““İran baharı” ərəblərdə gördüyümüz “bahar”dan fərqli olmayacağına görə, indiki qışın qalması məsləhətdir”
Artıq ikinci həftədir ki, İranda baş verən xalq edirazları dünya mediasının əsas müzakirə mövzularından biridir.
Milyonlarla soydaşımızın taleyi qeyri-ixtiyari bizi də müsəlman qonşumuzda yaşanan hadisələrə həssas yanaşmağa vadar edir. Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa “Yeni Müsavat”a İranda baş verənlərlə bağlı geniş müsahibə verib.
- Fazil bəy, müşahidə və məlumatlarınızdan hansı qənaətə gəlirsiniz, İranda nələr baş verir? Bu hadisələr sosial problemlərə etirazdır, yoxsa İran əhalisi ölkədəki quruluşun, hakim rejimin dəyişməsini istəyir?
- İranda baş verənlər bilavasitə sosial-iqtisadi vəziyyətlə bağlıdır. İran tipik ideoloji-teokratik prinsipləri əsas götürən dövlətdir. Biz bunun nə olduğunu sinfi-ideoloji xarakterli Sovet sistemindən yaxşı xatırlayırıq. SSRİ öz daxilində vətəndaşına talonla donmuş ət yedizdirirdi, xaricdə isə Kubanı, Afrika və Asiya ölkələrini, onların kommunist yönümlü partiyalarını saxlayırdı. Sovetlərdən fərqli olaraq İranda bazar iqtisadiyyatı modeli olduğundan xüsusi bir aclıq müşahidə olunmasa da, ideologiyanın yayılması istiqamətində xərclənən külli-miqdarda vəsait ölkədə əhalinin rifah səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. 40 ilə yaxın bir dövrün iqtisadi və siyasi sanksiyaları da ölkədə ümidverici dəyişim perspektivi vəd etmir. İşsizlik, yoxsulluq təsiredici amillərdir, üstəlik də yaxın bölgələrdə əməliyyatlara aktiv müdaxilə böyük pulların axını və güc strukturklarının korrupsiyaya bulaşması deməkdir. ABŞ-ın İraqda yaratdığı xaosdan öncə İran öz hüdudlarından kənara çıxa bilmirdi. Sadəcə, dolayı yollarla Həmasa, Hizbullaha maddi yardımlar edirdi. İndi bu siyahıya həm İraq, Suriya, Yəmən, Əfqanıstan da əlavə edildikdə sanksiya altında olan bir dövlət üçün bunun maliyyə yükü təsəvvür olunmaz dərəcədə böyükdür. Hələ nüvə texnologiyasına, silahlanmaya xərclənən pullar daha ağlasığmaz ölçülərdədir. Bu da sosial narazılığın ən başlıca səbəbidir. Budəfəki etirazlarda milli məsələnin arxa planda olduğu sezilir.
- İran hakimiyyətinin daxilində də parçalanma meylləri ortaya çıxdı. Bunun səbəbi nədir? Hakimiyyət daxilində fərqli fikirlərin ortaya çıxması müsəlman qonşumuza nə vəd edir?
