limitin qoyulmasını tələb edir. Vergi məsələsi ətrafında da mübahisələr gedir. Sosial-demokratlar varlılar üçün vergilərin artırılmasını tələb edirlər.
Koalisiyanın qurulması üçün danışıqların baş tutmasını zəruri edən əsas amil, alternativlərin cəlbedici olmamasıdır. Azlıq hökuməti uzunmüddətli və dayanıqlı ola bilməmək riski daşıyır. Bu da o deməkdir ki, yeni seçkilər siyasi qeyri-stabilliyə qapı aça bilər. Əgər bu dəfə danışıqlar baş tutmasa, bu, il boyu Almaniyanın bir nömrəli mövzusu olacaq…
MilliYol.Az
Digər xəbərlər
loading...