Mahmudovun patronajlığında olan İlham Qasımov Kürdəxanıda saxlanılır
İş adamının pul mənimsədiyi, rüşvət aldığı iddia edilir
İş adamı İlham Qasımovun həbsi xəbəri iki həftə əvvəl yayılsa da, o, 4 aydan artıqdır ortalıqda yoxdur. Uzun müddətdir telefonu da bağlıdır.
Ofisdən qeyri-müəyyən cavablar verirdilər - gah xaricdə istirahətdə olduğunu deyirdilər, gah da müalicədə. O, ya bir müddət əvvəl saxlanılıb, ya da sadəcə istintaqdan gizlənirdi. İ.Qasımovun həm də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun patronajlığında olduğu barədə iddialar səslənib. Qasımov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Qohumu da iş adamının hazırda Kürdəxanıdakı təcridxanada saxlandığını təsdiqlədi.
Xatırladaq ki, Bakı Əyləncə Mərkəzində inşa edilən 24 mərtəbəli 4 binadan ibarət "Sahil-D" kompleksi iş adamları Sahib İbrahimov və İlham Qasımovun ortaqlığı ilə tikilib və Qasımov məhz bu məsələ ilə bağlı "məşhurlaşıb". O qədər yaxın şərik olublar ki, üst-üstə 100 mərtəbəli binadakı mənzilləri bir neçə dəfə satıblar. "Real" MTK-nın təsisçisi və "Sahil-D Compani"də ortaq olan İ.Qasımov "Sahil-D Compani", S.İbrahimov isə təsisçisi olduğu "STS" şirkətinin möhürü ilə satış həyata keçirib. İ.Qasımov qəzetimizə verdiyi müsahibəsində iddia edirdi ki, 71 mənzili S.İbrahimov təkrar satıb.
İ.Qasımovun vəkili Taleh İbrahimov olke.az saytına bildirib ki, şirkət rəhbəri həmin binalarda mənzillərin qanunsuz satışı deyil, şəriki Şəhla Rüstəmovanın şikayəti əsasında həbs olunub: "İttihamda bildirilir ki, İlham Qasımov həmin şəxsin pulunu təyinatına uyğun istifadə etməyib və ittiham aktına görə, guya İlham müəllim "Real MTK"-nın sədridir. Ancaq Vergilər Departamentindən də sorğumuza cavab almışıq ki, o, artıq MTK-nın sədri deyil. Özü də həbs olunanda bildirmişdi ki, "mən bu qurumun nə sədri, nə də təsisçisiyəm". Digər təsisçi MTK-ya pul verib, həmin vəsaitin verilib-alınmasında da müvəkkilim iştirak etməyib. Qasımovun MTK-ya heç bir aidiyyatı yoxdur. Pul tələbiylə bağlı işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Hazırda eyni vaxtda həm mülki, həm də cinayət işi gedir. Müvəkkilim barədə həmçinin Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində araşdırma aparılır". "Real" MTK-nın təsisçisi olduğunu İlham müəllim "Bizim Yol" qəzetinə verdiyi müsahibədə demişdi. Həmin müsahibədə İ.Qasımov Karl Marks dairəsində tikilib sonra hökumətin tələbiylə sökülən binada S.İbrahimovla ortaqlığından danışanda bunları söyləmişdi: "Karl Marks dairəsindəki ərazini Nazim adlı şəxsdən 750 min manata aldıq. Vaxtilə "Su Tikinti Sazlama" müəssisəsinə məxsus, sonradan səhmdar cəmiyyətə çevrilmiş müəssisənin yerində iki bloklu, 18 mərtəbəli binanın 25 faizinə Sahib İbrahimov ortaq idi. Pul qoymayan ortaq. Hər ikisinə (həm də "Sahil-D" kompleksini nəzərdə tuturdu) pul qoyacağını desə də, heç birinə vəsait yatırmadı. Tikilinin sənədləri qaydasında idi, lakin dövlət sökməyə qərar verdi, söküldü. Nazim İbrahimov bunun qarşılığında hökumətdən 20 milyon manat pul aldı, onun cəmi 6 milyon manatını bizə verdi, yerdə qalan 14 milyon manatını bugünə kimi də verməyib. O vaxtlar prezident seçkiləri öncəsi idi, səs-küy olmağını istəmədim, orada ev alan insanların hamısını gətirib mənə məxsus "Real" MTK-nın tikdiyi binalarda yerləşdirdik".