- İran hakimiyyəti öz mövcudluğundan bəri gizli çəkişmələr yaşayır. Hatəmidən başlayaraq liberal-mühafizəkar oyunlarının bir-birini əvəz etməsinin cəmiyyəti və beynəlxalq gücləri aldatma vasitəsindən başqa bir şey olmadığı artıq İran toplumunda hər kəs üçün aydındır. Ölkə həmişəki kimi ali dini rəhbərin düşüncəsi ilə idarə olunmaqdadır. Hatəmi hansı həddə qədər addımını qoya bildisə, Ruhani də o həddə qədər gələ bildi. İqtisadi düşüncə ilə siyasətə baxanlarla ideoloji düşüncə ilə baxanların İranda dövlət hakimiyyəti uğrunda amansız mübarizəsi gedir. Bu cür rejimlər demokratikləşə bilməz. Hətta indiki dini hakimiyyət olmasa belə, toplumun alt qatlarında canlı nüvə kimi yaşayan nəzəri cəhətdən sistemə salınmış din cəhalətinin daşıyıcılarının bir sinif olaraq modernlik duyğusu ilə yaşayan insanları hər an yox etməyə hazırdır. Bu sinfin içində bizim soydaşlarımızın çoxluğu təşkil etməsi bizim də milli hərəkat və ya birlik perspektivlərimiz üçün ciddi təhlükə mənbəyi kimi baxılmalıdır. Hər halda bu etiraz dalğaları və sanksiyalar İran rejiminin sosial-iqtisadi yöndə islahatlara daha ciddi yanaşmasını stimullaşdıracaq. Xüsusilə də iqtisadi düşüncə ilə siyasətə yanaşanların mövqelərinin güclənməsi daha real görünür. Yaxın vaxtlarda rejim dəyişikliyi ilə bağlı əlamətlər hiss olunmur.
- Bəzi istisnaları çıxmaq şərtilə deyə bilərik ki, İranda yaşayan 25-30 milyonluq türk toplumu, Cənubi Azərbaycan bu etirazlara qoşulmadı. Necə bilirsiniz, azərbaycanlılar növbəti dəfə qurbanlığa çevriləcəklərindən ehtiyatlanıb sadəcə, müşahidəçi oldular, yoxsa başqa səbəblər var?
- Bu günün İranında açıq milli dava adı ilə meydana çıxış imkanları real görünmür. Ayrı-ayrı şəhərlərdə baş verən etiraz aksiyalarında azərbaycanlılar da ayrıca milli komponent kimi deyil, İran vətəndaşı olaraq sosial-iqtisadi şüarlarla çıxış ediblər. İndiki durumda soydaşlarımızın bu prosesin içində milli şüarlarla ön cərgədə olması arzulanan da deyil. İlk növbədə İran mövzusunda böyük güclərin planlarını doğru oxumamız lazım. Onların planında İranın həqiqətən də demokratikləşməsi bəndi varmı? Yaxud Azərbaycana aid hansısa faydamıza olan bir bənd yer alırmı? Bizə müttəfiq kimi baxırlar, yoxsa istifadə aləti kimi? Soydaşlarımız bunları mütləq oxumalıdır. ABŞ o boyda Türkiyəni kürd terrorçularının ayağına verdisə, biz də onlar üçün türkük, barəmizdə xoş bir şey düşünməyəcək ki... ABŞ, Rusiya, İran erməni məsələsində necə əleyhimizə birlik nümayiş etdirirlərsə, Güney Azərbaycan türklərinin haqlarına münasibətdə dəstək göstərməyəcəklər ki. Yəni anlamalıyıq ki, öz taleyimiz ancaq doğru, rasional qərarlarımızdan asılı olacaq, bu mövzuda vətənpərvərlik şöhrəti və siyasi mövcudluq qazanan bir qrup diletantın qızışdırmaları ilə problemə yanaşmamız təkcə oradakı soydaşlarımızı deyil, Azərbaycan dövlətini də riskli nəticələrlə qarşı-qarşıya qoya bilər.
- İran hakimiyyəti baş verən hadisələrin arxasında ABŞ və İsrailin dayandığını iddia edir. Bu iddiaların nə dərəcədə əsası var?
