Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev iyulun 7-dən 10-dək Qarabağ və Gəncəbasar bölgəsində səfərdə olub. O, Bərdə İmamzadəsində, Ağcabədi, Tərtər, Ağdam, Goranboy, Naftalan, Yevlax Cümə məscidləri və ziyarətgahlarında yerli və ətraf rayonların ziyalıları, din xadimləri ilə, eyni zamanda, bir neçə hərbi hissədə görüşlər keçirib.
MilliYol.Az Kamal Abdullayevin səfərlə bağlı "Azərtac"a verdiyi müsahibəni təqdim edir.
- Kamal müəllim, əvvəlcə səfərinizin məqsədi və səfər etdiyiniz rayonlar haqda məlumat verməyinizi xahiş edirik.
- Bilirsiniz ki, Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına səmimi sözlərlə dolu təbrikini ünvanladı. Bu təbrikdə Prezident Ramazan bayramının təkcə ölkəmizdəki müsəlman əhalinin yox, eyni zamanda, bütün digər dinlərə mənsub insanlarıımızın da bayramı olduğunu, hər bir vətəndaşımızın bu müqəddəs, bəşəri günü birgə qeyd etdiyini vurğuladı. Bu, Azərbaycan xalqına xas multikulturalizmin və tolerantlığın təntənəsi, bu istiqamətdə aparılan uğurlu dövlət siyasətinin nəticəsidir. Bu il həm də ölkəmizdə “Multikulturalizm ili” olduğundan düşündük ki, yaxşı olardı, cənab Prezidentin Ramazan təbrikini insanlarımıza – dindarlarımıza, Vətənin müdafiəçiləri olan əsgərlərimizə birbaşa çatdıraq və bu əziz bayramı onlarla birgə qeyd edək. Elə bu məqsədlə iyulun 7-10-da Qarabağ və Gəncəbasar bölgəsində səfərdə oldum və orada ictimaiyyət nümayəndələri, din xadimləri və Vətənimizin, xalqımızın, dövlətimizin keşiyində mərd-mərdanə dayanan əsgər və zabitlərimiz ilə görüşdük. Prezidentin Ramazan təbrikini onlara çatdırdıq.
- Dindarların dövlətimizin başçısının apardığı siyasətə, xüsusən din-dövlət münasibətlərinə münasibəti necədir?
- Ulu öndər Heydər Əliyev ölkəmizdə din-dövlət münasibətlərinin ən ali formasını necə müəyyənləşdirmişdisə, bu gün də cənab İlham Əliyev tərəfindən bu siyasət ləyaqətlə davam etdirilir. Ölkəmizdə təkcə əksəriyyət təşkil edən müsəlmanlara deyil, bütün digər ənənəvi din nümayəndələrinə də bərabər münasibət göstərilir. Dini mənsubiyyətindən asılı olmayaraq bütün dindarlar bundan çox razıdırlar. Onlar hər zaman dövlətin yanında olduqlarını qeyd edir və bunu dövlətə və dövlətçiliyə xidməti borc kimi dəyərləndirirlər. Bilirsiniz, Azərbaycan dünyəvi dövlətdir, burada din dövlətdən ayrıdır. Amma dövlət həmişə dinin və dindarların yanındadır. Bunu ölkə Prezidenti hər dəfə qeyd edir. Qədim Şamaxı məscidinin, Gəncə İmamzadəsinin abadlaşdırılması və yenidən istifadəyə verilməsi, Bakıda möhtəşəm Heydər məscidinin inşa olunub dindarların istifadəsinə verilməsi, dini konfessiyalara dövlət büdcəsindən maliyyə yardımlarının ayrılması, rayon mərkəzlərindəki cümə məscidlərinin hər birinin abad və gözəl olması dövlətin dinə münasibətinin bariz nümunəsidir. Bunu Bərdə İmamzadəsində, Gəncə İmamzadəsində, olduğum bütün digər məscidlərdə din xadimləri xüsusi ehtiramla dilə gətirdilər.
- Dindarlarımız, xüsusən onların toplaşdıqları məscidlərimiz dövlətin dindarlardan gözləntilərinə adekvatdırmı?
