“İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr “Tütün və tütün məmulatı haqqında” qanuna istinad edərək bu cərimələri tətbiq etməni müəyyən edir
Yeni qəbul edilmiş və bu qadağaları ətraflı müəyyən edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun isə mövcud İnzibati Xətalar Məcəlləsinin istinad etdiyi qanunda müvafiq maddələri (qadağan edilmiş yerləri) ləğv edir və bununla da müəyyən hüquqi boşluq yaradır. Belə ki, Məcəllədə istinad olunan qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddəsinin artıq hüquqi qüvvəsi yoxdur”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyib.
O bildirib ki, mövcud vəziyyət hazırda yalnız məcəlləyə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkilməsinə görə şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmir. Həmçinin məcəllənin 212. maddəsi sadəcə siqaret çəkməklə ilə bağlı məsələni tənzimləyir, ancaq digər tütün məmulatları barədə hər hansı norma nəzərdə tutmur (məsələn, qəlyan): “Digər hallarda isə müəssisələr, idarə və təşkilatlar barəsində (ancaq siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə) isə məsuliyyət tədbirləri tətbiq edilə bilər. Təbii ki, bu qısa müddətli bir vəziyyətdir və qanunyaratma praktikasına əsasən Milli Məclis yeni qanunun tələblərini digər qanunlara uyğunlaşdırmaq üçün yaz sessiyasında bu dəyişiklikləri nəzərdən keçirəcək və məcəlləyə yeni qanuna istinad və müvafiq cərimələrin tətbiqi üçün hüquqi imkanları təmin edəcək”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin 1-ci bəndinə əsasən, məcəllənin 299-cu (Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 100 manat məbləğində cərimə edilir), 305-ci (Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40 manat məbləğində cərimə edilir), 306.4-cü (metrostansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə görə 50 manat məbləğində cərimə edilir), 318-ci (Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40 manat məbləğində cərimə edilir) və 322.0.4-cü (Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə 40 manatdan əlli manatadək məbləğdə cərimə edilir) maddələri istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə edilir.
Maddənin 2-ci bəndinə əsasən isə müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minib. Bu qanun əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Digər xəbərlər
loading...