- Bu elə də inandırıcı görünmür. İranın qarışmasında həmin ölkələrin heç şübhəsiz ki, maraqları var və bu maraqlar da qətiyyən İranın demokratkləşməsi maraqları kimi anaşılmamalıdır. ABŞ və İsrail üçün mütləq mənada Ərəb dünyası və Türkiyə ilə daim konfliktli mövqedə olan bir İran lazımdır, 1978-ci il inqilabını planlaşdıranlar buna əsasən nail olublar. Ancaq bu rolu İranın teokratik-ideoloji dövlət kimi deyil, kiçik bir sülalə formatında yaradılmış sadiq kral və ya şah qismində gerçəkləşdirməsi onların işinə daha çox yarayır. İndiki situasiyada İran rejimi həm ABŞ-ın, həm də İsrailin məhz Ərəb və Türk arealına qarşı düşmənçilik maraqlarına cavab verir, ancaq bu dövlətin ideoloji prinsiplərlə bölgə ölkələrində aktiv əməliyyatlara qoşulmasına rahatsızlıqla yanaşırlar. Bununla belə, fikrimcə son günlər baş verənlər daxili narazılığın gözlənilən təzahürləri idi və əhalinin sosial durumunun pisləşməsindən qaynaqlanırdı.
- Fazil bəy, zaman-zaman Güney Azərbaycanda milli oyanış hərəkatının öz hədəfinə çatacağı barədə ümidlər yaranıb, lakin sonda soydaşlarımız qurbanlar verərək geri çəkilməli olublar. Hazırda Güney Azərbaycanın perspektivi ilə bağlı hansı fikirdəsiniz? Güney Azərbaycanın federasiya subyektinə çevrilməsi daha realdır, yoxsa müstəqil olması?
- İndi həqiqətləri deyəcəyəm, yenə də diletant vətənşivənlər başlayacaq ki, bizim oxuyub inandıqlarımızı niyə əlimizdən alırsınız? İndiyədək Güney Azərbaycanda milli hərəkatın vüsəti barədə qoyduğunuz sual bizim tarixçilərin uydurduğu kitablarda yer alan təhriflərdir. Səttarxan hərəkatı İranın bütövlüyünü qorumaq hərəkatıydı, əsas dəstəkçisi də klerikal ruhanı şəbəkəsi idi. Hərəkatın canlı qüvvəsinin əsas etibarilə Azərbaycan türkləri olması mahiyyətcə milli hərəkat kimi xarakterizə oluna bilməz. Xiyabanı hərəkatı da Rusiyada bolşevik rejiminin ilhamlandırdığı və əsasən antitürk hərəkatı idi. Pişəvəri hərəkatı milli hərəkat xarakterinə daha uyğun idi. Simvollar, dəyərlər proqramlı şəkildə tətbiq olunmağa başladı, lakin sistemli bir nəticəyə varılması mümkün deyildi, çünki SSRİ-nin proqramlaşdırdığı xətdən kənara çıxmaq nəzərdə tutulmurdu. Nəticədə ABŞ və Böyük Britaniyanın diplomatik şantajları nəticəsində Güney Azərbaycanın SSRİ tərkibinə ilhaqı mümkün olmadı. Ancaq Pişəvərinin başçılıq etdiyi Azərbaycan muxtariyyət faktı güneydə milli ideyamız üçün zəmin rolunu oynayacaq əhəmiyyətli iz buraxdı. Yuxarıdan stimullaşdırılan hərəkatla, aşağıdan qaynayan hərəkatların xarakterinə ciddi diqqət yetirmək lazımdır. Şəriətmədari öncüllüyəndəki tərpənmələri isə milli hərəkat kimi götürmək tamamilə qeyri-ciddi yanaşmadır. Teokratik xarakterli hər hansı bir oyanma millətimiz üçün olduqca təhlükəlidir və məhz bu səbəbdən 1978-ci il dəyişiminin ən böyük zərərini Azərbaycan türkləri yaşadı. Milli oyanışla milli hərəkatı eyniləşdirməklə illərdir özümüzü aldatmışıq. Yuxudan durmaq, hələ addımlamaq, istehsal etmək, düşüncələri gerçəkləşdirmək deyil. Milli hərəkatın öz proqram strategiyası mövcud olur, daxildə və xaricdə ciddi hədəfləri gerçəkləşdirən eyləmçi qrupları, parlament lobbiçiliyi, mühacirətdə beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin siyasi sisteminə təsir göstərə biləcək diaspora qüvvəsi olur. Bizdə Güney Azərbaycanın gələcəyini, bütövlüyünü düşünən xeyli insanlar var. Təşkilatlanma cəhdləri də kifayət qədər olub. Ancaq bunların böyük əksəriyyəti ədəbiyyat dərnəkləri və ya həvəskar soydaşlar klubundan fərqli bir şey olmayıb. Yaradılan konqreslər, birliklər, dünya təşkilatı səviyyəsinə yüksələ bilməyib, səbəbi də dünyada yaşayan Azərbaycan türklərinin milli ideya anlayışının təməllərinin zəif olmasıdır. Milli ideyamızın natamamlığının əsas səbəbi isə bu gün də Azərbaycanda hökm sürən saxta din ehkamçılığı və saxta tarix şüurundan qaynaqlanır. Çözüm isə həm güneydə, həm də quzeydə millətimizin Məhəmməd Əmin Rəsulzadənin millilik və modernlik cizgisini əzbərləməsində deyil, mənimsəməsindədir. Bunlar mənimsənilmədən perspektiv barədə danışmağı erkən sayıram.
