Politoloq: “Vaşinqtona şah rejimi və Yeltsin komandası kimi hakimiyyətlər sərf edir...”
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Herbert Makmaster Rusiyanı sərt şəkildə hədələyib.
O, İranda son bir həftədə baş verən ixtişaşlarla bağlı Kremlin bu ölkənin hakimiyyətinə dəstək verdiyi üçün bədəl ödəyəcəyini açıq şəkildə bəyan edib.
“Amerikanın səsi”nə müsahibə verən Makmaster İran və Şimali Koreyanın nüvə proqramlarının ABŞ və Rusiyanın maraqlarına zidd olduğunu açıqlayıb. Rusiyanın Ukraynaya hərbi təzyiqləri və Qərbdəki seçkilərə müdaxiləsi iddialarının ABŞ və Rusiya əlaqələrini pozmağa yönəldiyini vurğulayan Makmaster “Rusiyanın son zamanlar etdikləri ABŞ və Avropa ölkələrinin maraqlarına ziddiyyət yarada bilər. İrana yardım Rusiyanın işinə hansı məqamda yaraya bilər? Rusiya İranı dəstəkləməyə davam edərsə, bu hərəkətinin qarşılığını ödəyəcək” deyib.
Politoloq Nəzakət Məmmədovaya görə, Rusiyanın İranı dəstəkləməsindən ABŞ ciddi narahatdır: “Sözsüz ki, ABŞ başda olmaqla, Səudiyyə Ərəbistanı və İsrail üçlüyü İrandakı hadisələrin minimum bu ölkədəki rejimin dəyişməsi, maksimum onun zəifləməsi və parçalanması ilə nəticələnməsini istəyərdi. Lakin İran da tək deyildi və onu da dəstəkləyən ölkələr var ki, onlardan biri Rusiyadır. Rusiya-İran əməkdaşlığı sanksiyalar dövründə Buşehrdə nüvə elektrik stansiyasının tikilməsi və onun fəaliyyətinə tutmuş, İrana S-300 satılmasınadək bir çox sahələri əhatə edirdi. Suriya məsələsində də bu iki ölkənin maraqları demək olar ki, çox yaxındır. Astana prosesi, Soçi sammiti də bu yaxınlığı bir daha sübut etdi. Rusiya İranı dəstəkləyir. Çünki bu, onun geosiyasi maraqları ilə ziddiyyət təşkil etmir. Yaxın Şərqdə İranın liderlik ambisiyaları Rusiyaya zərər vurmur, çünki Rusiya burada müəyyən geosiyasi, hərbi və neft maraqlarını həyata keçirmək istəyir ki, buna da İran mane olmur. Əksinə, Rusiya İranda xaos yaranarsa, bunun MDB-nin cənub sərhədlərindən öz ərazisinə yayılmasından narahatdır və İrandakı sabitlik Rusiyaya çox lazımdır. İran İŞİD və digər terror təşkilatlarının cənubdan Orta Asiyaya və ya Cənubi Qafqaza yayılmasının, oradan isə Rusiyaya keçməsinin qarşısında sipərdir. İki ölkə ABŞ-ın Əfqanıstanda olmasından narahatdır, milyonlarla dollarlıq iqtisadi əməkdaşlıq kontraktları var və s. Belə bir şəraitdə, ABŞ bu iki ölkənin həmrəyliyindən narazıdır. O, əlbəttə ki, hər iki ölkədə həm hakimiyyətlərin dəyişməsini, özünə loyal rejimlərin gəlməsini, həm də bu ölkələrin zəifləyərək onun planlarına mane olmamasını istərdi. ABŞ-a şah rejimi və Yeltsin komandası kimi hakimiyyətlər sərf edir. ABŞ və İsrail İrandakı hadisələrə çox yaxından müdaxilə edə bilmədi. Bu ölkənin xüsusi xidmət orqanlarının sərtliyi, əhali arasında xarici ölkələrlə əməkdaşlıq edən şəxslərə qarşı edam cəzasının olması, eləcə də rejimin illər boyu ABŞ və ”sionistlər rejim" adlandırdığı İsrailə qarşı təbliğatı insanları xarici təsirə düşməkdən çəkindirir. Eləcə də, İngiltərə və Rusiya kimi güclü kəşfiyyat orqanları olan ölkələrin İrana dəstək verməsi, onu yüksək səviyyədə zəruri informasiya ilə təchiz etməsi də böyük rol oynadı. Məsələn, İranda hadisələr başlamazdan 19 gün əvvəl İngiltərənin xarici işlər naziri Consonun Tehrana səfər edərək “Mİ-6" kəşfiyyat orqanının iğtişaşlara hazırlıq getməsi barədə əldə etdiyi məlumatları İran rəhbərliyinin nəzərinə çatdırmışdı. Eləcə də, Rusiya İrana bu və digər sahələrdə hər cür dəstək verir. Məhz onların birliyi Yaxın Şərqdə Əsədin hakimiyyətdə qalmasını, Suriyanın bütövlüyünün saxlanmasını təmin etdi, İSİD-in iflasını sürətləndirdi, kürd dövləti yaranmasını əngəllədi və s. Bütün bunların hər birində Əsəd məsələsi istisna olmaqla, Türkiyənin də böyük zəhməti qeyd olunmalıdır”.
