Ənənəyə uyğun olaraq, yanvarın 2-də minlərlə yapon İmperator sarayına toplaşaraq İmperator Akihitonu Yeni il münasibətilə təbrik edib
Toplaşanlara qısa nitqlə müraciət edən İmperator Akihito bütün dünyaya sülh arzulayıb. İmperator deyib: “Xoşbəxtəm ki, sizinlə birlikdə Yeni ili qarşılayıram. Ümid edirəm ki, yeni il bütün dünyadakı insanlar üçün az da olsa daha yaxşı, xoşbəxt il olacaq”.
Ötən il 84 yaşı tamam olan İmperatorun Yeni il təbriki Yaponiyanın ən qədim ənənələrindən biridir. Ənənəyə uyğun olaraq, monarx və onun ailə üzvləri İmperator sarayının eyvanından toplaşanları salamlayırlar. Gün ərzində İmperator Akihito, imperatriçə Miçiko, vəliəhd-şahzadə Naruhito və monarxın digər ailə üzvləri bir neçə dəfə eyvana çıxırlar. Bu münasibətlə hər il İmperator sarayına toplaşan on minlərlə yapon xüsusi yoxlamadan keçərək, təşkilatçılardan Yaponiyanın kağız bayrağını götürürlər.
İmperator və ailə üzvləri eyvana çıxdıqları an onlar Yaponiyanın bayraqlarını yelləyərək ucadan “Banzay!” (“Yaşasın!”) qışqırırlar. Yaponlar ildə yalnız iki dəfə sarayın bu qapalı hissəsinə daxil ola bilərlər: İmperator Akihitonun doğum gününün qeyd edildiyi dekabrın 23-də və Yeni il münasibətilə yanvarın 2-də.
2019-cu ildə İmperator Akihitonun könüllü şəkildə sağlığında taxt-tacdan imtinası ilə əlaqədar hazırda Yaponiya cəmiyyətində monarxın ailəsinə maraq çox böyükdür.(AzərTAc)
Digər xəbərlər
loading...