- Maraqlı məqama toxundunuz. Hesab edirəm ki, məscidlərimiz və bir çox din xadimlərimiz hələ də dövlətin onlardan gözləntilərini doğrultmur. Bizdə dövlətə və dövlətçiliyə xidmətin nümunəsi şeyxülislamlıq institutu və bu gün bütün Qafqazın şeyxi Allahşükür Paşazadə nümunəsi var. Məncə dindarlarımız dövlətimizin və dövlətçiliyimizin yad dini təsirlərdən qorunmasında daha fəal olmalı, məscidlərimiz təkcə namaz qılınan, ehsanlar verilən məkan yox, həm də elm, fəzilət, mərifət, dövlətçilik, Azərbaycançılıq ocaqları olmalıdır. Biz hamımız bu istiqamətdə çalışmalıyıq.
- Mətbuatda məlumat yayılmışdı ki, siz Gəncə İmamzadəsində təkcə Gəncənin deyil, o regionda olan əksər din xadimləri ilə birgə görüşmüsünüz, hətta tədbirdə qadın axundlar da iştirak ediblər. Bu görüş haqda fikirləriniz oxucularımız üçün maraqlıdır.
- Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində təmir və bərpa olunaraq möhtəşəm ziyarətgah kompleksinə çevrilən Gəncə İmamzadəsi Azərbaycanın ən gözəl müqəddəs məkanlarından biridir. Buraya ziyarətə gələn hər bir kəs əvvəlcə gözəl memarlıq nümunəsi və səliqə-sahmanla qarşılaşır. İmamzadədə təkcə Gəncə şəhərinin deyil, ətraf rayonların - Naftalan şəhəri, Qazax, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa rayonlarının axund və imamları ilə görüşdük. Əvvəlcə Prezidentin Ramazan təbrikini onlara çatdırdıq. Daha sonra dindarlarla ölkəmizdəki dini durum, din-dövlət münasibətləri, tolerantlığın və multikulturalizmin Azərbaycan modeli haqqında fikir mübadiləsi apardıq. Onları maraqlandıran məsələlərə aydınlıq gətirdik. Bu işdə mənə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regionlar üzrə şöbə müdirlərinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin böyük köməyi oldu. Eyni zamanda, hər bir rayon və şəhərdə icra strukturlarının da fəaliyyətini xüsusi qeyd etmək olar. Sevindirici hal ondan ibarət idi ki, dini məzhəbindən asılı olmayaraq hər bir dindar dövlətə və dövlətçiliyə xidmət naminə bir olduqlarını söyləyirdilər. Bu görüşdə Gəncədə fəaliyyət göstərən və axundları xanımlar olan qadın məscidinin axund və icma üzvləri iştirak edirdilər. Onların da dinə və dövlətçiliyimizə münasibəti olduqca səmimi və birmənalı idi. Qadın axundlar ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə görüşlərini sevinclə xatırladılar, birinci xanımın gördüyü xeyirxah işlərdən ürək dolusu söhbət açdılar, razılıq etdilər.
Mən Gəncədə olarkən tarixi Şah Abbas məscidini və Rus Pravoslav Kilsəsini də ziyarət etdim, dindarlarla görüşdüm. Rus Pravoslav Kilsəsinin baş keşişi Varfolomey Ata, həmçinin Gəncə şəhər Yəhudi Dini İcmasının sədri Arif Babayev bizimlə birgə İmamzadədə tədbirdə iştirak etdi, həmçinin onlar İmamzadədə təşkil edilən bayram süfrəsində də bizimlə birlikdə oldular. Bu isə təkcə Azərbaycana xas olan unikal tolerantlıq mədəniyyətidir.
- Səfər çərçivəsində ön cəbhədə hərbi xidmət edən əsgər və zabitlərimizlə də görüşmüsünüz. Azərbaycan Ordusunun hazırki mənəvi durumu və əsgərlərimizin əhvalı ilə bağlı nə deyə bilərsiniz?
- Bayram günlərində düşmənlə üzbəüz mövqelərimizdə xidmət edən əsgərlərimizi görmək, onlarla bir süfrədə nahar etmək, düşməndən yenicə azad edilmiş torpaqlarımızdan düşmən mövqelərini müşahidə etmək unudulmaz və qürurverici idi. Səfər çərçivəsində 3 hərbi hissədə oldum. Əsgərlərlə və zabitlərlə görüşdüm, onlarla son dövr cəbhədə baş verən hadisələrin bütün xalqımızda yaratdığı yeni qalibiyyət ruhu və arzusu barədə söhbətlər etdik. Mərd, qorxmaz və cəsur əsgərlərimizin döyüş ruhu, Vətən məhəbbəti məni hədsiz qürurlandırdı. Onların sözünün əvvəli də, sonu da bu şəkildə bitirdi: “Torpaqlarımızı həmin an azad etmək üçün Ali baş Komandanın əmrini səbirsizliklə gözləyirik”.