Problem təkcə "Real" MTK-nın ətrafında baş verənlərlə bitmir. İ.Qasımovun şəriklərlə problemi həmişə olub. Həbsdə olan iş adamını "Sahil-D" kompleksinin sakinləri də ittiham edirlər. Xətai rayonu, F. Bayramov küçəsi 1156-cı məhəllədə yerləşən 4 binanın bir qrup sakini "Bizim Yol" qəzetinə müraciət ediblər. Sakinlərdən Səbinə Əlizadə bildirir ki, tikintisi 2006-2007-ci illərdən başlayan, lakin hələ də istismara verilməyən binada mənzillərin böyük əksəriyyəti 2011-2012-ci illərdə satın alınıb. Burada 460 mənzil, 2000-dən çox ölkə və xarici vətəndaş əmlak sahibidir. Lakin MTK alqı-satqı müqavilələrində göstərilən öhdəliklərinə əməl etməyib. Belə ki, tikinti işləri deyildiyi vaxtda başa çatdırılmayıb, binalar hələ də təhvil verilməyib. Bəzi sakinlər əvvəlki mənzillərini satdıqlarından dolayı ya başqa bir yerdə kirayə mənzil tutub təmirin bitməsini gözləyib, ya da natamam binaya köçməyə məcbur qalıb. S.Əlizadə: "Binalarda hələ də şirkət sahibi tərəfindən irəliləyiş yoxdur. "Outsource" (bəzi işlərin kənar şirkətlərə dövr edilməsi) edilmiş bir çox işlərin sahibləri (plastik qapı və pəncərələrin düzəldilib quraşdırılması, şüşələrin vurulması, liftlərin istismara təhvili və s.) Qasımovun onlara qarşı maddi dələduzluq etdiyindən şikayətlidir. Hətta biz sakinlər maliyyə problemlərinin olduğunu düşünüb binanı tikən "Sahil-D Kompani" MMC-nin rəhbərliyinə maddi dəstək göstərdik. Bu məqsədlə devalvasiyadan əvvəl hər mənzil sahibindən 3000 manat toplayıb binaların təmir və istismara təhvil işlərinin sürətlənməsi üçün sərf etmişik. Hazırda bu məbləğ şirkət rəhbərliyi tərəfindən qanunsuz alınır, külli miqdarda vəsaitdən binaların təmirinə isə heç nə sərf edilmir. Şirkət sahibi Qasımovun qohumları və işçiləri sakinləri incidir, təhqir edir, get-gələ salırlar. Bir sıra mənzillər ikinci və üçüncü kənar şəxslərə satılıb, bəzən satılmasa da, mənzil sahiblərinə belə yalanlar uyduraraq onlardan əlavə vəsait tələb ediblər. Halbuki, müqavilədə "payçı tərəfindən tam ödənilib və "Sahil-D Kompani" MMC-yə borcu yoxdur" sözləri qeyd olunub".
Müsahibimiz deyir ki, müqavilədə göstərilmiş manatla ödənişdən (əsas ödənişlər zamanında dollarla alınıb) əlavə hər dəfə onlardan vəsait tələb ediblər, alqı-satqı müqaviləsində göstərilməyən "təmir müqaviləsi"ni ortaya ataraq bunun üçün də 1200 manat istəyiblər. Verməyənlər mənzillərinə buraxılmır. Şirkətdən bu ödənişi sayğacların quraşdırılması ilə əsaslandırıblar, lakin sayğac vətəndaşlara pulsuz quraşdırılmalıdır. Heç ödəniş edənlər üçün də bu işi görməyiblər. Sakinin dediyinə görə, Qasımovun binalar üzərində nəzarətçi direktor təyin etdiyi qohumu, həm də bina sakini Kənan hər ay qanunsuz pul yığır, digər qohumu və işçisi Ülviyyə xanım mənzillərində təmirə başlamaq istəyənlərdən qeyri-rəsmi ödəniş tələb edir, verməyənləri get-gələ salır. S.Əlizadə bildirir ki, "Sahil-D Kompani" MMC ilə sakinlər arasında bağlanmış müqaviləyə əsasən mənzillər onlara qüsursuz və Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə təhvil verilməlidir. Lakin buna əməl olunmayıb: "Binaların karkası, bütün iç və çöl hörgü işləri tam yerinə yetirilməyib, daxili elektrik xətlərinin çəkilişi təmin edilməyib, hər bir mənzil sahibi təmirə başladığı vaxt bunları özü sıfırdan etməyə məcburdur. Binaların fasadındakı plastik pəncərə, eyvan qapıları və onların şüşələrinin qoyulması tam başa çatdırılmayıb, görülən işlər natamam və bərbaddır. Mənzillərin heç biri müqavilədə götürülmüş öhdəliyə uyğun metal qapılar və qıfıllarla təmin edilməyib. Əksinə, bir çox sakinlərin qoyduqları qapılar sındırılıb. Bunu da mənzillərin ikinci "sahibi"nin əməli kimi qələmə verib, əsl mənzil sahiblərindən "problem"in həlli üçün əlavə vəsait tələb etmək məqsədi güdülüb. Bəzən də insanların qarşısına saxta sənədlər qoyub, mənzillərinin daha əvvəl guya başqa müştəriyə satıldığını iddia edərək mənzil sahiblərini uzaqlaşdırmaq, ya da "məsələni yoluna qoymaqdan ötrü" pul qoparmağa çalışıblar".