- İranla bağlı dünya güclərinin siyasətinin məntiqi yekunu nə vəd edir: “İran baharı”, yoxsa hərbi əməliyyatlar?
- Yaxın Şərqdə bu gün ABŞ və İsrailin arzuladığından da onların maraqlarına uyğun siyasəti İran həyata keçirir. Hətta bölgədə İsrail olmasaydı belə, burada bir İran bəs edərdi ki, bölgədə etnik və ya dini zəmində münaqişələr davam etsin. Bu səbəbdən də öz planlarına uyğun gələn bir sistemə qarşı niyə hərbi müdaxilə etsinlər ki?.. Hərbi əməliyyatları istisna edirəm, çünki sanksiyalar artıq öz işini görür. Ən arzuolunan İran hakimiyyətinin öz iradəsi ilə ciddi demokratik islahatlara başlamasıdır, siyasi və milli haqların mümkün olduğu qədər genişlədilməsidir. Bizə hər ikisi də ziyandır, hərbi əməliyyatlar xaos və köç dalğası deməkdir, “İran baharı” isə ərəblərdə gördüyümüz “bahar”dan fərqli olmayacağına görə indiki qışın qalması daha məsləhətdir. Fikrimcə, yenə də iqtisadi sanksiya, siyasi pressinqlər vasitəsilə rejimin yumşaldılması siyasətinə davam ediləcək.
- Fazil bəy, İranda baş verənlərə rəsmi Bakının münasibəti necə olmalıdır, sadəcə, müşahidəçi statusunda dayanmalı yoxsa, Azərbaycan türklərinin pozulan haqlarının bərpası tələb edilməlidir?
- İranda baş verən hadisələrə indiki məqamda sırf qonşu ölkədə baş verən hadisələr kontekstində yanaşmalıyıq. Orada milli hərəkatdan söhbət getmir, sosial vəziyyətin çətinliyinə görə başlanan aksiyalardır, burada İranda yaşayan bütün xalqların təmsilçiləri iştirak edir. Bizim arzuladığımız durum İranda proseslərin nəzərdə tutulan ölçüdən kənara çıxmamasıdır. Azərbaycan İranın hərbi münaqişə məkanına və etnik qarışıqlıq zolağına çevrilməsinə maraqlı olmamalıdır. Çünki orada yaşayan soydaşlarımızın sistemli siyasi proqram üzrə hərəkət etməsi hələ ki, real görünmür və daha çox ABŞ-ın məqsədlərinin istifadəçisi kimi rol almağa yarayacağıq. Ancaq orada soydaşlarımıza qarşı insan haqlarının pozulması faktlarını biganə qalmamalı, informasiya dəstəyimizi əsirgəməmliyik.
- Acı gerçəklik budur ki, Azərbaycan xalqı hələ də bölünmüş xalqlar statusu alanların sırasında özünə yer ala bilməyib. Bəs, hansısa fors-major situasiyada dünyanın böyük gücləri İranın parçalanmasına, nəticədə Cənubi Azərbaycanın Azərbaycan Respublikası ilə birləşməsinə imkan yaradarlarmı?