Tapqaraqoyunlu kəndi istiqamətində qəhrəman tankçılarımızın və topçularımızın düşməndən təmizlədiyi doğma torpaqlarımıza qədəm basmaq, üçrəngli bayrağımızın o yerlərdə dalğalandığını görmək necə də xoş və qürurvericidir. Bu hissləri tezliklə Dağlıq Qarabağın müxtəlif yerlərinə qədəm basdığımızda da yaşayacağımıza əminəm. Cənab Ali Baş Komandanın siyasəti bizi tam qələbəyə doğru aparır.
- Alimlərimiz, ictimai xadimlərimiz ordumuza necə kömək olmalıdır?
- Biz peşəsindən, ictimai, siyasi mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq hamımız ordumuzun yanında olmalıyıq. Ordu xalqın dəstəyini, ziyalılarımızın onlarla olduğunu görəndə daha əzəmətli və qətiyyətli olur.
Bu gün ordu quruculuğu sayəsində ordunun nə ərzaq, nə geyim, nə də silah-sursat çatışmazlığı problemi yoxdur. Biz sadəcə öz qəlbimizlə, cismimizlə, ruhumuzla əsgərlərimizin yanında olmalıyıq. Gənc zabitlərimiz, əsgərlərimiz intellektual ünsiyyətə, tariximiz, mədəniyyətimiz, dinimizlə bağlı fikir mübadilələrinə bəzən mənəvi ehtiyac duyur. Bu istiqamətdə maraqlı layihələr həyata keçirməyi düşünürük. Onlara təkcə nəyisə öyrətmək yox, eyni zamanda, onlardan öyrənməyi də qarşıya məqsəd qoymalıyıq.
- Səfər əsnasında görüş keçirdiyiniz əsgər və zabitlərimizin sizdən hansısa istək və ya xahişləri oldumu?
- Əsgər və zabitlərimizin əsas xahişləri də elə bu oldu. Hərbi hissələrdə mütəmadi olaraq müxtəlif mövzularda, əsasən də tariximizlə, mədəniyyətimizlə, bu günümüzlə bağlı “dəyirmi masa”lar, elmi müzakirələr, dinləmələr keçirilsin. Müzakirələr elə bir rejimdə keçirilsin ki, əsgər və zabitlər də müzakirələrə qoşulub fəal iştirak edə bilsinlər. Hərbi hissələrimizdə dövlətçiliyimiz, vətənpərvərlik tərbiyəsi, tariximiz, ədəbiyyatımız və başqa mövzularda konfransların, tədbirlərin keçirilməsi üçün çox gözəl şərait var. Dediyim kimi, bu təklifləri yaxın vaxtda dəyərləndirməyi düşünürük.
- Kamal müəllim, bu səfər yeni layihə və proqramların icrasına başlamaq üçün rəhbərlik etdiyiniz Xidmətin qarşısına hansı yeni vəzifələr qoydu?
- İnsanlarla ünsiyyət, onları dinləmək həmişə yeni ideyaların ortaya çıxmasına yol açır, yeni layihələrə başlanğıc verir. Məscidləri ziyarət etdikdə orada yaradılmaqda olan məscid kitabxanalarının daha da zənginləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Milli Kitabxana, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədə birgə fəaliyyət göstərməsi üçün yeni layihələrə başlayacağımızı düşünürəm. Həmçinin müxtəlif bölgələrdən olan din xadimlərimizin bir-biri ilə görüşlərinin təşkili, hansısa sosial, mənəvi məsələ ilə bağlı onların fikir mübadiləsi aparması üçün imkanların yaradılması da yeni ideyalardandır.
Həmçinin hərbi hissələrimizdə ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, alimlərimizlə əsgər və zabitlərimizin “dəyirmi masa”, konfrans formatında görüşlərinin təşkili də yeni ünsiyyət forması sayıla bilər. Bu istiqamətlərdə işlərimizi daha intensiv şəkildə davam etdirəcəyik.
MilliYol.Az
Digər xəbərlər
loading...