S.Əlizadə onu da deyir ki, "müqavilə üzrə su, kanalizasiya və isitmə sistemlərində uyğun dayaqlar qoyulmayıb, axıtmaya qarşı meyllik yaradılmayıb, arakəsmələr hörülməyib. Texniki və su anbarlarının tikintisi, nasos stansiyalarının quraşdırılması, ərazinin tikinti tullantılarından təmizlənməsi və abadlıq İ.Qasımova sərf etdiyi kimi aparılır. Binanın su təchizatında problem yarananda belə Qasımovun öz qohumu İlkinə işlətməyə verdiyi avtoyuyucu məntəqəsində daim su təminatı var. O sərfiyyatın ödənişi sakinlərdən alınır, axan su da zirzəmilərə dolub binanın özülünün çökməsinə, həşəratların yaranmasına səbəb olur. Müqavilə öhdəliyi kimi götürülmüş iki sərnişin, bir yük lifti quraşdırılmayıb, sakinlərin öz vəsaiti hesabına bina bir sərnişin lifti (vəsait azlığından bərbad və həyat üçün təhlükəlidir) ilə təmin edilib, yük liftinin isə bəzi hissələri satın alınıb. Fasad üzərindən quraşdırılmış sınıq-salxaq qaldırıcı qurğu istifadə edir, tikinti materialları və ev əşyalarını qaldırmaq qarşılığında qanunsuz ödənişlə mənzil sahiblərinə "icarəyə" verirlər. Qurğu blok qarşısından keçən insanlar üçün təhlükəlidir. Satıcının üzərinə götürdüyü bütün öhdəliklər müqavilə imzalandığı gündən 24 ay ərzində tamamlanıb bina alıcılara təhvil verilməliydi, amma həmin vaxtdan 4 il keçməsinə baxmayaraq şirkət öhdəliyini yerinə yetirməyib. Mənzillər və bloklar liftlə, qapı-pəncərələrlə, elektrik naqilləri, qaz, kanalizasiya, istilik sistemləri və müqavilədə göstərilmiş vəsaitlərlə təmin edilməyib. Görülən işlər sakinlərin təşəbbüsü və vəsaiti hesabına həyata keçirilib".
Amma mənzil sahibləri müqavilə üzrə öhdəliklərini tam yerinə yetirib, ödənişlər edilib. S.Əlizadə: "Ödənişi tam həyata keçirdiyimiz, borcumuzun qalmadığı barədə "Sahil-D Kompani" MMC-dən bizə maliyyə arayışı təqdim edilib. Buna baxmayaraq, təmir müqaviləsini almaq adıyla İ.Qasımov sakinləri ofisinə dəvət edib, onların guya ödənişi tam etmədiklərini əsas gətirərək əlavə vəsait tələb edir. Halbuki, müqavilədə yazılır ki, "müqavilə bağlandığı andan orada göstərilən qiymət dəyişmir". "Sahil-D Kompani" MMC-də Konstitusiyanın 19-cu maddəsinin 3-cü bəndi də pozulub, alıcılardan bütün ödənişləri dollarla etmək tələb olunub, müqavilədə isə manatla göstərilib. 2012-ci ildə alınmış bir mənzil üçün 80 min manat dollarla (o zaman təqribən 102 min dollar) ödəniş edilmişdisə, indi şirkət rəhbərliyi 50 min manat geri ödəniş təklif edir. Bu da İ.Qasımovun növbəti maxinasiyasıdır. Mənzillər əldə edildiyi dövrdə dolların məzənnəsi 0,78 olub. Hazırda isə bundan iki dəfə bahadır. Sakinlərin narazılığına məhəl qoymayan Qasımov binaların ətrafında obyektlər istismara verib. Kompleksdəki qarajları təmir edib satır, özünə supermarket açıb. Bütün bunlar sakinlərin rifahı üçün deyil. Artıq MTK ilə təmasa keçməmək qərarına gəlmişik, çünki bizimlə nalayiq davranırlar. Müraciəti ölkə başçısına göndəririk ki, bizi bunlardan xilas etsin".
Sakinlərlə bağlanan müqaviləni "Sahil-D Compani"nin direktoru Məzahir Cəfərov imzalayıb. O Məzahir Cəfərov ki, bu işlərə görə həbs olunmuş, azadlığa çıxandan sonra isə intihar etmişdi. Amma sakinlər onun "könüllü intiharı"na şübhə ilə yanaşırlar. Bu və İ.Qasımovun həbsi ilə bağlı detallar növbəti yazıda. (Bizimyol.info)
MilliYol.Az
Digər xəbərlər
loading...