Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nı təsdiqləyib
APA-nın məlumatına görə, qərar dekabrın 29-dan qüvvəyə minir.
Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin yeni Vahid Tarif-İxtisas Sorğu Kitabçasının təsdiqlənməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının (hissə 75) təsdiq edilməsi haqqında” qərarı ləğv edilib. Yeni Kitabçada təhsil sahəsi işçilərinin tarif-ixtisas xüsusiyyətləri müəyyənləşdirilərkən “Təhsil haqqında” və “Elm haqqında” qanunlar ilə müəyyən edilmiş dövlət siyasətinin əsas prinsipləri, məqsədləri və təhsilin səviyyələri, universitetlərdə təhsilverənlərin və təhsilalanların elmi tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin inteqrasiyası, Azərbaycan prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn müasir təhsil sisteminin formalaşdırılması üzrə hədəflər, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən təhsilverənin formalaşdırılması, nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması, müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi istiqamətlərində aparılan islahatlar nəzərə alınıb.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələrində (dövlət sifarişi ilə kadr hazırlığı aparılan dövlət ali təhsil müəssisələri istisna olmaqla) vəzifələrinin (rəhbərlər, mütəxəssislər) əməyinin ödəniş dərəcələri bu Kitabçaya uyğun olaraq müəyyən edilir. Dövlət sifarişi ilə kadr hazırlığı aparılan dövlət ali təhsil müəssisələrində bu Kitabçada nəzərədə tutulmuş müvafiq vəzifələrdə çalışan işçilərin vəzifə maaşları həmin vəzifələr üzrə təhsilə, elmi dərəcəyə, elmi ada, staja və müvafiq sahədə iş təcrübəsinə qoyulan ixtisas tələbləri nəzərə alınmaqla minimum əmək haqqından az olmamaqla ali təhsil müəssisələri tərəfindən sərbəst müəyyənləşdirilir. Kitabça təhsil sahəsinə aid olan qulluqçu vəzifələrində çalışan işçilərin əmək funksiyalarının və əməyinin ödəniş dərəcələrinin müəyyən edilməsində, onların hüquq və vəzifələrini əks etdirən vəzifə təlimatlarının işlənilməsində, peşəkarlıq səviyyəsindən asılı olaraq onların işə qəbulu və vəzifədə irəli çəkilməsi və məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir. Kitabça tətbiq edilərkən xarici ölkədə təhsil almış mütəxəssislərə xarici ölkədə verilmiş təhsil sənədinin (o cümlədən, elmi dərəcəyə görə) nostrifikasiya və ya təkrar attestasiya edilərək Azərbaycanda verilən təhsil sənədinə bərabər tutulması əməyin ödəniş dərəcəsi müəyyənləşdirilərkən nəzərə alınır.
MilliYol.Az
Digər xəbərlər
loading...