Politoloq onu da qeyd etdi ki, Rusiya, İran, Türkiyə faktiki ABŞ-ın maraqlarına meydan oxudular və ABŞ da fürsət düşdükcə bunun əvəzini çıxmağa çalışır: “Burada iki yol var: radikal müdaxilə və seçkilərə müdaxilə. Radikal müdaxilə silahlı yolla hərbi çevriliş cəhdi Türkiyədə edildi və baş tutmadı. İran və Rusiyada isə bu, ümumiyyətlə mümkün deyil. Çünki Türkiyənin hərbi sistemi uzun illər ABŞ və NATO ilə bağlı olub, amerikalıların ordu vasitəsilə bunu etmək imkanı var idi. Rusiya və İranda isə daxildən silahlı dövlət çevrilişi mümkün deyil, xarici müdaxilə isə ABŞ üçün böyük riskdir. Alen Dallesin belə bir fikri var: ”Kəşfiyyat o zaman lazım olur ki, hərbi qüvvələrin müdaxiləsi həddən artıq risklidir, diplomatiya isə səmərəsizdir". İran və Rusiyaya münasibətdə məhz belə bir vəziyyətdir, eləcə də Türkiyəyə. Ona görə də ABŞ-ın əsas ümidi seçkiləridir. Seçkilərdə qərbpərəst müxalifətə dəstək verilməsi, eləcə də ölkədə iğtişaşlar yaradılması ABŞ-ın əsas planlarına daxil olan məsələdir. Eyni zamanda bu ölkələrə sanksiyaların tətbiqi vasitəsilə ölkənin iqtisadi vəziyyətini pisləşdirmək və beləliklə də əhali arasında narazılıq yaratmaqla hakimiyyət dəyişikliyinə nail olmaq istəyirlər. Məsələn, Rusiyada 2018-ci il seçkilərində yeni sanksiyalar paketinə start verməklə, Türkiyədə 2019-cu il seçkilərində AKP-nin səslərinin bölünməsi üçün müxtəlif vasitələrə əl atılması, bununla da Ərdoğan və Putinin hakimiyyəti itirməsinə çalışılacağı istisna olunmur".
Müsahibimiz bu təhdidin Azərbaycandan yan keçib-keçməməsinə də toxundu: “Azərbaycanda bu il seçkilər olacaq, eləcə də digər region ölkələrində müəyyən illərdə seçki prosesi baş verəcək. ABŞ-ın burada da seçkilərdə öz maraqlarını təmin etməyə çalışması aydındır. Bütün dünyada, maraq dairəsi hesab etdiyi hər bir regionda olduğu kimi, Azərbaycanda da seçkilərin ABŞ-ın diqqət mərkəzində olacağı şübhəsizdir. ABŞ hər bir ölkənin spesifik xüsusiyyətindən çıxış etməklə seçkilərə təsir göstərərək, oradan istədiyi nəticəni əldə etməyə çalışır. Məsələn, Azərbaycanda silahlı çevriliş cəhdi, qiyam dövrləri artıq tarixdə qalıb və daha çox müxalifət qüvvələrinə, eləcə də ictimai təşkilatlara, müəyyən şəxslərə dəstək verməklə təsir göstərilməyə çalışıla bilər. Yaxud güzəştlər əldə etmək üçün hakimiyyətə müəyyən təzyiqlər göstərilməyə çalışıla bilər. Lakin seçkilərə radikal müdaxilə inandırıcı deyil”. (musavat.com)
Digər xəbərlər
loading...