Bu gün tanınmış şair Əlizadə Nurinin doğum günüdür
Kulis.az bu münasibətlə şairi təbrik edir və onun yeni şeirlərini yayımlayır.
Məni payız doğub anamdan qabaq
55 -ə 5 gün qalmış, bu 5 bəndlik şeir ad günümə öz hədiyyəm oldu...
Əlli beş nədir ki... yoruldum amma,
Girdim lil sulara- duruldum amma...
Qaldım budağımda... qırıldım amma,-
Məni payız doğub anamdan qabaq.
İçimdə üşüyən xəzələ neynim?
Qəlibə düşməyən qəzələ neynim?
Payızı sevməyən gözələ neynim,-
Məni payız doğub anamdan qabaq...
İlahi, o bulud nə ağlağandı,
Buludun xətrinə dəymə, amandı!
Bəlkə bu yağış da məndən yağandı?-
Məni payız doğub, anamdan qabaq.
Mən payız adamam, sən gənc bir bahar,
Getsən, gözlərimi özünlə apar.
Sən bir nar çiçəyi, mən çatlamış nar...
Məni payız doğub anamdan qabaq.
Bu ömür- əlli beş ağaclıq meşəm,
Küncdə durduğundan darıxır köşəm...
Payızın bətninə necə düşmüşəm?-
Məni payız doğub anamdan qabaq..
Gecə şikəstəsi
Nədən qara buludlar,
Göydən yerə ağ düşür?
Nədən yaxın adamın,
Səndən çox uzaq düşür?
Ümidi şikəstlərin,
Ürəyi şikəstədi.
Günəş niyə saralıb,
Yoxsa o da xəstədi?!
Hara qoyum bu qəmi?
Əlim gəlmir atmağa.
Hansı yalanı seçim,
Özümü aldatmağa?
...Yağış, gəl rəsmimi çək,
Sonra yaz arxasını...
... Bir az gözlə, bağlayım,
Dərdimin yaxasını...
...Ver əlini, - nə olsun,
Qara qulam, İlahi.
Quruda üzsəm belə,
Boğuluram, İlahi...
İntizar
Hardasan, şəhlagözlüm,
Həm dərdim, həm əlacım?
Səni gətirsin deyə,
Bu yollara əl açım?
Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan, kim böyütsün,
Bu sevda uşağını?
Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam, -
Gəl, səndə daldalanım...
Bir körpə ümidim var,
Ağlayır qundağında.
Arzularım can verir,
Kədərin qucağında...
Hardasan, hardan bilim, -
Mən hara üz döndərim?
Darıxmağın rəsmini,
Çəkib sənə göndərim...
Özün uzaqlardasan,
Kölgən keçir yanımdan.
Adına soyuq dəyər, -
Düşmə dodaqlarımdan...
Dünya yaranandan payızdı elə...
Elə mən görəndən durnalar uçur, -
Elə mən olandan payızmış, Allah.
Demə, misra-misra məni izləyən,
Məndən şeir uman o qızmış, Allah.
Canım şirin-şirin acını çəkir,
Ölümdü - kəfənin ucunu çəkir...
Bu söyüd nə yaman içini çəkir,
O da mənim kimi yalqızmış, Allah.
Qəmin özümündü, sevincin yadın,
Yanım - bir az isin, üşüyən qadın!..
Çərpələng düzəltdim, o da uçmadı, -
Bu ömür islanmış kağızmış, Allah...
Saçlarını ovutmağa gəlmişəm
Kim dəyib ki, bu qələmin xətrinə,-
Bir şairin varağında ağlayır?
O qadın da gözlərini gizləyib...
Göz yaşları yanağında ağlayır.
Bu dünyaya axa-axa gəlmişəm...
Sənin üçün darıxmağa gəlmişəm.
Saçlarını ovutmağa gəlmişəm, -
Eşitmişəm darağında ağlayır?..
Düşən gündü, yoxsa göydən yar baxır?!
Bəlkə cənnət dedikləri yar bağı?..
Payız dəyib xətrinə o yarpağın, -
Bu ağacın budağında ağlayır?
Bu ümid də göyərmədi, dərəsən,
O qadının yollarına sərəsən...
Bu pərvanə nə istəyir görəsən, -
Ürəyimin çırağında ağlayır?..
Sevgi
Sənin də adın SEVGİdi, qadın,
Milyon ildi unuda bilmirəm səni,-
Əzbərdən yadımdasan...
Sənə günəş demirəm mən, -
Sənin günəşdən fərqin
Hər gün DOĞMAĞINDADI...
Mən indi bilmişəm ki,
Sən mənim ərazisi minalanmış həqiqətimsən, -
Sənə can atmaq
minalanmış sahəyə girmək qədər qorxuludu.
Mən indi bilmişəm ki,
min üzü var imiş qoca dünyanın
bir üzü EŞQ imiş - üz qoymaq üçün...
Elə o EŞQ idi düşüb qabağa
Dünyanın siyasi xəritəsində,
Sizin evi küçə-küçə gəzmişəm...
İndi bildin SEVGİ nədir? -
Sevgi ayrı-ayrı şəhərlərdə
Eyni vaxtda darıxmaqdı...
MilliYol.Az
Digər xəbərlər
loading...