Məşhur yazıçıların yaşadıqları sevgilər onların möhtəşəm əsərləri qələmə almağında böyük rol oynayıb. Doğurdan da, sevgi bəzən ədəbiyyatın qırıldığı nöqtədir...
Gəlin, bir neçə yazıçının sevgi əhvalatlarını xatırlayaq.
Amerika yazıçısı Fitsceraldın xanımı Zelda heç nəyə fikir vermirdilər: yazıçı Skott teatrda soyunub lüt otura, sevgilisi Zelda isə ondan geri qalmadan tuman-köynəklə fontanda çimə bilərdi. Onlar mahnı oxuya-oxuya maşınla bütün şəhəri gəzməyi belə bacarardılar. Skott və Zelda tez-tez küpünə qədər içirdilər.
Fitceraldın eşq macərası haqqında maraqlı fakt: “Nyu-York camaatı Fitscerald cütlüyünün qəfil yoxa çıxmağına şaşırmışdılar. Manhettenə getmək üçün şənbə günü axşam Lonq-Aylendəki evlərini tərk ediblər. Onlar nə bazar günün səhərində, nə bazar ertəsinin axşamında, nə də çərşənbə günü məlum məkanda görülməyiblər. Yalnız cümə axşamı onları çox pərişan halda Nyu-Cersi otelində tapdıq. Cənab Fitscerald, eləcə də onun sevgilisi hələ də anlaya bilmirdilər ki, nə qədər içki içiblər, necə olub dörd gün ötüb keçib və onlar Nyu-Cersiyə gəlib çıxıblar...”
Sonra hər şey dəyişdi. Hərdən bir Fitscerald əlinə qələm götürüb nəsə yazmaq istəyəndə Zelda özündən çıxırdı. Qadın hər gün dava salırdı. Deyilənə görə, Zelda hər gün əməlli-başlı sərxoş olurdu. Daha bunlara düzə bilməyən Skott uşaqları da özü ilə bərabər götürüb şəhərdən çıxdı. Orda yazıçı, nəhayət ki, ciddi rejimlə işləyə bildi, sakitlik tapmışdı, bütün gücünü yazıya vermişdi. Ən məşhur romanı olan “Böyük Getsbi”ni orda qələmə almışdı.
Xanımı Zelda bir dəfə özünü ikinci mərtəbədən aşağı atmışdı, az-maz zədələnmişdi. Evə gələndə hamını öldürmək istəyirdi: yazıçı onu psixi xəstəxanaya yerləşdirmişdi. Fitscerald öz xanımı haqqında daha sonra yazırdı: “Mən ümidlə dolu olan xəstəxana divarları arxasında Zeldamı itirdim. Bizim sevgimiz əsrin ən böyük sevgisiydi. Münasibətimizdə azacıq qırılma olan vaxt həyatın mənası itdi”.
***
Puşkini xoşbəxt hesab etmək olardı: o, həm Rusiyanın bir nömrəli şairi adına layiq görülmüş, həm də ölkənin ən gözəl qadınını ələ keçirmişdi. Ancaq bəzən xoşbəxtliyin ömrü də insan taleyi kimi olur: heç gözləmədiyin anda qəfil məhv olub gedir...
Puşkinin qabağına çətin bir əngəl çıxır: Dantes peyda olur. Dantes çox qəddar və inadcıl biriydi. O, uğrunda döyüşəcəyi qadına görə hər şeyindən vaz keçməyə razı olacaq bir xarakterdəydi. Onun üçün indi önəmli olan öz gələcəyi idi. Və bu gələcək onu hara aparır-aparsın Dantes buna razıydı. O, öz rolunun öhdəsindən gələcəyinə inanırdı. Və ifa olunan bu rol Puşkinin sonuna çıxacaqdı. Dueldə ölən bir şair...
***
Bu isə Çexovun xanımının yazdıqlarıdır:
“Məni pilləkəndən ötürdüyün yadındadır? Onda tutacaq necə xaincəsinə cırıldamışdı... Mən bunu dəhşətli dərəcədə sevirəm. İndi isə uzun zaman sənə yazmadım, oturdum şəklinə tamaşa elədim və yalnız sənin haqqında və gələcəyimiz haqqında düşündüm. Bəs sən düşünürsənmi? Biz səninlə çox az danışmışıq. Sənə elə gəlmirmi, bizim münasibətimiz anlaşılmazdır? Ah mənim gələcəyimin insanı! Sən artıq bilirsən, biz bir yerdə tanış insanlar kimi yaşaya bilmərik. Mən gəlmişdim sənin yanına. Artıq bu gizlənmələrdən bezmişəm. İnan mənə, bu mənə çox ağırdır. Hələ sənin ananın üzündəki iztirabı görmək daha dəhşətlidir. Mən axı iki od arasında qalmışam. De mənə, de ki, bir yerdə xoşbəxtcəsinə yaşayacağıq...”
Çexov sevdiyi aktirisa ilə bir yerdə yaşaya bilmir.
