“Bu günlərdə Gürcüstanın baş naziri Azərbaycanın mənafeyinə uyğun olmayan bəyanatla çıxış etdi, Abxaziya və Osetiya üzərindən Ermənistana yol verilməsinin mümkünlüyünü dilə gətirdi. Bu, Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirən haldır”
“Bu günlərdə Gürcüstanın baş naziri Azərbaycanın mənafeyinə uyğun olmayan bəyanatla çıxış etdi, Abxaziya və Osetiya üzərindən Ermənistana yol verilməsinin mümkünlüyünü dilə gətirdi. Bu, Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirən haldır”.
Deputat Fərəc Quliyev bunu Milli Məclisin hazırda davam edən plenar iclasındakı çıxışı zamanı söylədi. O xatırlatdı ki, Gürcüstan-Rusiya müharibəsində Gürcüstanda yaşayan Azərbaycan türkləri birmənalı şəkildə Tiflisi dəstəkləyib: “Amma Cavaxetiya erməniləri fərqli davrandılar. Hətta ermənilər Abxaziyanı “Kiçik Ermənistan” adlandırdılar. Bunu bilə-bilə Ermənistana dəstək vermək, Azərbaycana qarşı xəyanətdir. Bu məsələlər və Gürcüstana edilən güzəştlər gündəmə gətirilməlidir. Dostluq qrupları hərəkətə keçməli, Gürcüstana xəbərdarlıq olunmalıdır. Bu hərəkətin dərhal Gürcüstan tərəfindən izahatı olmalıdır. Bəyan olunmalıdır ki, əgər onlar ermənilərə dəstək verəcəklərsə, Azərbaycanla münasibətlər bu qaydada davam edə bilməz”.
Deputat Qüdrət Həsənquliyev də Gürcüstan-Ermənistan münasibətlərinə kəskin reaksiya verdi: “Bir neçə il əvvəl Gürcüstan parlamentinin sədri olan Nino Burcanadzenin beynəlxalq tədbirdəki çıxışını xatırlayıram. O 2008-ci ildə Rusiya ilə müharibədən danışarkən bircə kəlmə demədi ki, Gürcüstanı qışın soyuğunda donmaqdan kim xilas etdi. Çünki Azərbaycan ləyaqət nümayiş etdirərək Gürcüstana yardım əlini uzatmışdı. Bizim rayonlarda camaat odun yandırırdı, amma qazı kəsib qonşu ölkəyə verirdik. Biz o zaman öz ləyaqətimizi nümayiş etdirdik. Amma o tədbirdə Kosova modelinin postsovet ölkələrinə tətbiq olunub-olunmaması barədə sualın cavabında dedi ki, Kosova variantı nə Moldova, nə Kosovaya tətbiq oluna bilməz, amma Qarabağın adını çəkmədi. Bu, Gürcüstan hakimiyyətinin Azərbaycana münasibəti idi. Hansı ki, 2008-ci ildə Azərbaycan Gürcüstanı müdafiə etdi, ticarət dövriyyəsində Azərbaycan Gürsücstanın 4-cü tərəfdaşıdır, həmçinin Gürcüstana ən çox investisiya qoyan ölkədir. Gürcüstanın səfiri dəvət olunmalıdır, deyilməlidir ki, sizin bu hərəkətiniz ləyaqətsiz hərəkətdir. İki işğalçı dövlət arasında sən əlaqə yaradırsan, özü də bunu Azərbaycana qarşı edirsən. Azərbacan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək. Biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş vermir. İşğal olunmuş torpaqlar üzərindən dəmir yolu açmaq istəyirlər”.
Spiker Oqtay Əsədov “yəni bu, o deməkdir ki, Azərbaycan Dağlıq Qarabağdan özünə xətt çəkir”-deyə, əlavə etdi.
Deputat Rasim Musabəyov da dedi ki, Tiflisin hərəkəti təəccüb doğurur: “Əslində burada Gürcüstranlın maraqlarının müdafiəsindən söhbət getmir. Rusiya Gürcüstanın ərazilərini işğalda saxlayır. Ermənistan Gürcüstanın ərazi bütövlüyünün əleyhinə çıxır. İndi bunlar üçün yol açması Gürcüstana heç bir fayda vermir. Bu gün Bakı, Tiflis və Ankara arasındakı birlik modelinin dağılması modeli ortada var, bu məsələ də ona görə ortaya çıxarılıb. Çalışmaq lazımdır ki, bizim müttəfiqliyimizə xələl gəlməsin. Biz müttəfiqik, ancaq mövcud narahatlıqları bölüşməliyik”.
Parlamentin sədri O.Əsədov da dedi ki, gürcü ekspertlər özləri də Azərbaycanla strateji müttəfiqliyə zidd addım atılmasının yolverilməzliyi barədə açıqlamalar verdiyini xatırlatdı: “Ola bilər ki, Gürcüstanda kimlərsə bizim münasibətlərimizi pozmaq istəyir. Amma inanmıram ki, gürcü hakimiyyəti belə bir addım atsın. Biz Qarsa dəmir yolu çəkmişik, Gürcüstan da bu dəmir yolu layihəsindən bəhrələnir. Biz tapşırarıq dostluq qrupu da məsələni araşdırar, görək nə məsələdir”.
Deputat, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Əflatun Amaşov da məsələ ilə bağlı fikirlərini ifadə etdi. Mən inanmıram ki, Gürcüstan öz milli maraqlarına zidd olan belə bir addım atsın. Belə olarsa, Gürcüstan, işğal altındakı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımış olar. Bu, Azərbaycanın maraqlarına da ziddir və yalnız Ermənistanın maraqlarına uyğundur. Belə olan halda kimsə zəmanət verə bilməz ki, həmin dəmir yolu ilə Ermənistana və işğal altındakı Dağlıq Qarabağa silah-sursat daşınmayacaq”.
Deputat Tahir Kərimli də etirazını bildirdi: "Biz Rusiyaya da, Gürcüstana da normal münasibət göstəririk. Bəs, bunlar bizə qarşı belə münasibət sərgiləyirlər, başa düşə bilmirəm".
Deputat Musa Qasımlı isə bu məsələyə soyuqqanlı yanaşmağı vacib saydı: “Gürcüstanda heç də hamı dəmir yolunun açılmasının tərəfdarı deyil. Əksəriyyət bilir ki, Baqramyan batalyonu Gürcüstana qarşı döyüşərkən Gürcüstanda yaşayan azərbaycanlılar yaşadıqları ölkənin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşüb”.
MilliYol.Az
Digər xəbərlər
loading...