Uzun müddətdir dünyanı ağuşuna almış iqtisadi böhran Azərbaycana da öz mənfi təsirlərini göstərməkdədir. Ölkədə bütün sahələrdə geriləmə müşahidə olunur, maliyyə çətinlikləri yaşanır, dövlət büdcəsinin icrasında ciddi problemlər oxtaya çıxır. Bəs görəsən Azərbaycan iqtisadi böhrandan nə vaxt çıxacaq? "Qaynarinfo.Az" bu sualla tanınmış iqtisadçı-ekspertlərə müraciət edib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü deputat Vahid Əhmədov bildirib ki, Azərbaycanda çox ciddi islahatlara start verilib: "Bu işin gedişatı islahatların çevikliyindən və nə vaxt başa çatmasından asılı olacaq. İslahatların nəticəsinə dünyada baş verən proseslər, neftin qiymətinin, manatın məzənnəsinin hansı səviyyədə saxlanması təsir edəcək. Belə düşünürəm ki, 2017-ci il islhatlar ili kimi davam etdiriləcək. Çox ciddi və çevik islahatlar aparılmalıdır ki, Azərbaycan dünyada yaranmış böhrandan az ziyanlı çıxa bilsin".
İqtisadçı ekspert Natiq Cəfərlinin fikirincə, iqtisadi böhrandan çıxmaq üçün Azərbaycanın bütün imkanları var: "Sadəcə bu imkanları səfərbər edib, doğru komanda ilə, düzgün imkanlarla yönləndirərək buna nail olmaq olar. İndiki vəziyyəti nəzərə alsaq, çox təəssüf ki, böyük bir zamana ehtiyacımız olacaq. Azərbaycanı indiki vəziyyətdə təkcə iqtisadi islahatlar paketi ilə böhrandan çıxarmaq olmayacaq. Artıq siyasi və idarəetmə islahatlarına da ehtiyac var. Bunlar paralel olmalıdır. İdarəetmədə islahatlar olmasa, yeni idarəetmə fəlsəfəsi qəbul olunmasa, siyasi islahatlarda müəyyən addımlar atılmasa və iqtisadi islahatlarla tamamlanmasa ciddi effekt verməyəcək".
Ekspertin sözlərinə görə, Azərbaycan 10 ildən artıq zaman itirib:"10 il bundan öncə, böyük neft pullarının ilk gəldiyi dövrdə, siyasi islahatlara önəm vermədən təkcə iqtisadi islahatlarla ölkədə müəyyən dərəcədə irəliləyişə nail olmaq olardı. Amma biz o zamanı itirdik. İndi yalnız iqtisadi islahatlarla qarşımızda olan problemləri həll edə bilmərik. Ona görə də həm siyasi, həm idarəetmə, həm də iqtisadi islahatlar paketi birgə qəbul olunmalıdır. Bu çox detallı şəkildə müzakirə olmalıdı. İşlək və çevik bir komanda vasitəsilə həyata keçirilməlidir. Əgər bu üç komponent normal şəkildə qəbul olunsa, 2 ildən sonra efektini görmək olar".
Sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov isə Azərbaycanın iqtisadi böhrandan çıxacağına inanır: "Son 7-8 ayda ölkə başçısı iqtisadi islahatlarla bağlı onlarla sərəncamlar imzalayıb və bunun icrasına başlanılıb. İş adamları, biznesmenlərlə edilən söhbətlər göstərir ki, bu sərəncamlarda nəzərdə tutulan müddəaların icrasının nəticəsi olaraq onların fəaliyyəti üçün geniş imkanlar açılıb. Heç nə birdən olmur. Hər şey sərəncamda nəzərdə tutulduğu kimi dərhal olsaydı, ölkədə heç bir problem olmazdı. Qərar qəbul olunub, yol tutulub və bu istiqamətdə işlər gedir".
Bank üzrə ekspert Əkrəm Həsənov isə böhrandan çıxmaq üçün xeyli zaman lazım olduğunu bildirib: "Mövcud böhran 1-2 ilin işi deyil. Azərbaycan uzun müddətli böhrana daxil olub. Ən azı 10 il çəkəcək. Bütün iqtisadi sistem dəyişməsə, Azərbaycanın yenidən inkişafını gözləmək olmaz. Faktiki söhbət yalnız neftə hesablanmış iqtisadi sitemdən gedir. Bu sistemi indidən dəyişməliyik ki, 10 ildən sonra bəhrəsini görək".
MilliYol.Az
Digər xəbərlər
loading...