- Fikrimcə, bizim bu gün bölünmüş xalq terminologiyasından istifadə etməmizin faydalı tərəfləri çox azdır. Azərbaycan xalqı deyə məchul bir etnik fenomenin birlik modelindən söz açmaqdansa, qardaş türk dövlətlərinin siyasi birlik modelinə ağırlıq verməmiz daha doğru seçim olardı. Bu kontekstdə İranda yaşayan soydaşlarımızın bir türk dövləti kimi İran federasiyasının subyektinə çevrilməsi, yaxud da müstəqilliyə varacaq qədər bir nəticə əldə etməsi ən arzulanan bir hədəf olardı. Biz bunun üçün daha çox yardımçı olmalıyıq. İranın parçalanması böyük güclərin bəlkə də ən az maraq göstərdiyi məsələlərdəndir. Türk dünyasına baxmayın, böyük imperiyalar parçalandıqca, areal genişliyi o dərəcədədir ki, hər yerdən bir türk dövləti çıxacaq. Necə ki, dünya reallığında son dövrlərin kataklizmləri bir neçə türk dövlətini ortaya qoydu, hələ bir neçəsinin də yaranma perspektivi var. Fars yayılma arealı bizim qədər tarixən də, indi də geniş deyil, o səbəbdən də başqa xalqları nəzarətində saxlayacaq bütöv bir fars ağırlıqlı dövlətin olması ABŞ-ın da, Rusiyanın da, Avropanın da işinə yarayır. Ancaq bilirlər ki, az sayda da olsalar, düşüncə olaraq biz türklərin əhəmiyyətli hissəsini həm güneydə, həm də quzeydə ağlını yönləndirəcək dini qəlibə və idarəçilik zəkasına sahibdirlər. Kim nə deyir-desin, bu, rus düşüncəsi, rusofillik ölkəmiz üçün türk vücudunda fars zehniyyətini, dinini, əxlaqını yaşadanlardan daha ciddi təhlükə deyil. Rusofillərdə heç olmazsa kitab var, kitab! Fars zehniyyətinin özlərindəki simvolu kitab olsa da, bizdəki simvolu zəncirdir, zəncir!
- Qarabağ ətrafında baş verənlər və bu illərdə qonşu İranın “Ermənistanın nəfəsliyi” statusunda çıxış etməsi acı reallıqdır. Vaxtilə Əbülfəz Elçibəy deyirdi ki, “Qarabağa yol Təbrizdən keçir”. Siz bu gün o fikri bölüşürsünüzmü?
- Bir millətin tarixində ədəbiyyat məzmunlu ifadələrin əhəmiyyəti çox böyükdür. Bu, gələcək strategiya haqqında həmin cəmiyyətin insanlarını düşünməyə sövq edir. Əbülfəz bəyin bu ifadəsi də o cür dəyərləndirilə bilər. Fikrimcə, siyasi hədəfləri göstərən ifadələr daha real məzmunu özündə ehtiva etməlidir. Daha realist ifadəni kimsə “Qarabağa gedən yol Şuşadan, Xankəndindən keçir” formasında deyə bilər. Gündən-günə Şuşaya, Xankəndinə gedən yol daha çox bağlanırsa, Lələtəpədən o tərəfə boylanmaq imkanımız tükənirsə, demək, Qarabağın yolu düşüncələrimizi yenidən dizayn etməkdən keçir. Toplumun Qarabağ qayğısının gündəlik çörək qayğısı kimi zərurətə çevirməsi baş verməyincə istəyirsən Təbrizdən dolan gəl, istəyirsən Borçalıdan keçib gəl, istəyirsən də Lələtəpədən adlayıb get, Qarabağı formal olaraq ərazimizə qatsaq da, içimizə qaytarmamız çətin olacaq. (musavat.com)
Digər xəbərlər
loading...