***
Ceyms Coys “Uillis” romanını yazırdı. Coys yeddi yüz səhifəlik romanı cəmi bir gündən bəhs edir. İşin ən maraqlı tərəfi də odur ki, bu romanı yazmağa başladığı gün yazıçı sevdiyi qadınla, gələcək xanımıyla görüşə çıxıbmış.
Məhz bu görüşdən sonra yazıçı sonralar onun ən möhtəşəm, şedevr romanını yazıb.
Nora bir kasıb evdə qulluqçu kimi çalışırdı. O qaş qaralanda öz yaşadığı yerə gedirdi. Həmin günlərin birində, sonradan gələcək əri olacaq Coysla qarşılaşır.
Nora, yəni Ceymsin sevgilisi bundan əvvəl iki dəfə evlilik yaşamışdı və onun ərləri nədənsə, çox qəribədir ki, ikisi də ailə qurduqdan bir az sonra vəfat etmişlər. Coys onunla ilk dəfə qarşılaşanda nə edəcəyini bilməmişdi.
Günlərin birində o, artıq bu iztiraba son qoyur və Nora ilə evlənməyə razılıq verir. Bu qadın Coysun bəlkə də ən böyük əsəri ola bilərdi, çünki onlar düz ölənə qədər bir yastığa baş qoydular.
Onların arasında dərin və başgicəlləndirici bir sevgi yaranmışdı. İkisi də bunun bitməyəcəyini zənn edirdilər, ancaq necə deyərlər sən saydığın say gör fələk nə sayır. Aralarında qarşılıqlı ikiləşmə sevgini sıxışdırıb aradan çıxardı.
Coys xanımına hər cür sərbəstliyi verirdi və bundan istifadə edən Nora səyahətlərə yollanırdı, hətta bir ara fransız dilini öyrənməyə girişmişdi. Səyahətlər bitəndən sonra Coysun xoş günləri başladı, xanımı ona iki uşaq verdi, biri oğlan Coys, digəri Luisa adında qız idi.
Coys həddindən artıq qısqanc adam idi. Deyilənə görə, xanımına hər cür sərbəstlik verirdi ki, onun başqalarıyla əlaqə qurub-qurmadığını öyrənsin. Hər dəfə yazıçı əvvəlki ərləri haqqında onu sorğu-suala tutur, qısqanclığını açıq-aşkar büruzə verirdi.
Coys heç vaxt inandıra bilmirdi ki, bu qadın yalnız onundu. Onun başqaları ilə yaxınlığını düşünəndə qıcqanclıq hissləri baş qaldırırdı. Gərgin və əsəbi anlarını aradan qaldırmaq üçün yazıçı içki şüşələrinin arxasına sığınırdı.
Aralarındakı ixtilafı Noranın bacısı yaradır. Qadın deyir ki, Coys çox içən və bədxərc adamdı. Bundan sonra ər-arvad arasındakı kəskin davaların təməli atılır.
Yazıçının xanımı ilə məşhur dialoqu var. Nora ona çox içdiyindən şikayətlənərək belə deyir:
"Sən içkidən və yazıdan başını qaldırıb, həyata baxsan hər şeyi olduğu kimi görərsən."
Coys cavab verir: "Sən yazdıqlarımı oxusan, görərsən ki, mən hər şeyi daha aydın, daha yaxşı görürəm..."
Nora ilə Ceymsin münasibətlərini gərginləşdirən bir səbəb də qızları Lusiaydı. Gənc yaşlarından ruhi xəstə olan Lusianı Nora xəstəxanaya yerləşdirmək istəyirdi, ancaq yazıçı buna qarşıydı. Lusianı sağaltmaq üçün dünyanın dörd bir yanından həkimlər axışıb gəlir, lakin qızın dərdinə şəfa tapmaq mümkün olmur.
Ailə onu klinikaya aparmağın ən düzgün qərar olduğunu anlayır. Oranın daimi yolçusu Coysdu, hər dəfə yolu o tərəflərə düşürdü, ancaq Nora iki ayağını bir başmağa dirəyib durmuşdu və heç vaxt qızının üzünü görmək üçün o klinikaya getməyəcəyini bildirmişdi.
Deyilənə görə, məşhur yazıçının xanımı feminist olduğu üçün tez-tez buna görə Coysla deyişməli olurdu. Bu, yazıçının həyatında rastlaşdığı ən mürəkkəb situasiya olsa da, yazıçı həmişə hər şeyə yaradıcı kimi yanaşırdı.
Yazıçının xanımına erotik məktubu da var. Burda Coys öz etiraflarını qələmə alıb. Xanımı hər dəfə ona belə deyirdi: "Sən mənə qadın kimi yanaşmırsan, qulluqçu kimi baxırsan". Məşhur yazıçı da cavabında: "Sən mənə yalnız yazmaq üçün lazımsan" – deyə cavab verərdi.
Türk yazarı Ahmet Altan bir məqaləsində Coysdan söz açaraq belə yazır: "Dünyanın roman təfəkkürünü və ingilis dilinin yönünü dəyişən Coys öz şəxsi həyatını dəyişə bilmədi..."
Samuel Bekket isə deyirdi: "O, ədəbiyyatın özüdür..." (kulis.az)
MilliYol.Az
Digər xəbərlər
loading...